(“Hərəyə bir bıçaq soxaq!” vətəndaş aksiyasından doğan düşüncələr)
Xalqımızın, iqtisadiyyatımızın analoqu olmayan şəkildə inkişafı ilk növbədə davranışlarda özünü göstərir. Son çağlar vətəndaşlarımız sözün əsl mənasında yerlə-göylə əlləşirlər.
Misal üçün, təzəlikcə azı 2 təyyarədə dava salmağı bacarmışıq. Bunlardan birində azərbaycanlı qaqaş Dubaydan Moskvaya uçan təyyarəni birbaşa İrəvana endirmişdi. İkinci hadisə isə Həştərxan üzərində olub. Moskvadan Qəbələyə uçan təyyarədə sərnişin stüardessa ilə münaqişə edib, məcburən uçağı endiriblər.
Düzdür, ikinci halda əslən soydaşımız olan Rusiya vətəndaşından söhbət gedirdi, ancaq nə dəxli? Əsas odur soy-kökü bizdəndir, fəxrimizdir, qürur yerimizdir. Hərəmiz bir təyyarə endirsək Qarabağ harayımız hər yana yayılar, o cümlədən, dünyada ən uzun ikinci bulvarın Bakıda qayırıldığını hamı bilər.
Hər cür üsullarla, bütün mümkün vasitələrlə dava eləyirik. Başqa iki misala baxaq.
Sentyabrın 8-də Cəlilabadın Göytəpə yaşayış məntəqəsində bir nəfər dükanın qabağını sulayırmış. Suyu atdığı yerdə maşın keçib, su açıq pəncərədən sürücünü isladıb. Sürücü düşüb deyib ki, ayə, nə olsun su həyat mənbəyi olaraq qalır, bu nə hərəkətdir? Dükançı da deyib, su aydınlıqdır. Bundan sonra süpürləşiblər, dükançı sürücünü bıçaqla dəlmədeşik edib.
12 sentyabrda Göygöl rayonunda baş verən bıçaqlaşma isə öz mənasına görə hətta “Oazis”dəki bıçaqlaşan yoldaşlara da örnək olmağa layiqdir. Orada bir qaqaş qıza telefonda mesaj yazıb, qızın qardaşı da gəlib bunu bıçaqlayıb ki, sən mənim bacımı niyə sevirsən, onu özüm alacam.
Zarafat edirəm, ikinci hissə olmayıb. Sadəcə, qeyrətli qardaş bacısına mesaj göndərən telefon şirkətini havaya uçurtmalıdır. Mən bunu özümdən yazmıram, bənzər hallar dəfələrlə tərəfimizdən qeydə alınmışdır. Telefon şirkətləri camaatımız arasında ailə-məişət münaqişələrini şiddətləndirmək üçün əllərindən gələni edirlər. Bir dəfə “Azərcell” şirkəti 14 fevral Sevgililər Günü münasibətiylə pulsuz təbrik mesajı aksiyası keçirtmişdi. Sonra rəqəmləri açıqladılar: 25 min abunəçi 55 min mesaj göndərib. Mən də o zaman yazdım ki, “Azərcell” zəhmətkeşlərimizi xəyanətdə yaxalayıbdır, çünki hər bir abunəçi ancaq 1 sevgilisinə mesaj göndərsə ümumi mesaj sayı 25 min olmalı idi, 55 min rəqəmi göstərir ki, bir çoxlarının 2-3 sevgilisi vardır. Şirkət də mənə cavab yazdı ki, sən həyatda aşiq olmamısan, belə zadları anlamırsan, əslində bunun içində Vətənə, Şahdağa, Göygölə məhəbbət də gedir. Guya camaat oturub Mil düzünə sevgi mesajı yazırmış.
Hər halda, yaxşı qurtardıq, şirkət adamı bıçaqlaya da bilərdi.
Dava, bıçaqlaşma, kütləvi süpürləşmələrin artması bir tərəfdən iqtisadi yüksəlişimizi, dövlət siyasətindəki səmimiliyi, mentalitetin, ağbirçək və ağsaqqal, yeznə və yengə, baldız və bacanaq institutlarının rolunun artmasını göstərirsə, digər tərəfdən nisgilli qəlbimizdə işğal edilən torpaqlarımızın azad olunmasına ümid yaradır. Bəs necə, bu gün bıçaqlaşan hər bir gənc sabahın cəsur əsgəridir! İndi bacısına mesaj yazmağı önləyən oğlan sabah BMT kürsüsündən ölkəmizə qarşı 907-ci maddəni ləğv edər! Şeytan detallardadır, xırda işlərdən böyük əməllər törənir. Körpü yolun bir hissəsidir.
Hadisələrin statistikası da müqayisə aparmağa, fərqlənən rayonları seçməyə, gələcəkdə mükafatlandırmağa imkan verir. Məsələn, əgər Binəqədidə kütləvi davada 7 nəfər iştirak edib 3 nəfər xəsarət alırsa, Hövsandakı davada 11 iştirakçıdan 5-i yüngül, 4-ü ağır bədən xəsarətləri almışdır, ötən ilin müvafiq dövrünə nisbətdə polis hadisə yerinə gələndə 2 meyit aşkar edilib götürülmüşdür! Sumqayıtdakı davada saxlanılan vətəndaş sayı Masallıdakı süpürləşməyə nisbətdə az olmuşdur.
Prezidentin ehtiyat fondundan park təmirinə pul ayıranda bu amillərin hər biri nəzərə alınmalıdır. Yoxsa sən milyonları al, parkı remont elə, lakin illərlə orda bir kəsin burnu qanamasın, parkın sinəsi hərbə meydan olmasın, minlərlə can qurban olmasın – nəyə lazımdır?
İndi söz əlaqədar təşkilat və müəssisələrindir.