Dünyada “Ebola” təhlükəsi davam edir. Afrikanın daha bir ölkəsində – Seneqalda da bu virusa yoluxma halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, “Ebola” virusuna yoluxanların sayı 3069 nəfərə çatıb, 1500-dən çox insan isə dünyasını dəyişib. Bu virusla bağlı ölüm göstəricisi 90 faiz təşkil edir.
ÜST “Ebola”nın yayılması ilə bağlı qorxunc proqnozlar səsləndirib. Təşkilatın mütəxəssislərinin fikrincə, bu xəstəliyə yaxın zamanda 20 mindən artıq insan yoluxa bilər.
Qərbi Afrikada qeydə alınmış bu epidemiyanın episentri hazırda qonşu ölkələr olan Qvineya, Syera Leon və Liberiya sayılır.
Dünya alimlərinin fikrincə, səhiyyə orqanları bu virusun qarşısını vaxtında ala bilməsələr, uzun illər onunla mübarizə aparmaq məcburiyyətində qalacaqlar.
Qərbi Afrikada “Ebola” virusuna qarşı vaksin axtaran elm adamlarından 5 nəfəri sözü gedən virusa yoluxaraq, dünyasını dəyişib. Vəziyyətin təhlükəli həddə çatması səbəbindən müxtəlif ölkələrdə fərqli tədbirlərə əl atılır.
Konqo Demokratik Xalq Respublikasında Senat üzvlərinə yollanan fərmanda “Ebola” virusunun yayılmasına mane olmaq məqsədilə “əl verib, görüşmək”dən imtina edilməsi tələb olunub.
Xatırladaq ki, “Ebola” adı verilən bu virus – tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün hazırda heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Xəstəliyin ağırlaşma mərhələsində insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.
Bu arada ABŞ-da “Ebola” virusuna qarşı vaksinin insanlar üzərindəki sınaqlarının ilk mərhələdə iki həftədən sonra keçirilməyə başlanacağı barədə məlumatlar yayılıb. Əvvəllər sınaqların ilin sonunda başlanması nəzərdə tutulurdu. Lakin yaranmış kəskin vəziyyətlə əlaqədar sınaqları sürətləndirmək qərara alınıb.
Öz növbəsində Azərbaycanda da bu virusun ölkəyə gəlməsinin qarşısını almaq üçün müxtəlif qurumlar tərəfindən tədbirlər görülür. Respublika Taun Əleyhinə Stansiyadan verilən məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən sərhəd keçid məntəqələrinə müvafiq tapşırıqlar verilib.
Taun Əleyhinə Stansiyanın Laboratoriya şöbəsinin müdiri Musa Cahanovun sözlərinə görə, “Ebola” virusu ilə bağlı Ağ Ciyər Xəstəlikləri İnstitutunda yer ayrılıb: “Sərhəd keçid məntəqələrində ölkəyə daxil olan şəxslərlə, xüsusilə Afrika ölkəsindən gələnlərlə sorğu aparılır, şübhəli bir hal aşkarlanarsa, müayinə olunur. Hələlik heç kimdə xəstəlik aşkarlanmayıb. Şübhəli bir hal olarsa, xüsusi qaydalara uyğun olaraq, həmin şəxslər Ağ Ciyər Xəstəlikləri İnstitutunda ayrılmış yerdə hospitallaşdırılır. “Qaynar xətt”ə də müraciətlər daxil olur. Hər bir zəng araşdırılır”.
Dərs ilinin başlaması ilə əlaqədar Afrikadan gələn tələbələrin müayinəsi məsələsinə gəlincə, Musa Cahanov deyir ki, Azərbaycanda Nigeriyadan olan tələbələr təhsil alır: “Bununla bağlı sərhəd keçid məntəqələrinə məlumat verilib, orada sanitar-karantin məntəqələri fəaliyyət göstərir. Onlar orada tibbi müayinədən keçəcəklər. Əgər hansısa əlamətlər aşkarlansa, dediyim kimi, Ağ Ciyər Xəstəlikləri İnstitutunda yerləşdiriləcəklər. Ancaq əgər aşkarlanmasa belə, həmin şəxslərin bütün koordinatları, oxuduğu təhsil müəssisəsi, ünvanı, telefonu götürülür və bu xəstəliyin gizlilik dövrü müddətində (bu 2 gündən 21 günə kimi davam edə bilər) nəzarətdə saxlanacaq. Bu müddətdə xəstəlik aşkar olunarsa, onlar xüsusi ayrılmış yerlərdə müalicəyə cəlb olunacaqlar. Müayinə isə Respublika Taun Əleyhinə Stansiyada həyata keçirilir”.
Musavat.com