Müdrik xalqımızın hər şeyə münasibət bildirmək ehtirasını heç vaxt anlaya bilməmişəm. Müdriklər adətən təmkinli olurlar axı. Bizə müxtəlif suallarla bağlı müraciət edən jurnalist dostlarıma da çox vaxt deyirəm bunu. Niyə biz hər şeyə fikir bildirməliyik? Yox, mən başa düşürəm. İctimai mövqe, ictimai qınaq, ictimai dəstək çox yaxşı formulalardı. Ancaq kiçik bir nüans var ki, məsələnin mahiyyətini alt-üst edir.
Bütün yazılarını oxuduğum filosof Ağalar Məmmədov belə bir möhtəşəm fikir yazmışdı. Biz istənilən məsələyə insan kimi yox, azərbaycanlı kimi yanaşırıq. İnsanlıq halından baxanda bu normaldımı, deyilmi kimi bir yorumlama yoxdu, milli mənəvi (?) gözlərlə baxırlar. Azərbaycanda insanlıq yox, mentallıq önəmlidi. Bu fəlakətdi. İstənilən hadisəyə insanlıq açısından baxanda ayrı, mentallıq açısından baxanda ayrı effekt verir, inanın. Yoxlaya bilərsiz. Sözsüz ki, hamı fakta, olaya mental yanaşmır. Məsələn, xəstə insanlara, təhsil haqqını ödəyə bilməyənlərə dəstək aksiyalarına qoşulanlar insan kimi davranırlar. Azərbaycanlı kimi yanaşsalar gərək, heç qoşulmayalar. “Mənə nə, hər kəsin bir taleyi var, yazıya pozu yoxdu” kimi el misallarına bürünüb yaxın getməsinlər.
Bir video izlədim. Müxbirlər eksperiment aparıblar. Biri ABŞ, biri Rusiyada küçənin ortasında yerə yıxılıb və operator ətrafdakıların reaksiyasını çəkib. Rusiyada hər kəs yıxılanın yanından sakitcə keçir. Kimsə yaxınlaşıb kömək əlini uzatmır, narahat olmur. Yarım saatdan sonra bir qız yaxınlaşır və bu yeganə köməkçi olur. ABŞ da oğlan yerə əyilən kimi adamlar tez gəlirlər görsünlər ona nə oldu. Bir on kadr göstərdilər. Hər dəfə mütləq kimsə əl uzadıb qaldırır, halını xəbər alır.
Bakı şəhərində bir oğlan bir qızı küçədə öpüb. Və bu mənzərənin fotosu mediada, sosial şəbəkələrdə yayılıb. İnsanlıq halı kimi qəbul edib bəyənənlərlə yanaşı, özünün mentallıq halıyla “ayıbdı” , “mən belə şeylərə qarşıyam” kimi yorumlar yazanlar da oldu. Ən sirli və cavabsız məqam da budu ki, belə düşüncə sərgiləyənlərin çoxu qadındı. Uşaqlıqdan “ağ atlı oğlan” arzusu ilə yaşayan bir varlıq necə hamının gözü önündə sevdiyini öpüb ona evlilik təklif edən gənci tənqid edə bilər? Ancaq küçədə yazıq-yazıq dayanan, çarəsiz, kimsəsiz adamların, o videodakı kimi yıxılanların yanından elə rahatlıqla ötürük ki… Heç ayaq saxlayıb “mən belə şeylərə qarşıyam” düşünmürük də. Yalançı həşirdi. Bütün qadınlar istəyir ki, sevdiyi kişi onu hamının içində öpməkdən utanmasın. Kimə bu jest olunsa ciddi sifət alıb o anda sevgilisinə əxlaq dərsi keçməz. Bir anlıq təsəvvür etdim ki, “belə şeylərə” qarşı çıxan qadını sevgilisi, əri – fərqi yoxdu, hamının içində öpür və o da adamı itələyib mental öyüdlər verir. Şakası belə qadını gülməli edir. Hikkənizi, nifrətinizi, qısqanclığınızı, ailənizdən, sevdiyinizdən, cəmiyyətdən aldığınız travmaları bir tərəfə qoyun və diqqətlə baxın bu şəklə.
Biz bu cür mənzərələri açıqcalarda, kino kadrlarında, reklam çarxlarında görüb həmişə bəyənməmişik? Siz ömrünüz boyu belə bir səhnəni xəyal etməmisiz? Dünyanın tən ortasında öpüşləri, mutluluqları ilə ətrafa sevgi saçan bu cütlük təbiətin gözəlliyini bir az da artırmır? Çox yuxarıdan baxmağa çalışın – ucalardan. Bir tərəfdə təbiətin Günəşi, səması, ağacları, quşları fonunda insan azadlığı, sevgini bütün dünyaya car çəkə bilmə cəsarəti, rahatlığı, sıxılmadan, səni, məni düşünmədən ONU bağrına basması, digər tərəfdə terror, ölüm, kəsilən başlar. Hansı daha yaxşıdı? Sizcə Tanrı hansını bəyənər? Biz başlatmışıq bu aksiyanı. Sonunacan da bu aksiyaya qoşulan hər kəsi dəstəkləyəcəyik, insanları sevgiyə səsləyən hər kəsin yanında olacağıq. Yeni dünyanın şüarı yalnız budu: Sevgi, sevgi, sevgi! Hə, bir də, küçədə döyülən bir adamı qorumağa, müdafiə etməyə cəsarətiniz çatmırsa, niyə öpüşürlər, nöşün sevirlər deyib, o uzun burnunuzu adamların özəl həyatına soxmasaz daha abırlı görünərsiz…