Bizim peşənin adamlarında bir ümumi minus var, məzuniyyətə çıxanda tam əksəriyyəti mediadan, xəbərlərdən aralı düşür, heç nə yazmır, oxumur (hətta kitab da), heç nə dinləmirlər. Görünür, normalı elə budur. Çünki onlar il on iki ay xəbərin içində qaynayırlar, bezirlər, ona görə əllərinə imkan düşəndə xəbərdən də, xəbərçilərdən də dincəlmək istəyirlər.
Ancaq məzuniyyət bir göz qırpımında bitir, adam işə qayıdıb gəlir və məlum olur ki, onun dünyadan xəbər tutmadığı günlərdə ölkədə, regionda, dünyada xeyli hadisə baş verib.
Məsələn, mən özüm dünən işə gəlmişəm, “bismillah” deyib işə başlamamış, məlum olur ki, dünya qoyub getdiyim kimi deyil, dəyişib. Düzdür, bu ilk baxışdan bəlkə gözə çarpmır, amma mətbuatdan bir həftə aralı qalan adam fərqi anlaya bilir. Sən Rusiyanı Ukraynaya gizli şəkildə təcavüz edən yerdə qoyub getmişdin, qayıdıb görürsən ki, bay, artıq hərbi təcavüz açıq xarakter alıb, heç kim də heç nəyi danmır. Hərçənd ABŞ başda olmaqla Qərb dünyası hələ də Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyindən danışır və istər-istəməz fikirləşirsən ki, görün, bunların ehtiyatda hələ nə qədər sanksiyası varmış, bir ucdan tətbiq edirlər, amma tükənmir.
Mən məzuniyyətə gedəndə İŞİD İraq və Suriyada baş kəsə-kəsə gedirdi, dönüklərin başını bir cür, kafirlərinkini başqa cür kəsirdilər. Qayıtmışam, bu xüsusda oxuduğum ilk xəbər budur ki, ABŞ-ın qırıcı təyyarələri İŞİD qüvvələrinə ağır zərbə vurub və onlar xeyli itkiyə məruz qalıb. Yenə adam fikirləşir ki, ey Sem dayı, sən ki İŞİD-in uşaqlarının xəncəri itilədiyini və baş kəsmək niyyətində olduğunu görürdün, ilk zərbəni onlar ilk başı kəsəndə vura bilməzdinmi, nədən kəsilmiş kəllələrdən qala qurulmasını gözlədin?
İndi gələk ölkəmizə. 10 gün əvvəl beləydi ki, jurnalistlər pis-yaxşı ordan-burdan tənqidi yazılar qələmə ala, müəyyən bostanlara daş ata bilirdilər. İndi ortada belə bir fakt var. Hökumət media kapitanlarını yığıb, xəbərdarlıq edib ki, daha bəsdir, özünüzü yığışdırın, ağlınıza gələni yazırsınız, gedin işinizdə dönüş yaradın, dünənki işinizə görə sağ olun, bugünkünə cavab verin, partiyamızın qərar və göstərişlərini əldə rəhbər tutun və sair və ilaxır.
İndi qalmışıq belə. Fikirləşirik ki, nə yazaq. (Gördüyünüz kimi, bu yazı özü də nədən yazmaq barədə götür-qoy etmə prosedurunun qeyri-lirik gəzişmələridir). Publisistikanın daşını atıb şeirəmi keçək. Mənim üçün problem yoxdur. Şeir yaza bilirəm. Amma sinnimin bu vaxtında durub əbədi şeir mövzularında (bildiyiniz kimi, şair özünü nə qədər sıxsa da, mütləq üç şeirindən ikisi məhəbbət mövzusunda olacaq) misralar qoşub, oxucuları özümüzə güldürəkmi? Onsuz da yaşı 60-a dirəndiyi halda hələ də “vəfasız yar”dan gileylənən, “sevgili dilbərlə vüsal eşqiylə çırpınan”, “tənha qəlbin ovunması üçün nazlı dildarın geri dönməsi”ni təvəqqe edən xeyli şair var və onların əlindən Allahın “feysbuk”una girmək olmur. İndi biz də onlara qoşulaqmı?
Yoxsa hərbi diktaturanın vaxtında bağlanan qəzetlərdəki işini itirən, köşələri çıxan qəzetlərdəki sütunlardan çıxarılan ustad Əziz Nesin kimi gedib pəncərəyə şüşə salmaq, rəngsazlıq etmək və sair bu kimi ictimai faydalı işlərdə çalışmaqla məşğul olaq? Əslində belə də etmək olar, fəqət bir az vaxt lazımdır, gərək əvvəlcə usta yanında şəyird olasan, baxasan, öyrənəsən.
Oxucu deyəcək, mənə dəxli yoxdur, canınız çıxsın, missiyanızı yerinə yetirin, funksiyanız xalqa doğru-dürüst xəbərlər çatdırmaq, ona həqiqətləri, gerçəklikləri çatdırmaq deyilmi, zəhmət çəkin çatdırın.
Beləcə, müəlliflər odla su arasında qalmış durumdadırlar. Hökumət deyir, yazmayın, oxucu deyir, yazın. Oxucu hədələyir ki, sərt yazmasanız, qəzetinizi almayacağıq. Hökumət deyir, özünüz bilin, sərt yazsanız, oxucu qəzetinizi almayacaq, yəni ala bilməyəcək – çıxmaması səbəbindən.
Belə bir vəziyyətdə ən yaxşısı səbir edə-edə gözləmək, işdən sonra kafel-metlax qoymağı öyrənməkdir. Kara gələ bilər. Toxuculuğu öyrənmiş padşahın əsirlikdə toxuduğu xalçada saxlanıldığı yer barədə mesaj verərək canını qurtardığı barədə bir rəvayət də var.