Sentyabrın 15-i Azərbaycanda Bilik günüdür, 2014-2015-ci dərs ili başlayır. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Bilik günündə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.
Modern.az saytı xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, bu gün Azərbaycanda 139 mindən çox uşaq birinci sinfə gedəcək.
Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.
2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.