Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan inauqurasiya mərasimində Ermənistan prezidenti Serj Sərkisyanı da görmək istəyirmiş. Artıq Ermənistana göndərilən dəvətə işğalçı ölkədən reaksiya da verilib. Sərkisyan özünü ağır aparıb, deyib tədbirdə ölkəsi xarici işlər naziri səviyyəsində təmsil olunacaq.
Növbəti dəfə Azərbaycanı üzən, Sürix protokollarına, futbol diplomatiyasına bənzər hadisə baş verdi. Yenə də əsas ssenari cənab Ərdoğana məxsusdur. Aprel ayında ermənilər qondarma “soyqırım”ın 99 illiyi münasibətilə vay-şivən qoparanda baş nazir postunu tutan hörmətli Rəcəb bəy ermənilərin nəvələrinə başsağlığı vermişdi. Bunun qarşılığı nə oldu? Bəlkə ermənilər bu jesti qiymətləndirdilər? Olmadı belə şey. Əksinə, erməni tərəfi, diaspora 2015-ci ildə Türkiyəni zəif salacaq layihələr hazırlamaqdadır. Məgər cənab Ərdoğan bu reallığı bilmir?
Vaxtilə Türkiyənin sabiq prezidenti Abdulla Gül futbol diplomatiyası çərçivəsində İrəvana getdi, Sərkisyanla birgə futbola baxdı, qonşuluqdan danışdılar, qarşılıqlı səfər oldu. Bəs əvəzində nə baş verdi? Sərkisyan erməni gəncliyinə müraciətlə “Artsax məsələsini biz həll etdik, Ağrının taleyini sizə tapşırırıq” vəsiyyətini elədi. Bunu konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası əksini tapan, türk torpaqlarının bir hissəsini Ermənistana birləşdirməyi vacib sayan bir ölkənin rəhbəri dedi.
Gərək, Türkiyə kimi qos-qoca bir ölkənin rəhbəri cırtdan Ermənistanın terrorçu rəhbərinin dilini yerindən qoparaydı bu təcavüzə çağırdığına görə. Amma əvəzində cənab Ərdoğan terrorçunu öz inauqurasiya mərasiminə çağırtdırır. Bunu bəlkə də Gül etsəydi, boş vermək olardı. Söhbət ilk dəfə xalqın ümumi səsverməsi nəticəsində seçilən 12-ci prezidentdən gedir.
Amma yox, sərhədlərin açılması layihəsi işə salınanda Azərbaycan və Türkiyədə xalqın etiraz səsinin ucalması onu deməyə əsas verir ki, türk xalqı işğalçı Ermənistanla barışmaq niyyətində deyil. Ən azı Qarabağ torpaqları azad olunanadək.
Belə çıxır, cənab Ərdoğanın prezident seçildikdən sonrakı balkon çıxışında bir sıra məsələlərə toxunduğu halda Qarabağı unutması da təsadüf deyilmiş. Deməli, prezidentlik dönəmində Qarabağın erməni işğalından azad olunması məsələsi onun prioritetləri sırasına aid olmayacaq. Əgər belə olmasaydı, heç olmasa Qarabağda bugünlərdə şəhid olan, hələ torpağı soyumayan Azərbaycan şəhidlərini xatırlayıb Sərkisyanın adının üstündən qara xətt çəkərdi. O Sərkisyan ki, əlləri türk qanına bulaşıb. Məgər cənab Ərdoğan bunu da bilmir?
Türkiyə prezidenti hazırda öz ölkəsində müalicə olunan azərbaycanlı hərbçiləri də göz önünə gətirməliydi. 18-19 yaşlı bu əsgərlərin biri hər iki ayağından məhrum olub, digəri gözünü itirib. Bu, Sərkisyanın diversiya-kəşfiyyat qrupunun Azərbaycan torpaqlarına xain basqını zamanı baş verib. Buna görə Sərkisyanın türkə nifrətlə baxan gözlərini oyub qaratikanlığa buraxmaq lazımdır, nəinki şərəf verib ali tədbirə çağırmaq!
***
Bu gün Azərbaycanın iki vətəndaşı Sərkisyanın girovluğundadır – Dilqəm Əsgərov və Şahbaz Quliyev. Onlar doğma Kəlbəcəri, Azərbaycanın bir parçası olan yurdlarını ziyarət edəndə erməni terrorçuları tərəfindən ələ keçirilib. Cənab Ərdoğan nədən bu faktı heç zaman dilə gətirməyib? Axı ən azı söhbət Kəlbəcərdən gedir. Türkiyə hökuməti hər zaman bəyan edir ki, sərhədlər Ermənistanın üzünə məhz Kəlbəcərin işğalından sonra qapadılıb. Məntiqlə Kəlbəcərə gedən kəlbəcərlilərin girov götürülməsi, bir azərbaycanlının (Həsən Həsənovun) qətli və indiyədək meyitindən də intiqam alınması həm də Türkiyəyə meydan oxumaqdır.
Cənab Ərdoğan qardaş Türkiyənin əsas söz sahibidir və istəməzdik ki, Türkiyə adına bizi üzəcək belə hallar olsun. Hələ gec deyil, erməninin qarşısında türk dünyasını zəif düşürəcək, Azərbaycanı üzəcək, Qarabağ şəhidlərinin ruhunu incidəcək addımlardan çəkinmək lazımdır.
Son günlərdə bir daha şahid olduq ki, həm Amerika, həm Fransa, həm də Rusiya ölən erməni diversant məsələsində Ermənistanın yanında yer aldı. Bizim güvənc yerimiz olan Türkiyədən isə meyiti Dağlıq Qarabağda qalan, işgəncələr altında saxlanılan daha iki girov vətəndaşımızla bağlı mövqe ummağa, Ermənistana basqı tədbirləri gözləməyə tam haqqımız çatır.
Rəcəb Tayyib Ərdoğan Bakıya sentyabrın 3-də gələcək, Ermənistanın da yer aldığı 28 avqust inauqurasiyasından sonra. Birbaşa təmas imkanı olsaydı, “sayın Ərdoğan, şunu yapma” deyərdim. Amma yəqin ki, gecdir, Sərkisyanın emissarları artıq yol üstədir…