Azərbaycana onun geosiyasi və geostrateji mövqeyindən doğan təhlükələr bütün ciddiliyini saxlamaqda və hətta günbəgün böyüməkdədir. Bu təhlükələr haqlı olaraq əsasən Rusiya, daha doğrusu, Putinin Avrasiya projeləri ilə əlaqələndirilir. Bir sıra yerli və əcnəbi analitiklərə görə, Ukraynadan sonra növbə mütləq Azərbaycana çatacaq.
Rusiyanın beynəlxalq rəyə və üzləşdiyi ağır iqtisadi-maliyyə sanksiyalarına məhəl qoymadan suveren Ukraynaya qarşı açıq hərbi müdaxiləyə hazırlaşması, əslində hərbi mövcudluq baxımından çoxdan bu ölkənin içində (şərqində) qərar tutması sövq-təbii başqa postsovet ölkələrini də qayğılandırır. Çünki məntiqlə qonşuluqda yanğındısa, gərəkdir ki, sən öz təhlükəsizliyin qeydinə daha ciddi qalasan.
Azərbaycan isə Ukraynaya coğrafi baxımdan yaxın olmasa da, tale və geosiyasi gözləntilər baxımından ona bəlkə də ən doğma, virtual qonşu dövlətdir. Məhz bu səbəbdən əksər təhlilçilər Ukrayna məsələsindən sonra Kremlin məhz Azərbaycanla “məşğul olacağını” təxmin edirlər.
Bu təhlükənin təzahürləri indi həm də Azərbaycanda “5-ci kolon”un parlaq nümayəndələrinin fəallaşmasında özünü göstərməkdədir. Bakıda oturan rusiyayanlı politoloq, odioz və latent (gizli) rusiyapərəstlərdən sayılan Rasim Ağayevin neçə gündür ünlü politoloq Vəfa Quluzadənin ünvanına ağzına gələni danışması, onu publik şəkildə hədəf alıb təhqir eləməsi və ictimaiyyətin gözündən salmağa çalışması müşahidəmizə şəkk-şübhə saxlamır.
Sinəsi “Georgiyev lentli” qospodin Rasim Ağayevin söylədiklərinin qayəsi də budur ki, Rusiya əsla deyildiyi qədər qonşular və dünya üçün qorxulu ölkə deyil və guya Quluzadə Rusiyaya, Putinə şər-böhtan atır. Kremlin beynəlxalq hüquqa tüpürərək Ukraynanın başına gətirdiyi bu boyda həngamədən sonra da belə cəfəngiyatı dilə gətirmək yalnız Azərbaycanın müstəqilliyinə xor baxanların, ümumiyyətlə, qeyri-azad insanların işi ola bilər.
Biz hələ Moskvada oturan Abbas Abbasov başqa odiozları demirik. Fəqət, razılaşaq ki, Azərbaycan üçün ən təhlükəli rusbaşlar burada, Azərbaycanda, içimizdə gizlənən, “daş altda” yatan “5-ci kolon”çulardır. Heç şübhəsiz, Rasim Ağayevin hədəfi təkcə Vəfa Quluzadə deyil, onun timsalında Azərbaycanın müstəqilliyini və suverenliyini uca tutan gerçək vətənpərvər kəsim, milli-demokratik düşərgədir.
Ancaq əgər hakimiyyətin belə vəziyyətdə ifrat ehtiyatlı davranışı anlaşılırsa, Azərbaycandakı sağ mərkəzçi qüvvələrin – “sağ sektor”un bu xüsusda susqunluğu başa düşülmür. Axı, Rusiya təhlükəsi yalnızca Azərbaycanın demokratik gələcəyinə qarşı yönəlməyib, ümumən Azərbaycanın bir dövlət olaraq varlığı əleyhinə, dünya xəritəsindən silinməsinə hesablanıb. Başqa bir ünlü politoloq Zəfər Quliyevin təbirincə desək, müstəqillik itirildikdən sonra demokratiya və insan haqları uğrunda mübarizə aparmağa dəyərmi?..
* * *
Belə acı perspektivi önləmək insafən, təkcə demokratik müxalifət qüvvələrinin də işi deyil. Həm də hələ də xarici siyasət vektorunu dəqiqləşdirməmiş hakimiyyətin və bütövlükdə cəmiyyətin vəzifəsidir. Bu vəzifə öncəliklə içimizdəki “5-ci kolon”çuları faş eləmək zərurəti yaradır.
Sosial şəbəkələrdə, KİV-lərdə, hər yerdə onları, “qırmızı papaqlıları” tanımaq zamanı çatıb. Onları tanımaq bir elə çətin də deyil. Azərbaycanın müstəqilliyindən dolayı pessimist fikirlər yaymaları, Qarabağ probleminin ədalətli həllini sadəlövhcəsinə hələ də Rusiyaya bağlamalarına diqqət eləmək yetər.
Və diqqət yetirək. Yoxsa sonra gec olacaq. Hələlik onlar azlıqdadır. Çoxluq olmağa qoymayaq. Fiziki anlamda yox, ideoloji anlamda təbii ki.