Krallıq rejimi müdafiə etmək üçün şiələrə divan tutur
İnsan Haqları uğrunda mübarizə aparan təşkilatlar bəyan edib ki, Səudiyyə Ərəbistanında son üc həftədə hər gün bir nəfərə kəsilmiş ölüm cəzası icra olunub. Bu isə o deməkdir ki, beynəlxalq təzyiqlərə baxmayaraq, Səudiyyə krallığı ölüm hökmünün icrasını əvvəlki vaxtlara nisbətdə az qala iki dəfə artırıb.
Bu barədə “Al Jazeera” məlumat yayıb. Səudiyyədə ölüm hökmü bir qayda olaraq narkotik qaçaqmalıçılığı ilə məşğul olanlara, qatillərə və ərinə xəyanət edən qadınlara şamil olunurdu. Son illərdə isə bu siyahıya siyasi haqlar uğrunda mübarizə aparan şiələr də daxil edilib. Avqustun 18-də bir ailədən 4 nəfərin böyük miqdarda narkotik qaçaqmalçılığı etdiyi üçün boynu vurulub.
“Al Jazeera” qeyd edir ki, Səudiyyənin ədalət naziri etiraf edib ki, avqustun 4-ündən bu günə qədər 26 nəfərin boynu vurulub. “Amnesty International” kimi təşkilatlar da Səudiyyədə ölüm hökmlərinin icrasının kəskin şəkildə artmasına etiraz ediblər.
“Al Jazeera” xatırladır ki, 2011-ci ildə Yaxın Şərqdə qalxan kütləvi etirazlar Səudiyyə Ərəbistanından da yan keçməyib. Kral ailəsi rejimi daha da möhkəmləndirməkdən ötrü şiə üsyançılar haqqında ölüm hökmləri çıxarmağa başlayıb. Şiə din xadimi Nimir əl-Nimir həmin proseslər zamanı xalqı rejimə qarşı qaldırdığına görə onun haqqında da ölüm hökmü verilib. Sentyabrın 16-da onunla bağlı məhkəmə son qərarını çıxaracaq. Bu barədə Nimir əl-Nimirin qardaşı Twitter-də xəbər yayıb.
Televiziya xatırladır ki, Səudiyyə krallığında yaşayan əhalinin 15 faizi şiədir. Bu isə 2 milyon insan deməkdir.
Ümumiyyətlə, bu ilin əvvəlindən indiyə kimi Səudiyyə Ərəbistanında 82 nəfərə qarşı ölüm hökmü icra olunub. 2010-cu ildə isə cəmi 27 nəfər edam olunmuşdu.
Elbəyi Həsənli, Sürix