Xırdalanda uçan binanın altından daha bir nəfərin meyiti çıxarılıb.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Abdullayeva İfayətin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onun cəsədi dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, mərhumənin Firuzə və Aytac adlı iki qızı binanın altından sağ çıxarılsa da, ananın həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Xırdalanda 4 mərtəbəli binada baş verən partlayışda ölən Məharət Abbasov İfayət Abdullayevanın qardaşı imiş.
Hadisə yerindən verilən məlumata görə, Məharət Abbasovun 8 yaşlı qızı Aydan Abbasova da dünyasını dəyişib. Onun həyatını xilas etmək mümkün olmayıb. Xilasedicilər azyaşlının meyitini çıxarmağa çalışırlar.
***
Bu gün səhər saat 7 radələrində Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş verən güclü partlayışın səbəbi məlum olub.
AzVision.az hadisə yerində olan əməkdaşının verdiyi məlumata gör, ilkin ehtimala görə partlayışa qaz sızması səbəb olub.
Bildirilir ki, dağıntılar altında daha 3-4 nəfər var. Hazırda onların xilas edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır.
Bu dəqiqələrdə 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.
Eyni zamanda ərazidə FHN-in xeyli sayda texnikası, canlı qüvvəsi və təcili tibbi yardım maşınları var. Məlumata görə, FHN-in xüsusi itləri də cəlb olunub.
Partlayış 4 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verib.
Hadisə yerinə Abşeron rayonun icra başçısı Zakir Həsənov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov gəlib.
******
Azərbaycanda binada partlayış olub
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda binada partlayış olub. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.