Jirinovski Bakıya gəlməyə hazırlaşırmış. Xoşbəxtlikdən, “hansı Jiirnovski” sualına ehtiyac yoxdur. Dünyada bircə Jirinovski var və o, 25 ildir ki, postsovet məkanının, Avropanın tanıdığı, adı dillər əzbəri olan bir persona(j)dır.
Onun ölkəmizdə geniş tanınmasının iki səbəbi var. Birincisi odur ki, Jirinovski hələ sovet dönəmindən başlayaraq qalmaqallarıyla, avantürist çıxışlarıyla, dava-dalaşlarıyla, irqi, milli, dini ədavət qızışdıran fikirləriylə hər yanda məşhurdur.
Vladimir Volfoviçin ölkəmizdə məşhur olmasının ikinci səbəbi odur ki, dəfələrlə onun şovinist çıxışlarının hədəfi ölkəmiz, xalqımız olub.
Ümumiyyətlə, vaxtilə diplomat sifətilə Türkiyədə işləyən, türk dilini bilən Jirinovski qatı türkofob (türklərə nifrət edən) olaraq qalmır, o, bir slavyan şovinisti kimi, bütün xalqlara qarşıdır, hesab edir ki, Rusiyanın yaxın ətrafındakı xalqlar onun əsarəti altında olmalıdırlar və bu normaldır.
13-14 il öncə o, Azərbaycan xalqı haqqında təhqiramiz ifadə işlətmişdi, sonradan üstünə gediləndə dandı. Bir neçə il öncə də bənzər hadisə baş verdi: Jirinovski xalqımızın, Azərbaycan dövlətinin ünvanına artıq-əskik danışmışdı, Moskvada yaşayan diaspor nümayəndələrimiz onu məhkəməyə vermək təşəbbüsü qaldırdıqdan sonra Volfoviç yenə də geri çəkildi, valı dəyişdi.
Dəfələrlə olub ki, Azərbaycan parlamentində RLDP liderinin ölkəmizə aid dilə gətirdiyi ifadələr, yaxud ermənilərə qahmar çıxaraq, Qarabağın anneksiyasına tərəfdar olduğunu deməsi müzakirə olunub, Rusiya Dövlət Dumasına onun barəsində şikayət göndərilib. Hətta bir ara onun “arzuolunmaz şəxs” elan edilməsi, ölkəmizin ərazisinə buraxılmamasına dair də yüksək səviyyədə müzakirələr gedirdi.
İndi belə bir adam Azərbaycana gəlir və dövlətin inhisarındakı informasiya agentlikləri onun gəlişinə dair xəbərin başlığını bu cür verirlər: “Vladimir Jirinovski Azərbaycandakı inkişafı gözləri ilə görmək üçün səfərə gəlir”.
Demək, “gözləri ilə görməyə gəlir”, qulağı ilə eşitdikləri kifayət deyil.
Jirinovskinin siyasi xəttində baş verən bu dəyişiklik bir neçə aydır ki, müşahidə olunur. Əgər o, Azərbaycana dair açıqlamalarında səmimidirsə, bu, o deməkdir ki, Volfoviçdə az qala mutasiya dəyişkənliyi baş verib. Yox, o, dilinin altına çöp qoyub danışırsa, bizə diplomatik kəf gəlməyə çalışırsa (böyük ehtimalla belədir ki, var), onda bizə bu cür “gözü ilə görən” lazım deyil.
Bu adam Kremldə planlaşdırılan niyyətlərin “müjdəçi qaranquş”udur. Hələ on il öncə Ukraynada Viktor Yuşşenko başda olmaqla “narıncı inqilab” komandası hakimiyyətə gələndə ilk olaraq məhz Jirinovski Ukraynanın iki hissəyə – Şərqi Ukraynaya və Qərbi Ukraynaya parçalanacağını anons etmişdi. Krımın Rusiyaya birləşdirilməli olduğunu ilk deyənlərdən biri Jirinovskiydi və o, mitinqlərdə, parlamentdə, televiziya studiyalarında çığıra-çığıra Rusiya dövlətini bu istiqamətdə fəaliyyətə başlamağa çağırırdı.
Hazırda Azərbaycandakı inkişafı öyən, mövcud hakimiyyətə təriflər yağdıran, “inkişafı öz gözləri ilə görmək üçün ölkəyə gəlməyə hazırlaşan”, bax, bu adamdır.
Söz yox, onun gedəcək başqa bir yeri də yoxdur. Avropa dövlətləri başqa irticaçı rus siyasətçiləri ilə bərabər Jirinovskinin adını da qara siyahıya salıb, “arzuolunmaz şəxs” elan edib, sanksiyaya məruz qoyub. Ukrayna və Gürcüstan üçün Jirinovski adlı siyasətçi çoxdan yoxdur. Baltikyanı ölkələrə də üzükə bilməz. Yerdə qalır Ermənistan və Azərbaycan. İndiyədək dəfələrlə Ermənistanda olan və özünü katolikosdan artıq erməni kimi aparan Volfoviç bu dəfə ölkəmizi “fəth” etməyə gələcək.
Əslində, onun bu səfəri proqnozlaşdırılırdı. Bir neçə ay öncə o, ilk dəfə Azərbaycana dair tərifli sözlər danışanda belə bir fikir səsləndirildi ki, gün gələcək, Jirinovski ölkəmizə gələrək qonorarını, ənamını almağa çalışacaq.
Yəqin ki, RLDP sədrinin səfəri təkcə “inkişafı gözü ilə görmək” deyil, həm də keysini doldurub getməkdir. Bu işlərdə hökumətimizin nə qədər səxavətli olması dünyaya bəllidir.