Roma papası Fransis bəşəriyyəti “cinayətlər, qətliam və dağıntılardan ibarət, tədrici” kimi səciyyələndirdiyi, onun təbirincə, baş alıb gedən “üçüncü dünya müharibəsi” qarçısında süstlükdən azad olmağa çağırıb.
İtaliyada hərbi məzarlıqda I dünya müharibəsinin başlanmasına həsr olunmuş mərasimində çıxış edən Roma papası indiki müharibənin irrasional, onun səbəblərinin isə tamahkarlıq, dözülməzlik, silah satmaq meyli və hakimiyyətə yiyələnmək arzusu olduğunu deyib.
“Müharibə ağılsızlıqdır” – papa Fransis Mussolininin hakimiyyəti zamanı ucaldılan I dünya müharibəsi qurbanları monumentinin önündə bəyan edib.
Sloveniya sərhədi yaxınlığında Redipuglia qəbiristanlığında I dünya müharibəsində həlak olmuş 100 min italyan əsgərinin cənazəsi basdırılıb. Roma papasını dinləmək üçün minlərlə insan, o cümlədən müxtəlif müharibə veteranları gəlib.
Ukrayna və Yaxın Şərq münaqişələri fonunda Roma papası tez-tez sülh çağırışları ilə çıxış edir.
İtaliya Müdafiə Nazirliyinin nümayəndəsi papa Fransisə onun babasının şəxsi işini verib.
BBC müxbiri David Uilley bildirir ki, I dünya müharibəsinə həsr olunmuş mərasimdə iştirak etməyi Roma papası Fransis üçün dərin şəxsi məna daşıyır. Papanın babası Covanni Karlo Bergoglio İtaliya ordusunun tərkibində döyüşüb və 1917-1918-ci illərdə Avstriya-Macarıstan qüvvələrinə qarşı döyüşlərdə iştirak edib. Müharibədən sonra Covanni Karlo Bergoglio Argentinaya mühacirət edib.