“Artıq bizə orada nə baş verdiyini Putin danışmayacaq, özümüz biləcəyik”
“Qafqazinfo”nun məlumatına görə, ukraynalı müğənni, “AvroMaydan” hərəkatının fəal iştirakçısı, 2004-cü ildə “Avroviziya” müsabiqəsinin qalibi və son aylar ərzində nüfuzlu ictimai xadimə çevrilmiş Ruslana “eunews.az”la müsahibəsində Ukraynada gedən proseslər, Avropa İttifaqı və Rusiya ilə münasibətləri müzakirə edib.
– Ukrayna ordusunda əhval-ruhiyyəni necə dəyərləndirərdiniz?
Əla. Bizdə peşəkar və vətənpərvər əsgərlər var. Bilirlər ki, mən onlarla ön cəbhədə olacam. Əsgərlər bu barədə şübhə də etmirlər, çünki cəbhə xəttini 3 dəfə keçib DNR-ə (Donetsk Xalq Respublikası) gedən adamdan yalnız bunu gözləyirlər.
– Donetskdə vəziyyət necədir?
İndi biz bilirik ki, onlar (red.separatçılar) kimdirlər. Onlar nə istədikləri bilmir. Hər bir güclü adam nə istədiyini dəqiqliklə deyə bilməlidir.
Mən deyə bilərəm ki, nə istəyirəm. Müstəqil, azad, xoşbəxt ölkə istəyirəm. Mənə ölkəmdə sülh və əmin-amanlıq lazımdır. Başqa heç nə. Bunun üçün də mən istəyirəm ki, ölkəm demokratik olsun və Avropaya getmək istəyirəm, çünki demokratiyanı Avropa ilə qurmaq olar. Avropa mənim üstümə müharibə ilə gəlməyəcək və sərhədlərimi pozmayacaq. Belə.
Ancaq biz onlardan (red.separatçılardan) Donetskdə soruşanda ki, onlar nə istəyirlər, onlar istədiklərini ifadə edə bilmədilər və dedilər ki, “Bəli, nəticədə, biz də siz istədiyinizi istəyirik”. Nayem (red.jurnalist Mustafa Nayem) onlara açıq deyirdi ki, belədirsə, münaqişəyə görə məsuliyyəti paylaşmaq lazımdır, lakin Donetskdə hamı yalnız Kiyevi günahlandırır. Mən də hər dəfə başa düşürəm ki, “Bəli, danışıqlar olmayacaq”.
Biz insan olaraq anlamaq istədik ki, onlar nə istəyir. Onlar hər şeyi başa düşür. Bir çoxu açıq deyir ki, “Biz Ukraynada qalmaq istəyirik”.
Mənə maraqlıdır ki, Putin bütün bunlara nə deyəcək. Çünki Nayemlə birlikdə cəbhə xəttini keçərək, onların ərazisinə gəlib məlumat blokadasını yarmağımız özü artıq qələbədir. Artıq bizə orada nə baş verdiyini Putin danışmayacaq, özümüz biləcəyik.
Ancaq bu dəfə biz ora gəlib, ayağımızı yerə vurub deməliyik: “Ya siz Ukraynasız, ya da …” (red.cümləni bitirmir)
– Bəs Avropa İttifaqı? Dəstəkdən razısınız? Gözləntilər nədir?
Əlbəttə ki, yox. Axı kim Rusiyaya qarşı sanksiyaları zəiflətmək istəyər? Bu nə deməkdir? Onlar bəyəm monitorinqin nəticələrini görmürlər? Görmürlər ki, Ukrayna ərazisində nə qədər Rusiya ordusu var? Ələlxüsus da, İlovaysk yaxınlığında. Demək olar ki, Ukraynanın oradakı bütün qüvvələrini məhv ediblər.
– Münaqişənin gedişatı haqda nə demək olar?
Sabah Rusiya yenə də son günlərdəki kimi hücum etsə, cənubdan heç nə qalmayacaq. Mən qorxuram ki, yaxın günlərdə cənubda iri miqyaslı hücumlar olacaq. Bu gün, sabah, gələn həftə… biz bilirik ki, hücum olacaq. Onlar (red.Rusiya) Krıma qurudan yol açmaq istəyirlər.
Mariupol əhalisi çox qorxur, şəhəri uzun müddətdir atəşə tuturlar və onlar artıq başa düşürlər. Mariupol, Xerson, Berdyansk…məncə, bu şəhərləri çox tez zəbt edəcəklər.
Daha sonra biz çox uzun müddət mübarizə aparacağıq. Axıra isə ən güclü qalacaq (red. gülür). Ruslar həvəssizdirlər. Donetsk separatçıları həvəssizdir. Onların ideoloji baxımdan nələrisə çatışmır. “Biz Rusiyaya yaxınıq” deyirlər. Sonra? Sadəcə, hələlik onlara nəyisə başa salmaq çətindir. Qoy, bir az Putinlə oynasınlar. Baxaq.
Həmişə bilmək lazımdır ki, əsl ideya hardadır. İdeya hardadırsa, qələbə də ordadır.
Ukrayna düz edir? – Düz edir. Ukrayna hardadır? – Öz torpağında. Ukrayna kiməsə nəsə edib? – Yox. Ukrayna sadəcə öz müstəqil seçimini etmək istəyib.
Bəs Putin nə edir? Gəlir bizim torpaqlara. Onun əsgərləri bəzən heç bilmirlər ki, hara gəlirlər. Demirəm ki, hamısı, amma bir qismi hara gəldiklərini bilmir.
Rusiyaya artıq meyitlər gedir. Onların bir azdan vecinə olmayacaq ki, Ukraynada faşizm var. Beləcə də, onlar sınacaqlar, biz isə güclənəcəyik.
Bu, ideoloji müharibədir. Əlbəttə ki, bizə silahla kömək etməsələr, siz Maydanda öldürülən “Səma yüzlüyü”nün təkrarını görəcəksiniz, ancaq bu dəfə hər şey Ukraynanın bütün ərazisində baş verəcək.
– Krımdan xəbər varmı?
Krımla əlaqə qaldıqca, hamı başa düşür ki, problem öz həllini tapa bilər. Yüksək vəzifəli siyasətçilər, təbii ki, Krımın qaytarılması ilə bağlı vədlər verirlər. Necə, nə vaxt? Fərqi yoxdur. “Qaytaracağıq”, reytinq üçün hər dəfə təkrar edirlər. Lakin praqmatik və təcrübəli insanlar, vətənpərvər və yeni nəsil peşəkar hərbçilər hər şeyi başa düşürlər.
Hal-hazırda bizdə yeni nəsil peşəkarlar və hərbçilərin səfərbərliyi baş verir. İnsanların bir qismində korrupsiya və köhnə sxemdən qırılma prosesi gedir. Bu da bizim üçün böyük münaqişədir. Təəssüf ki, indiki hakimiyyət də sovet sisteminə qayıdıb. Onlar o kabinetlərə qayıtmalı deyildilər. Gəlib çadırlarını Maydanda açıb işləməli idilər, işə idman kostyumlarında, velosipedlə gəlməli idilər. Belə maraqlı ölkəmiz var (red.gülür).
– Yeni seçiləcək parlamentdən gözləntilər nədir?
Biz o parlamentə çatmaya bilərik. Seçkilərə qədər hər şey baş verə bilər. Ölkəyə çox genişmiqyaslı təcavüz olacaq. Yəni belə.