Ölkə iqtisadiyyatları arasındakı uçurum getdikcə dərinləşir
Azərbaycan torpaqlarını işğalda saxlamaqla özünü regional layihələrdən kənarda saxlayan Ermənistanda iqtisadiyyat hər keçən gün daha acınacaqlı duruma düşür. Ermənistanda iqtisadi vəziyyətin ağır olduğunu dəfələrlə gündəmə gətirən Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonun səfəri zamanı bu məsələni yenidən gündəmə gətirib. Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistanda iqtsiadi vəziyyətin ağır olması səbəbindən insanlar bu ölkəni tərk edirlər. Azərbaycan iqtisadiyyatı ilə müqayisədə Ermənistanda iqtisadi vəziyyətin nə qədər ağır olduğunu görmək üçün bu ölkənin rəsmi qurumlarının açıqladığı statistik göstəricilərə nəzər salmaq kifayət edər.
Ermənistanda ÜDM-nin həcmi Azərbaycanla müqayisədə 9,2 dəfə azdır
Ermənistanın Milli Statistika Xidmətindən (bax. www.armstat.am) açıqlanan son məlumatda bildirilir ki, bu ilin ilk yarısında Ermənistanda əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun (ÜDM) həcmi 4 milyard dollara (1 trilyon 445 milyard dram) bərabər olub. Bu göstərici Azərbaycanla müqayisədə 9,2 dəfə azdır. Belə ki, cari ilin ilk yarısında ölkəmizdə 36,8 milyard dollarlıq (28,7 milyard manat) ÜDM istehsal olunub.
2014-cü ilin ilk 6 ayı ərzində Ermənistan büdcəsinin gəliri 1 milyard 345 milyon dollar (551,6 milyard dram), xərcləri isə 1 milyard 274 milyon dollar (522,5 milyard dram) təşkil edib. Bu dövürdə Azərbaycanın dövlət büdcəsinin gəliri Ermənistanla müqayisədə 8,9 dəfə çox – 11 milyard 971 milyon dollar (9,338 milyard manat), xərcləri isə Ermənistanla müqayisədə 8,8 dəfə çox – 11 milyard 184 milyon dollar (8,724 milyard manat) olub.
Bu ölkənin Milli Statistika Xidmətindən verilən məlumatda qeyd olunur ki, 2014-cu ilin iyun ayında orta aylıq əmək haqqı 336 dollar (138 000 dram) bərabər olub. Qeyd edək ki, Ermənistan əmək haqqının səviyyəsinə görə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında da son sıralarda yer alır. Müqayisə üçün qeyd edək ki, bu ilin iyun ayında Azərbaycanda orta aylıq əmək haqqı 564 dollar (440 manat) olub.
Azərbaycanın xarici ticarət dövriyyəsi Ermənistanla müqayisədə 30,6 dəfə çoxdur
Cari ilin yanvar-iyun aylarında Ermənistan iqtisadiyyatına cəmi 307 milyon dollar (126 milyard dram) sərmayə qoyulub. Müqayisə üçün bildirək ki, 2014-cü ilin eyni dövründə Azərbaycan iqtisadiyyatına 9,4 milyard dollar (7,36 milyard manat) investisiya yatırılıb. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi Ermənistanla müqayisədə 31 dəfədən çoxdur.
Ermənistan iqtisadiyyatındakı digər bir mənfi göstərici xarici ticarət sahəsində qeydə alınıb. Bu ilin ilk 6 ayı ərzində Ermənistan idxal və ixrac əməliyyatları arasındakı fərqə – mənfi saldoya görə MDB-də lider olub. Belə ki, Ermənistanın satın aldığı malların dəyəri xaricə satılan mallalların dəyərindən 3 dəfə çox olub. Qeyd edək ki, bu dövürdə Azərbaycanda müsbət saldo qeydə alınıb. Azərbaycanda ixrac əməliyyatlarının həcmi idxal əməliyyatlarını 2,7 dəfə üstələyir. Qeyd edək ki, bu ilin ilk yarısında Ermənistanın xarici ticarət dövriyyəsi
566,5 milyon dollar olub. Bu göstərici Azərbaycanın xarici ticarət dövriyyəsi ilə müqayisədə 30,6 dəfə azdır. Xatırladaq ki, cari ilin ilk 6 ayı ərzində xarici ölkələrlə 15,3 milyard dollar dəyərində ticarət əməliyyatı həyata keçirib.
Bu ilin ilk yarısında Ermənistanı 11,8 min nəfər tərk edib
Ermənistanın ən ciddi sosial-iqtisadi problemlərindən biri və bəlkə də birincisi bu ölkədə mənfi miqrasiya saldosunun (ölkədən gedənlər ölkəyə gələnlərdən çox olub) mövcudluğudur.
Ermənistanda əhalinin sayı 1991-ci ildən sonra 15,7% azalıb. 23 il əvvəl bu ölkədə 3 milyon 570 milyon insan yaşadığı halda hazırda 3 milyon 9 min insan yaşayır. Təkcə bu ilin ilk yarısında bu ölkəni 11,8 min nəfər tərk edib.
MDB-yə üzv olan ölkələr arasında işsizlərin sayına görə ən acınacaqlı vəziyyət Ermənistanda qeydə alınıb. İlin ilk yarısına olan məlumata görə, bu ölkədə iqtisadi fəal əhalinin 16,2%-i və ya 224 min 600 nəfəri işsizdir. Ermənistanda işsiz kimi qeydə alınan vətəndaşların sayı isə 62 min 200 nəfərə bərabərdir və bu da iqtisadi fəal əhalinin 6%-ni təşkil edir. Qeyd edək ki, hesabat dövründə Azərbaycan iqtisadi fəal əhalinin 5%-i və ya 236 min 600 nəfəri işsizdir. Bunlarında 36 min 900 nəfəri və ya 0,8%-i işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıblar.
Ermənistanda vakant iş yerlərinin sayı Azərbaycanla müqayisədə 9 dəfə azdır. Belə ki, Azərbaycanda 13,6 min, Ermənistanda isə cəmi 1,5 min vakant iş yeri elan olunub. Məlumat üçün xatırladaq ki, bu rəsmi dövlət orqanları tərəfindən elan olunan vakant iş yerləridir.
Ümumiyyətlə rəsmi şəkildə qeydiyyatda olan işçilərin sayını nəzərə alsaq ən çox vakant iş yeri Azərbaycandadır. Ölkəmizdə 36,9 min nəfər rəsmi işsiz və 13,6 min vakant iş yerinin olduğunu nəzərə alsaq deməli vakant iş yerlərinin sayı işsizlərin sayından cəmi 2,7 dəfə azdır. Müqayisə üçün bildirək ki, Ermənistanda bu göstərici 41,4 dəfəyə bərabərdir. Bu isə o deməkdir ki, Ermənistanda təxminən hər 41 işsizə 1 vakant iş yeri düşür.
Zaman.az