Partiya və hökumətimizin, YAP 6-cı qurultayının qarşımızda qoyduğu vəzifələrdən ruhlanaraq deməliyəm ki, ölkəmizdə aparılan dinc quruculuq işlərinə, müxalifətin aqressiv dağıdıcılıq işlərinə, milli satqınlara, qeyri-milli satqınlara son qoyulmalıdır.
Mən tələb edirəm valyutadəyişmə məntəqələri də bağlansın! Milləti korlayan şeylərdən biridir. Camaat gedir orda milli manatımızı dollara, avroya, hətta rupi və pesoya dəyişdirir, nəticədə milli satqınlıq artır. Milli manatı xarici pula dəyişdirən insan sabah milləti satar. Sovet dövründə bu baxımdan, çox yaxşı sistem qurulmuşdu, dolları ancaq altdan, qara bazardan, Kubinkada tindən-filandan ala bilirdilər. Dollar əldə olmayanda insanlar vətəni satmaqda çətinlik çəkirdilər. O vaxtlar Ramiz müəllim Azərbaycan KP MK-da ideologiya şöbəsinin müdiri idi. Tarixi günlər idi.
Sözümün canı odur ki, dövlətçiliyin, milli satqınlarla mübarizənin mexanizmləri qurulmalıdır. Əmək qəhrəmanları tərənnüm edilməli, zərbəçi kollektivlər arasında sosializm… üzr istəyirəm, yapizm yarışları qoyulmalıdır.
İki beşillik planı bir beşillikdə yerinə yetirmək olmazmı? Olar. Biz istəsək hətta Səyavuş Novruzov ilk azərbaycanlı kosmonavt olaraq Yer orbitinə çıxar. Bir az skafandr ölçüsündə problem olacaq, ancaq Volodarski fabrikində məktəbli geyimi tikən zəhmətkeş toxucularımız üçün istənilən sədd keçiləndir. Təsəvvür edin, Səyavuş müəllim kosmosdan AzTV-nin canlı yayımı vasitəsilə Yer kürəsində yaşayan zülmçəkən xalqlara alovlu salam göndərir, onun gülümsər çöhrəsi qaranlıq səmada ulduz kimi sayrışır… Gözüm doldu, məni bağışlayın. (Müəllif ağlayır – red.bull).
Mən birmənalı olaraq söz verirəm ki, yaxın gələcəyimizin “Yeni İskra” qəzetində, yaxud “TAZI” informasiya agentliyində çalışmağa hazıram! Gözümüzün qabağında, yaxın tarixdə olmuş şeylərdir, təzədən diriltməkdə qəti problem yoxdur. Məsələn, mən uşaq olanda, 70-ci illərin sonunda “Pravda” qəzetinin müxbirini canlı görmüş, onu üzüm bağlarına müşayiət eləmiş bir insanam. Bah-bah… Kişinin nə hörməti var idi… Orda oturma toz olar, burdan keçmə başına qoz olar… Raykom katibi köpək kimi darvazanın ağzında yatırdı ki, birdən müxbir yoldaşın ürəyi nəsə istəyər.
Yoxsa indi… İndiki jurnalistikanın bir “köpüklük” dəyəri qalmayıbdır. Raykom katibi cəhənnəmə, sıravi polis serjantı da jurnalistə kağız doldurulmuş kisə kimi baxır. İstəsən təpik vur, diyirlənsin. Hökumətə siyasi dustaq lazım olanda birinci jurnalistləri tutur. Döymək, öldürmək söhbətlərini hələ demirəm.
Bunun əsas səbəbkarı, günahkarı isə yuxarıda qeyd elədiyim kimi, jurnalistlərin özləridir. Götürüb qəzetdə hakimiyyətin yeyintisindən yazırlar. Nəyinə lazım, a başıxarab? Get müraciət elə, əfv ərizəsi yaz, sən də otur bir qıraqda, gəmir. Maşallah, o qədər belə ağıllı gənclərimiz vardır ki, insan gələcəyə optimist baxmağa məcbur olur.
Yaxud yazır ki, əsgər öldü. Niyə yazırsan, ay əli qurumuş? Qoy sirr qalsın. SSRİ vaxtında bəyəm Əfqanıstanda ölən 15 min əsgərin birindən yazırdılar? Qətiyyən. Çünki bütün raykomların uşaqları Qəndəhar, Cəlalabad altında duşmanlarla savaşırdı. İndi də elədir, hər il ölən 100 əsgərimizin minimum yarısı nazirlik və komitə sədrlərinin uşaqlarıdır.
Sözgəlişi, indi ölən əsgərlərin ailəsinə 11 min manat pul da verirlər. Hər halda, mən belə eşitmişəm. Bir ətək puldur. Buna görə dövlətə minnətdar olmalıyıq. İstəsələr verməzlər, ancaq vətənə xidmət yüksək dəyərləndirilir. 10 əsgər ölsə, bunun valideyn pulu 110 min manatdır. Təzə “Yaquar” avtomobilinin qiymətidir. Almırlar, pulu bölüb əsgər anaları arasında paylaşırlar. Minnətdarlığımızı sözlə ifadə edə bilmirik.
Halbuki etməliyik. Öyrənməliyik. O zaman mətbuatın da hörməti artacaq, Bərdəyə ezamiyyətə gedən hər bir müxbir azı iki şaqqa ətlə geri dönəcəkdir. Biri özünə, biri redaktora.
Nostaljimizi geri qaytardığı üçün hökuməti öpürəm.
P.S. Nostalgiya – qədim yunanca “vətənə qayıtmaq ağrısı” anlamını verir.