Artıq hamıya aydındır ki, sonuncu, ən uzunömürlü və qartımış imperiya olan Rusiya çökməyincə, dünyada dinclik və əmin-amanlıq da heç vaxt bərqərar olmayacaq. Ukrayna hadisələrinin demokratik dünya üçün ən böyük dərsi, zənnimizcə, bundan ibarətdir.
Acı gerçəklik həm də odur ki, SSRİ-nin süqutundan sonra “çomağı yerə qoyub” arxayınlaşan, Rusiyanı Avropaya inteqrasiya etdirib bazar iqtisadiyyatına keçirməklə, hətta demokratikləşdirməklə özündən asılı salacağını, heç olmasa tərəfdaşa çevirəcəyini düşünən Qərbin planları fiasko olub. Məlum olub ki, “rus ayısı”nı “ram eləmək” və ya zərərsiz hala gətirmək mümkün olmayıb. Əksinə, Qərbin qabaqcıl texnologiyalarına çıxış şansı bulan köhnə və yaralı imperiya öz qamətini qısa müddətdə dikəldərək, güclü revanş (qisas) həvəsi ilə alışıb-yanan daha qorxulu düşmənə dönüb.
Beləcə, Qərb onun hesabına ayağa qalxan Rusiya ilə, bu dövlətin avantürist və proqnoza yatmayan prezidenti, KQB-nin ali hakimiyyətdəki sonuncu kadrı Vladimir Putinlə nə edəcəyini bilmir. İqtisadi-maliyyə sanksiyaları isə sövq-təbii Rusiyanın Avroatlantik məkana qismən inteqrasiya etməsi üzündən Avropa ölkələrinə də zərbə vurmaqda və daxildə narazılıq yaratmaqdadır.
Amma geriyə yol da yoxdur. Geriyə çəkilmək – Rusiya imperiyasının daha geniş ərazidə zühur eləməsi, postsovet məkanının, Ukraynanın, Moldovanın, Güney Qafqazın, habelə zəngin karbohidrat qaynaqlarına malik Xəzər hövzəsinin Kremlə güzəştə gedilməsi, demokratiyanın böyük bir məkanda ağır məğlubiyyəti, Avropaya yeni və daha ciddi təhdidlər deməkdir.
Bunları Amerika və Avropanın “beyin mərkəzləri”ndə bilməmiş deyillər. Odur ki, qəti əminliklə yazmaq olar ki, Qərb Ukrayna məsələsində ziyan görsə də, dala addım atmayacaq. Zira, bu, demokratik dünya ilə ən yaşlı imperiyanın son və həlledici döyüşüdür, ölüm-olum məsələsidir. Şübhəsiz, hərbi müstəvi istisna olmaqla, Moskvaya qarşı bu savaş yerdə qalan bütün müstəvilərdə – iqtisadi-maliyyə, siyasi-diplomatik, texnoloji sferalarda, hətta mədəniyyət, idman, incəsənət müstəvilərində ən sərt və amansız şəkildə davam edəcək…
Yeri gəlmişkən, bu günlərdə Rusiyanın ən hiyləgər siyasətçilərindən biri, Xarici Kəşfiyyat İdarəsinin sabiq başçısı və keçmiş xarici işlər naziri Yevgeni Primakov Qərblə qarşıdurmanın Rusiyaya baha başa gələ biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya ən azından, qabaqcıl texnologiyalar sahəsində geridədir və yalnız ABŞ və Avropanın hesabına bu geriliyi aradan qaldırmaqda idi, lakin “Ukrayna olayları bu prosesi dayandırdı”.
Əfsus ki, bu gün Kremlin, özəlliklə polkovnik Putinin belə görünür, ağıllı və uzaqgörən qafalara ehtiyacı yoxdur. İndi ona Qərbi daha ehtirasla hədələyən və söyən, onunla məzələnələr qiymətlidir. Putinin mətbuat katibi Dmitri Peskov kimi. Söz düşmüşkən, bu adam Avropa Birliyinin Rusiyaya qarşı qəbul etdiyi son sanksiyalar paketini utanıb-eləmədən “qanunsuz” adlandırıb.
“Qanunsuz sanksiya”. Rusiya başqa suveren dövlətin ərazisi olan Krımı qanuni yolla işğal edibmiş xəbərimiz yox. Donetsk və Luqansk separatçılarına görünməmiş hərbi yardımı, mülki təyyarələri belə vuran “Buk” tipli zenit-raket sistemlərini də qanuni əsasda ötürürmüş – bilmirmişik. 2008-ci ildə müstəqil Gürcüstanın ərazisinə də ruslar məhz beynəlxalq hüquqa hörmət əlaməti olaraq soxulubmuşlar – bundan da xəbərimiz yoxmuş.
Ümumiyyətlə, Rusiya qanuni bir imperiya, qanuni bir təcavüzkar imiş, yerdə qalanlar isə hər an ərazisinə müdaxilə oluna, bütünlüklə zəbt edilə bilən qanunsuz və “çmo ölkələr” – Peskov kimilərin imperiya məntiqinə görə, təbii ki. Lap dəsmal götürüb bu “zərərçəkmiş” Rusiya üçün, “yazıq” işğalçı üçün göz yaşı tökmək istəyirsən…
***
Bəs, Rusiya durdurulacaqmı və bunu kim edəcək? Ən əsası, durdurulan imperiyadan nə qalacaq? İlanı əzmək üçün öncə onun başı zərərsizləşdirilməlidir deyirlər. Rusiyanın zəhərli hissəsi yenə də saxlanacaqmı? Azad bəşəriyyətin cavab tapmalı olduğu kritik sual budur.