Neçə gündür xəbər dolaşır ki, fransızlar Luvr muzeyində saxladıqları “Mona Liza” tablosunu satmaq istəyirlər. Çünki dövlətin xeyli borcu var imiş. Ancaq hələ də bizim hökumət, YAP, SOKAR, Heydər Əliyev Fondu və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bu məsələyə münasibət açıqlanmamışdır. Hətta Hafka da tərpənmir, halbuki fransızların futbol klubunu almışdı.
Məncə, tələsmək lazımdır, tablonu almalıyıq. Bunun üçün uyğun təcrübələrimiz də vardır. Fransa paytaxtı Paris hələ Müsyö Jordan və Dərviş Məstəli Şahın dövründən bizə doğma şəhərdir, orda bu saat xeyli obyekt alıb qoymuşuq, kupçası-zadı yerində. Versal sarayının təmirindən tutmuş elə həmin Luvr muzeyində yeni guşə açılmasınacan, Strasburq kafedral kilsəsinin pəncərələrinə şüşə salmaqdan Fransanın “Legion” ordenini alan Leyla Yunusu Kürdəxanıya salmağa qədər xeyli əlaqələrimiz toplanıb. Leonardo da Vinçi müəllimin şəklini biz almalıyıq. Üstəlik, keçən illərdə bir neçə donqili jurnalistlərimiz israrla yazmışdılar ki, Leonardonun əsli Şəkinin Aşağı Göynük kəndindəndir, özünə də Şəkidə ləqəb qoyubmuşlar, Malyar Vidiş çağırırmışlar. İnanmağa məcburuq.
Bir haşiyə çıxım ki, “Mona Liza”nın Azərbaycan taxılçılıq təsərrüfatlarının inkişafında da böyük rolu olmuşdur. Siz zarafat sayın, ancaq 2001, ya da 2002-ci ildə “Azərbaycan fermeri” qəzetində mən öz gözümlə bir foto görmüşdüm: ümummilli əmimiz Cəlal müəllim taxıl sahəsinin kənarında əlində “Mona Liza”nın kopyası dayanmışdı. (Bəlkə də əsli idi, kim bilir). Şəklin altından isə belə sözlər cızılmışdı: “Da Vinçi ”Cokonda”nı hansı incəliklə qayırıbsa, hörmətli akademik də “Qaraqılçıq-1″ buğda sortunu elənçik məhəbbətlə yetişdiribdir”.
Qayıdaq bu günlərimizə. Şəklin təxmini qiyməti, deyilənə görə, 1 milyard avroya yaxındır, ancaq bu, bizi qorxutmamalıdır. Cənab prezidentin dəfələrlə qeyd etdiyi kimi, bizim pulumuz çoxdur. Ona qalsa Bakının Xutor dairəsindən təzə avtovağzala qədər olan yol ötürücülərinə indiyə qədər 2 milyard avro axıdılıb, lakin hələ də camaat bir yerə gedib çıxammır. Nə olar, qoy 1 milyard da “Mona Liza”ya verilsin, əvəzində Dərnəgül yolu gec qazıq-quzuq edilsin. İncəsənət qurban tələb edir, Ziya müəllim isə ziyalı adamdır, belə qurbanlara dözər.
Həm də bu şəklin alınmasının siyasi əhəmiyyəti var. Misal üçün, ilk növbədə bədnam qonşularımız olan ermənilərin yerdə qalan az hissəsi də paxıllıqdan partlamaya düşüb öləcəklər, o zaman general Zakir müəllim “Mona Liza”nı bayraq kimi qaldırıb müzəffər ordumuzun qabağında İrəvan şəhərinə varid olacaqdır! Bəs necə, axı Fransada erməni lobbisi güclüdür. Biz o lobbinin başının üstündən şəkli almaqla düşməni mühasirəyə salırıq.
Avam, nadan insanlar, bəzi müxalifətçi ünsürlər deyə bilər ki, axı şəkil nəyimizə lazımdır, o pulla neçə pensiyaçıya ət-yağ almaq mümkündür, nə qədər xəstə müalicə olunar və sairə. Bunlar savadsız, mənasız sözlərdir. Xalqımıza “Mona Liza” daha vacibdir, nəinki çörək. İnanmayan düşüb küçədə sorğu keçirtsin. Xalqımız dünyada ən çox kitab mağazası, ən yaxşı məktəbləri, ən reytinqli universitetləri, görkəmli alimləri, dəhşətli yazıçıları ilə tanınır! Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli!
Başqa yöndən, bu tablo öz sirli təbəssümü ilə dünyada məşhurdur. Hələ də heç kim bilmir ki, tablodakı zənən xeylağı nəyə qımışır. Əgər tablonu alıb gətirsək “Bandotdel”in incəsənət ekspertləri qısa müddətdə elə arvadın özündən nəyə güldüyünü, kimə güldüyünü öyrənə bilərlər. Hətta tablonun pulunu Kamal müəllim versə, onu aparıb Qəbələdə meşədə gəzdirsə “Mona Liza” nəinki gülümsəyər, qəhqəhə çəkər, nazlı gəlin kimi qaqqıldayar, kəklik kimi quqquldayar və sairə. (Deyəsən, kəkliyin səsini tərs yazdım, amma dəxli yoxdur).
Ondan sonra Cəlal əminin gözəl ənənəsinin davamı olaraq respublikanın yaxşı bir yerindən yazıb asmaq olar ki, “Mona Liza” Azərbaycandakı analoqsuz inkişafı görüb sevinir, gülümsəyir.