Estafet Azərbaycanın digər mobil operatorlarına ötürüldü.
“Azerfon” şirkətinin rəhbərliyi 2014-cü ilin yayında dünyada geniş vüsət almış “Buzlu su” (Ice Bucket Challenge) kampaniyasına qoşulmaq qərarına gəldi.
Kampaniyaya əsasən, iştirakçılar ictimai diqqəti amyotrofik lateral skleroz (ALS) xəstəliyinə yönəltmək məqsədilə bir vedrə buzlu suyu öz başlarına tökərək ALS xəstələrinə maddi dəstək verdiklərini ifadə edir və ya başqalarının bu yardım kampaniyasına qoşulmalarını təşviq edirlər.
Oxu.Az xəbər verir ki, şirkət rəhbərliyi bir ənənəyə çevrilən bu yardım və maarifləndirmə aksiyasına qatılmaqla, ALS xəstələrinin beynəlxalq assosasiyasına öz dəstəyini ifadə etmiş oldu və “Azercell” ilə “Bakcell” rəhbərliklərini də bu aksiyaya qoşulmağa dəvət etdi.
Qeyd edək ki, amyotrofik lateral skleroz xəstəliyi mərkəzi sinir sistemindəki ilik sapının olduğu nahiyədə onurğa neyron, yəni sinir hüceyrələrinin itkisi səbəbilə yaranan çarəsiz bir xəstəlikdir. Əzələlərin iflic olmasına gətirib-çıxaran bu xəstəliyə nadir hallarda rast gəlinsə də, onun ölümlə nəticələnə bilən fəsadları olduqca ağırdır.