Türkiyənin TRT televiziyası ilə Rəcəb Tayyib Ərdoğan barədə bir veriliş verirdilər, aləm şey idi. Televiziya da tanış gəldi, verilişin formatı da, kadr arxasından səsi gələn aparıcının təhkiyəsi də, bir sözlə, hər şey.
Sanki əvvəllər belə verilişlərə çox baxmışdım. Bəli, eləydi. Sadəcə, bu, Ərdoğan barədə ilk belə veriliş idi. Bundan əvvəl isə o cür veriliş başqa siyasi xadimlər haqqında yaradılıb və təkrar-təkrar efirə verilib, biz də oturub hiddətlənə-hiddətlənə tamaşa etmişik.
Bir vaxtlar sevə-sevə baxdığımız TRT bizim Az.TV-yə (1993-cü ilin payızındakı variantına) dönüb, daha betər olub. Vaxt vardı, bu kanal baş nazir Rəcəb Tayyib Ərdoğanın hər ayın sonuncu cümə günü “Ulusa səsləniş”ini yayımladıqdan sonra aparıcı verilişə belə bir P.S. verirdi ki, filan qanunun filan maddəsinə görə TRT baş nazirin xalqa müraciətini yaymaq zorundadır.
Bu, o demək idi ki, Türkiyənin ictimai televiziyası siyasi qüvvələr arasında ayrı-seçkilik eləmir, bu işi qanunlar əsasında görür.
İndi həmin TRT qanunlara-filana məhəl qoymadan Ərdoğanın təbliğat ruporuna çevrilib. Hətta prezident seçkiləri zamanı barıtı o qədər çox qoyurdu ki, axırda Ərdoğanın alternativləri dilə gəldilər, dedilər, bu qədər də birtərəfli yayın yapmaq olmaz, yahu…
Ancaq təbii ki, belə yayınlar bizi, türkün sözü, heyrətləndirməz, biz kəndi ölkəmizdə nə yayınlar, nə təbliğatlar, nə reklamlar, nə piarlar görmüşük. Hələ sayın Kılıçdaroğlu və sayın Bahçeli şükür etsinlər ki, TRT onların şəklinin başını ekranda qara dairəyə alıb, “İhanət”, “Kara yara”, “Arkadan darbe” kimi verilişlərində cürbəcür iftiralara məruz qoymur, camaata “xalq düşməni” kimi təqdim etmir.
Amma bu gedişlə o da olacaq. Əgər türkiyəli televizyonçu arkadaşlar bu konuda sıkıntı içinə girsələr, biz onlara uyğun kadrlar transfer edə bilərik. Allahdan, ölkəmizdə səriştəli və işsiz televizyonçu kadrlar var. Onlar əvvəllər belə verilişləri çox çəkiblər, təcrübəlidirlər. “Bir millət, iki dövlət” proqramı çərçivəsində yardım edə bilərlər.
Hərçənd TRT-nin özünün çəkdiyi veriliş də pis deyildi. İş elə gətirdi ki, mən o verilişin Ərdoğanın siyasi baxımdan yanlış hesab edilən bir şeir parçasını oxumaq üstündə həbsə alınmasından söhbət açılan yerinə baxdım.
Tam səmimisini deyirəm, bu saat ölkəmizdə yüzlərlə siyasi fəala da türmədə o cür şərait yaradılsa, həbsə razı olmayan, “repressiyaya məruz qalmışam” deyə Avropa institutlarına şikayət edən biri də bayırda qalmaz, hamısı ərizə yazıb, içəri girər və heç biri ildə dörd dəfə əfv gözləməz.
Siz təsəvvür edin, Ərdoğanın həbsə girməsi vacib olandan sonra prokuror ona pansionata oxşayan bir türmə təşkil edib. Bunu prezident özü etiraf etdi, dedi, məsləhətləşdik ki, elə yer olsun, adam çox olmasın. Gələcək prezident türmədəki ofisinə yollanmazdan üç gün qabaq adyutantı dustaq olaraq (bunu da təşkil ediblər) həmin məhbəsə gəlib, qapının açarını, kilidini, hər şeyini dəyişdirib. Hətta o, elə edib ki, bayır tərəfdən heç kəs koğuşun qapısının üzərindəki balaca nəfəsliyi aça bilməsin. Guya ki, kimsə o nəfəsliyi açıb sayın Ərdoğana güllə ata bilərmiş. Altı-yeddi nəfər üçün nəzərdə tutulmuş koğuş iki nəfərin yaşaması üçün düzəldilib. Qonşu kameraların damından belə Ərdoğanın ofisinə yaxın düşmək mümkün deyilmiş, adyutant hər şeyi düzüb qoşub.
Bu haqq-hesabların hamısını ya Ərdoğan, ya da həmin yavərin (adı, deyəsən, Hüseyn idi) özü danışırdı. Sonra da həmin koğuşda çəkilmiş şəkilləri göstərdilər. Fotolardan görünürdü ki, gələcək siyasi xadim şıq geyimdə indiki kreslosundan sadə olmayan bir kresloda yazı masasının arxasında oturub qonaq qəbul edir.
Belə türmədə yatmağa, cəza çəkməyə nə var, arkadaş? Camaat bu tərəfdə oxumağa “Yeni Azərbaycan” və “Səs”dən başqa qəzet ala bilmir, yanına yalnız ən yaxın adamları buraxırlar, üstəlik, içəridə yavərləri də yoxdur, yemək-içmək, təmizlik işlərinə baxsınlar
Adam altı ay türmədə yatıb, budur, 12 ildir təbliğatçılar Türkiyə xalqının başını keçəl eləyib, 27 il türmədə yatan Nelson Mandelanın hadisəsi bunların rəhbərinin iztirabı yanında heç nədir.
Xüləs, hər kəs 6 ay məhbəsdə yatdıqdan sonra 20 il padşah olmaq istəyər. Amma belə taleh quşu hər kəsin başına qonarmı?