Ermənistan prezidenti Serj Sərkisyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 2-də Azərbaycan ərazisinə – işğal olunmuş Dağlıq Qarabağa səfər edəcək. Çağırılmamış “qonağın” səfərində məqsəd qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin 23-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etməkdir. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində nazirlər və diaspor erməniləri də olacaq. Məlumatda qeyd olunur ki, sentyabrın 2-də Xankəndidə separatçıların hərbi paradı və Şuşa şəhərində Geoloji Muzeyin açılışı nəzərdə tutulub.
Bundan bir gün öncə – sentyabrın 1-də Qarabağa Ermənistan parlamentinin bütün fraksiyalarını təmsil edən deputat qrupu səfər edəcək.
Xatırladaq ki, 1991-ci il sentyabrın 2-də Qarabağ separatçıları Azərbaycandan ayrıldıqlarını, qanunsuz olaraq öz müstəqilliklərini elan ediblər.