MODERN.AZ saytının “Məşhur tələbə yoldaşım” rubrikasının budəfəki buraxılışı xalq artisti, teatr və kino aktyoru, “İşgüzar səfər”, “Köhnə bərə”, “Park”, “Qəm pəncərəsi”, “Özgə ömür”, “Ölsəm bağışla”, “Gecə qatarında qətl”, “Qəzəlxan” (Əliağa Vahid obrazını səsləndirən), “Təhminə”, “Otel otağı”, “Hökmdarın taleyi”, “Sübhün səfiri”, “Mahmud və Məryəm” və s filmlərdə yaratdığı obrazlarla kinosevərlərin qəlbini fəth etmiş məşhur aktyor Fəxrəddin Manafov haqqındadır. Qonaqlarımız onun musiqi müəlliməsi Gülarə Bədirzadə və aktyor Arif Qasımov tələbə yoldaşları Fəxrəddin Manafov barədə xatirələrini bölüşürlər:
Gülarə Bədirzadə: “Fəxrəddinin xasiyyəti çox çılğın idi”
“1975-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsinə qəbul olmuşuq. Qrupdan yaxın olduqlarımla indiyə qədər də əlaqə saxlayırıq. Bunların sırasına Arif Qasımov, Zakir Bədirzadə, Fəxrəddin Manafov daxildir. Zakirlə bir qrupda oxumuşuq, indi də həyat yoldaşımdı. Mənim soyadım Məlikova idi, toyumuzdan sonra soyadımı dəyişdim, Bədirzadə oldum. Çox yaxşı qrup idik. İndiyə qədər o illər – oxumağımız, bir yerdə gəzməyə getməyimiz, yığışmağımız yaddaşımızdan silinmir. “A”, “B”, “V” qrupları var idi. Bizim “B” ən yaxşı qrup sayılırdı. Qrup rəhbərimiz Əmənulla müəllim idi. Qrupumuzda hamı yaxşı oxuyurdu. Arif aktyordur, Zakir neçə il AzTV-də operator işləyib, Fərhad (Fəxrəddin Manafov) xalq artistidir. Sonra qrupda Nurulla Bədəlov var idi. Çox qəşəng musiqiçi idi, klarnet çalırdı. Mən elə o vaxtdan müəllimə işləyirəm. Tələbəlik vaxtı Pedaqoji Universitet və Sumqayıtda musiqi məktəbində dərs deyirdim. Bir müəllimimiz var idi, jurnalı oxuyarkən mənim soyadıma çatanda deyirdi ki, həmkar (gülür).
İkinci kursa təzə keçəndə 2-3 nəfər (Zakir, Fərhad, Zaur, Nazim) əsgərliklərin bitirib bizə gəldilər. Zaur indi rəhmətə gedib. Gələnlərin hamısı çox yaxşı uşaqlar idi. Fəxrəddin da ilk təəssürat olaraq çox yaxşı insan təsiri bağışladı. Yaxın adamlar Fəxrəddinə “Fərhad” deyirlər.
Fərhadın xasiyyəti çox çılğın idi, hər şeydən ötrü hirslənirdi. Ancaq yaxşı oxuyurdu. Bəzi uşaqlar qeyri-ixtisas fənlərə fikir vermirdilər, amma Fərhad çalışırdı ki, mütləq bütün dərsləri yaxşı oxusun. Görürsən, kimsə dərsə getmirdi, məsəl üçün deyirdi, kinoya gedək. Fərhad hirslənirdi, yox, mən dərsə gedirəm. O, çox məsuliyyətli tələbə idi. Ümumiyyətlə, hamımız çox məsuliyyətli idik.
Fərhadın müəllimlərlə münasibəti də çox yaxşı idi. Mövsüm müəllimimiz var idi. O, Əmənulla müəllimin assistenti idi. Əmənulla müəllim rəhmətə gedəndən sonra qrupumuzu Mövsüm müəllim götürdü, bizə rejissorluqdan, aktyorluqdan dərs deyirdi”.
“Baxarsan, mən necə aktyor olacam”
“Fəxrəddin Manafov çox güclü aktyordur. Tələbəlik illərində öz üzərində çox işləyirdi. Fərhadla çox yaxşı münasibətimiz olub. Bizi dost saymaq olar. Düzdür, indi görüşməyə çox vaxt yoxdur. Fərhad ya Moskvada, ya çəkilişlərdə olur. Ona görə 8 ildir görüşmürük.
O, çox yaxşı dostdur. Zahiri görünüşü zəhmli adam təsiri bağışlayır. Amma çox mülayim oğlandır, yumşaq xasiyyətlidir”.
