Neçə gündür mediada YAP rəhbərlərindən deputat Siyavuş Novruzovun, içərisində qızıl xırdaladığı müsahibəsindən fraqmentlər dərc və müzakirə olunur.
Həmin iqtibaslardan biri bu cürdür: “Amma bir misal var: Çörçill sonuncu dəfə baş nazir seçiləndə kefsiz olur. Səbəbini soruşurlar, deyir, Ruzvelt yox, Stalin yox. Kiminlə işləyim?! İndi Tural Abbaslı ilə nə işləyəsən?!”
Birincisi, ilk baxışdan elə çıxır ki, cənab Çörçill Ruzvelt və Stalinin yoxluğunda Tural Abbaslı ilə işləməyin mümkün olmadığından gileylənib. Amma abzasa ikinci dəfə nəzər yetirəndə bilirsən ki, Çörçilin adından verilmiş “Kiminlə işləyim” ritorik sualından sonrakı ritorik sual (“İndi Tural Abbaslı ilə nə işləyəsən?!”) Novruzovun özünə aiddir. Yəni Novruzov vurğulamaq istəyir ki, o, indiyədək Müsavatın köhnə rəhbərləri ilə çox əla işləyirdi, amma Tural Abbaslı ilə işləyə bilməyəcək – əgər o, partiya başqanı seçilsə.
Bu sözləri oxuyandan sonra keçən il bu vaxtlar prezidentliyə namizəd Cəmil Həsənlinin S.Novruzova bir neçə xahişdən sonra “tramvay altında qalan üç” yazdığını dilə gətirməsinin səbəbi məlum olur. Heç demə, Novruzov qədim və orta əsrlər tarixi o yana dursun, ən yeni tarixi belə, yumşaq desək, zəif bilir, tarixi şəxsiyyətlərin barəsində isə çox şeyi bilmir.
Baxın, Böyük Britaniyanın 61-ci və 63-cü baş naziri Uinston Spenser Çörçill “sonuncu dəfə baş nazir seçiləndə” 1951-ci il idi və onda Franklin Delano Ruzvelt ölüb-getmişdisə də, İosif Stalin sağ idi və vəzifədəydi. Ona görə də S.Novruzov Çörçillin kefsiz olması barədə mühüm tarixi faktdan danışarkən, gərək cümləsini belə quraydı: “Baş nazir postunda olduğu axırıncı ildə Çörçill kefsiz olur”. Belə desə, düz gələrdi. Çünki o zaman 1955-ci il idi və artıq Stalin də ölmüşdü, Çörçill tək qalmışdı. ABŞ-da Duayt Eyzenhauer, Fransada Rene Koti, SSRİ-də Nikita Xruşşov onun tay-tuşu deyildilər.
Hərçənd bu o qədər də böyük səhv sayılmaz. Cənab Novruzovun açıqlamalarında belə səhvlər dəryada balıq qədərdir, sadəcə dalınca düşüb tutan yoxdur.
Bununla yanaşı, Novruzovda diplomatik riyakarlıq da varmış. Bu təzə xanədəndir. Məsələn, cənab deputat deyir ki, Müsavatın halına yanır, başqan seçkilərində mühafizəkarlar qalib gəlsələr, partiyanın kitabı birdəfəlik bağlana bilər, amma islahatçılar qalib gəlsələr, bəlkə Müsavatı xilas etmək mümkün oldu…
Sanki son 20 ildə YAP-ın əsas arzularından biri də Müsavatın, o biri müxalifət partiyalarının dağılıb getməsi deyilmiş. Bir ara az qala ocaqlara, pirlərə nəzir-niyaz deyirdilər ki, Müsavat da o biri partiyalar kimi 5 yerə parçalansın. İndi Müsavatın halına yanana bax. Riyakarlığa nə gərək var. Hazırda müxalifətçilər YAP-ın dağılmasını səmimi qəlbdən arzulayırlar. Elə bir iş olsa, qurban kəsərlər.
Təbii ki, YAP-çılar da müxalifətə qarşı o cür ülvi arzular bəsləyirlər və heç də arzulamaqla qalmırlar, məqsədyönlü fəaliyyət də göstərirlər. İstəyirlər ki, ölkədə müxalifət olmasın, bunlar da qorxusuz-ürküsüz 300 il hakimiyyətdə olsunlar.
Adam Google-dən axtarış versə, Siyavuş Novruzovun, Mübariz Qurbanlının, Əli Əhmədovun, Bahar Muradovanın, Aydın Mirzəzadənin müxalifətə dair söylədiyi yüzlərlə cümlə tapa bilər. Hamısı da təxminən belə bir rezüme ilə bitir: “Ölkədə müxalifət yoxdur, fəaliyyətləri sıfıra bərabərdir”.
Bu cənab ilk dəfə kamera və mikrofon gördüyü gündən bu günədək nə qədər söz danışıbsa, içində ədalətin yalnız “əda”sı olub, “lət”i olmayıb, həmişə tərsinə, daima öcəşkən danışıb.
Di gəl, müxalifət düşərgəsindəki partiyaların funksionerləri bir-birini vurmaq üçün mütləq Siyavuş Novruzov etalonundan istifadə edirlər: “Mənim Siyavuş Novruzova hörmətim var, nəinki müsavatçı filankəsə. Çünki Novruzovun mövqeyi aydındır, amma bunun…”; “Məncə, cəbhəçi filankəsdənsə Siyavuş Novruzov yaxşıdır, o, heç olmasa öz liderini satmayıb” və sair və ilaxır.
Bəli, YAP hakimiyyətdə o qədər qaldı ki, axırda həm “Talıbov modeli” əmələ gəldi, həm də Siyavuş Novruzov sədaqət simvoluna, səbat etalonuna çevrildi.
İngiltərəyə gedənlər ser Çörçillin məzarına diqqət yetirsinlər, bir tərəfi çatlamış olmalıdır…