Nə qədər çabalasalar da, xeyri yoxdur. Gürcüstanda tutulan, Azərbaycandan keçirildiyi əsla şübhə doğurmayan 2970 kilo maye heroin o qədər böyük narkotik partiyasıdır ki, bunu ört-basdır eləmək mümkün deyil.
Əlbəttə, bu narkotik partiyası Azərbaycanda tutulsaydı da ört-basdır edilməzdi, amma bu o zaman baş verə bilərdi ki, mal azərbaycanlı narkobaronlardan birinə məxsus olmasın və ya onun ölkədən-ölkəyə tranzitində azərbaycanlı məmurlar rol oynamasın.
Fakt isə göz önündədir: “Əsrin tranziti” adlandırıla biləcək narkotik partiyası Azərbaycanda iki gömrük-keçid məntəqəsindən keçib (birindən daxil olub, o birindən çıxarılıb), başqa ölkədə tutulubsa, bu, avtomatik o anlama gəlir ki, yüksək rütbəli və vəzifəli gömrük məmurlarının burada ciddi rolu var.
Əslində, malın azərbaycanlı narkobarona məxsus olması üzərində də ciddi şübhələr var, amma hələ gömrükdə törədilmiş cinayəti (bu boyda səhlənkarlıq ola bilməz) bir kimsənin boynuna qoymaq olmursa, narkobarona heç yaxın getmək mümkün deyil. Bundan ötrü regionda beynəlxalq istintaq qrupu fəaliyyət göstərməlidir.
İndi xəbərlər gəlib ki, Astara gömrük-keçid məntəqəsində bir qrup gömrükçünü postlarından götürüblər. Guya ki, 2970 kiloqram heroinin ölkəyə daxil olmasına görə onlar səhlənkarlıq ediblər və bu səbəbdən cəzalandırılıblar.
Belə şey ola bilməz. Adi, sıravi gömrükçülər bu böyüklükdə narkotik partiyasının ölkəyə daxil olmasından heç vaxt xəbərsiz ola və bu qədər mal üçün məsuliyyəti öz üzərilərinə götürə bilməzlər. Çünki hər girişin bir çıxışı da var. Bu mal ölkəyə girəndə tutulmadısa, çıxanda tutula bilər. Astara gömrükçüləri bunu bilməyə bilməzdilər.
Demək, bütün bu əməliyyat Astara və Qazax gömrük-keçid məntəqəsinə eyni dərəcədə nüfuzu işləyən bir və ya bir neçə adamın iradəsi ilə baş verib.
Amma baxaq, görək, Gürcüstan sərhədindəki gömrük-keçid məntəqəsinin adını çəkən varmı? Yoxdur. Onlar daha çox yerli camaata zülm etdiklərinə görə tanınırlar. Burada “Nehrəmli Kənan” adıyla tanınan gömrük zabitinin başçılığı altında fəaliyyət göstərən gömrükçülər sərhədyanı rayonlarda yaşayan insanların sərhədin bu tayına bir kanistr gürcü çaxırı keçirməsini əngəlləyirlər, amma yüzlərlə kanistrə doldurulmuş maye heroini görmürlər?
Buna kimi inandırmaq olar? Təbii ki, heç kimi. Nağıl danışmağın, əfsanə uydurmağın xeyri yoxdur.
Bu baxımdan əgər Astaradakı gömrükçülər məhz bu heroin partiyasına görə işdən qovulublarsa, Qazaxdakı gömrükçülər də ən azı işdən qovulmalıydı. Düzünə qalsa, onların hamısı kütləvi şəkildə həbs edilərək, istintaqa cəlb edilməli idi.
Bundan daha ötəsi də var. Bu kimi halların baş verdiyi təqdirdə istənilən demokratik dövlətdə, qanunların aliliyinə riayət olunan ölkədə başda gömrük naziri olmaqla bütün gömrük yetkililəri istefaya göndərilməli və nazirlik (komitə) yenidən formalaşdırılardı. Qalmaqalın, biabırçılığın miqyası bu dərəcədə böyükdür. Söhbət dünyanın ən qətiyyətli şəkildə mühakimə etdiyi böyük bir cinayətdən gedir.
Bunun əvəzində 4-5 sıravi gömrükçünü cəzalandırmaqla qalmaqalı yat-yut eləmək mümkün deyil.
Bundan başqa, 3 tona yaxın narkotik maddənin ələ keçirilməsindən sonra xüsusilə də Astara gömrük-keçid məntəqəsində insanların üzərindən 5-6, bəzən isə 50-100 narkotik maddə tapmağı intensivləşdirilib. Gömrükçülər bu yolla sübut etmək istəyirlər ki, guya postlarında çox ayıq-sayıqdırlar. Amma bu kimi faktların özü də onların əleyhinə yönəlir. İnsanlarda haqlı olaraq sual yaranır ki, 3 qram həşişi qaçaqmalçının anus dəliyindən tapıb çıxara bilirsiniz, bəs 3 ton heroini necə buraxmısınız.
Bir sözlə, gömrükdə mühüm islahatlar aparmağın vaxtı çoxdan çatıb, hətta xeyli ötüb, ləngiyib. Nəhayət, bu dövlət qurumunda bir kənddə doğulan yüzlərlə insanın işləməsi faktına da son qoyulmalıdır, gömrük-keçid məntəqələrinin narkotik vasitələrin daşınması yolunda atdəyişmə duracağı rolu oynamasına da. Gömrük mafiyası dağıdılmalıdır.