“Fəxrəddin Manafov Rasim Ocaqovun itkisini ağır yaşadı”
“O, tələbəlik vaxtı Aktyor Evində, sonra Tədris Teatrında işlədi. Kinoda ən uğurlu işləri Rasim Ocaqovladır. Rasim Ocaqov o qədər filmində Fərhadı baş rola çəkib. Onlar çox yaxın idilər. Rasim Ocaqov onu həm çox istəyirdi, həm də aktyor kimi dəyərləndirirdi. Bilirdi ki, Fərhad rolunun öhdəsindən gələcək, ona arxayın ola bilər. Başqa adam da çəkə bilərdi, ancaq onu çəkirdi. Rasim Ocaqovu itirmək Fərhad üçün çox çətin idi. Ocaqov onun həm sirdaşı, dostu idi, həm onu nə qədər filmlərə çəkmişdi. Buna görə də Fəxrəddin Manafov onun itkisini ağır yaşadı”.
Fərhadın “Ölsəm, bağışla” filmində yaratdığı obrazı ən uğurlu rolu sayıram. Mənə o xoş gəlir, orada çox yaxşı oynayırdı. Sonra “Park” kinosunu bəyənirəm. “Təhminə” də var. Ancaq “Təhminə” çox ürəyimcə deyildi. Fərhadın özünə də demişəm.
Yadımdadır, “Gülüstanda qətl” tamaşasına ailəvi baxmışdıq. Fərhadın oyunu çox xoşuma gəlmişdi. Sonra “Leyli və Məcnun” tamaşasında rolu var idi. Mənim çox xoşum gəlir”.
“Qızların onun üçün ürəyi gedir”
“Fərhadın çox güclü səs tembri var. Dublyaj etmə qabiliyyəti çox yüksəkdir. İnsan səslə özünü istədə də bilər, özündən uzaqlaşdıra da.
Fanatları çoxdur. Əsas da qızların onun üçün ürəyi gedirdi. Onda cazibə var idi. Ünsiyyət qurmağı və özünü sevdirməyi bacarır. Tələbəlik dövründə, hələ o filmlərə çəkilməmiş də qızlar onu sevirdi. Bunu hiss edirdim. Belə şeylərə – sevgiyə, vurulmağa çox fikir verən deyildi.
Məşhurlaşandan sonra xasiyyətində heç bir dəyişiklik olmadı. Necə idi, elə də qalmışdı. Çox sadə insandır. O xüsusiyyətinə görə də özünü istədir də.
Təvazökar adamdır. Bilirəm, mətbuata çox açıq deyil, onun çox xoşuna gəlmir. Elə kanallar var ki, ora müsahibə verməz. Elə insanlar var ki, onu çəkilişə çağırar getməz. Elə rejissorlar ki, onu tamaşa, kino, ya seriala çağırıb getməyib.
Ona birinci can sağlığı, uzun ömür arzulayıram. Əsas odur. Can sağlığı olandan sonra uğuru da olacaq. Heç yeri ağrımasın, yaxşı-yaxşı filmlərdə çəkilsin. Son çəkildiyi filmlərdən “Hökmdarın taleyi”nə baxmışam. Pis deyildi”.
“Otel otağı” filmində birgə çəkilmişik”
Aktyor Arif Qasımov səhhətində problemlər olmağına baxmayaraq, Fəxrəddin Manafovun adını eşidəcək onun haqqında danışmağa başladı: “İnstituta girməmişdən qabaq Fəxrəddin Manafovla birgə Aktyor evində işləyirdik. İlk dəfə orada tanış olmuşuq. Yaxşı münasibətimiz olub. Sonra İncəsənət Universitetinə qəbul olduq. O məndən iki əvvəl qəbul olmuşdu, sadəcə əsgərliyə getdi, hərbi xidmətini bitirdikdən sonra qrupa qayıtdı. Yaxşı oğlan idi. Tələbəlik illərində də güclü istedadı var idi. Çox yaxın olduğumuz üçün universiteti qurtarandan sonra da hərdən görüşürdük. “Otel otağı” filmində də bir yerdə çəkilmişik”.
http://s020.radikal.ru/i706/1409/ff/31e3bac9dbd4.jpg
http://s018.radikal.ru/i509/1409/9a/cc7589dbe56a.jpg
http://s017.radikal.ru/i431/1409/1c/9e6d62a7b6a9.jpg
http://s005.radikal.ru/i211/1409/4d/08ef6e4db398.jpg
http://s017.radikal.ru/i428/1409/15/c1ec9febddc9.jpg
http://s019.radikal.ru/i613/1409/f9/9a7b41f4cbbb.jpg
http://s58.radikal.ru/i162/1409/e9/78b77b16fc5a.jpg
http://s14.radikal.ru/i187/1409/89/dcd247532e3c.jpg
http://s017.radikal.ru/i410/1409/bc/36078bb7ffb7.jpg
http://s017.radikal.ru/i431/1409/a7/72ef47cb5e67.jpg
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.