Qalmaqallı və ekstravaqant azərbaycanlı oliqarx, “Hafka” ləqəbi ilə tanınan, hazırda müflis vəziyyətə düşən Hafiz Məmmədova Fransadan ultimatum gəlib.
Virtualaz.org saytı Fransa mənbələrinə istinadən xəbər verir ki, əgər o, sentyabrın 1-nə keçən gecəyə qədər, yəni növbəti bir sutka ərzində “Lans” klubunun hesabına 4 milyon avro köçürməsə, kluba futbolçu transferi qadağan ediləcək. Bu halda klubun prezidenti Jerve Martelin “Hafka” ilə münasibətləri kəsib onun barəsində fırıldaqçılıq ittihamı ilə məhkəməyə müraciət etməsi gözlənilir.
Xəbər verildiyi kimi, ötən il “Lans”ın nəzarət səhm paketini 20 milyon avroya alan “Hafka” bu il müflis olaraq klubun büdcəsinə pul verə bilməyib. Baxmayaraq ki, o, may ayında Parisdə təntənəli şəkildə “Lans”ın bu mövsüm üçün büdcəsinə 17 milyon avro pul ayıracağına dair rəsmi sənədi imzalamışdı.
Martel və “Hafka”
Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) bu pulun azı 10 milyon avrosunun mövsümün başlamasına qədər transferini tələb edib, ancaq pullar vaxtında köçürülmədiyinə görə “Lans”ın yüksək liqada oynamasına qadağa qoyulub. Nəhayət, J.Martel klubun büdcəsinə yenidən baxandan sonra “Lans”a yüksək liqada oynamağa icazə verildi. İndi isə “Lans”ın oyunçu transferi hüququ əldə etməsi üçün azı 4 milyon avro lazımdır.
“Hafka” bu pulu verə bilmədiyi üçün J.Martel Azərbaycan dövləti ilə birbaşa danışıqlara başlamışdı və 4 milyon avro istəyirdi. O, hesab edirdi ki, “Lans”ın oyunçuları “Land of Fire Azerbaijan” sözləri yazılmış köynəklərlə oyuna çıxdığı və Azərabaycanı təbliğ etdiyi üçün dövlət “Hafka”nın əvəzindən bu pulu verə bilər.
Lakin belə görünür ki, Azərbaycan dövləti müflis olmuş və gözdən düşmüş “Hafka”nın yerinə 4 milyon ödəməyə hazırlaşmır. Ona görə də sentyabrın 1-nə keçən gecəyə qədər 4 milyon avro “Lans”ın hesabına oturmasa, kluba oyunçu transferi qadağan ediləcək.
Klubun məşqçisi Antuan Komburace bildirib ki, onlar “Hafka” ilə davamlı olaraq əlaqə saxlayırlar və klubun majoritar səhmdarı pulu tapıb göndərəcəyinə hələ də inandırmağa çalışır. Ancaq indi ona inanan yoxdur.
“Lans” tərəfdarları sosial şəbəkələrdə “Hafka”ya qarşı kampaniyaya başlayıblar və ondan klubu bu vəziyyətə saldığı üçün cavab verməsini istəyirlər. Bəzi məlumatlara görə, “Lans” bu mövsümün sonunda müflis olduğunu elan edəcək.
“Hafka”nın İngiltərədə almaq istədiyi “Sheffield Wednesday” klubunun sahibi Milan Mandariç də artıq “Hafka”ya inanmır. Britaniya mətbuatının yazdığına görə, Mandariç deyib ki, azərbaycanlı biznesmenin klubun səhmlərinin 100 faizini almaq üçün vəd etdiyi pulu hələ tapa bilməyib və bu baxımdan klubun səhmləri üçün başqa alıcı axtarırlar.
Milan Mandariç
“Əgər yaxın günlərdə Hafiz Məmmədov problemini həll edə bilsə, biz sövdələşməni başa çatdıra bilərik, əks halda başqa alıcı axtarmalı olacağıq” – deyə M.Mandariç bildirib.
“Hafka” ingilis klubunu almaq üçün 50 milyon avro vəd etmişdi.
Virtualaz.org