Terrorçular qərblilərin başını kəsərkən onlara məhz bu rəngdə edam libası geyindirməklə Obamaya mesaj verirlər
İraq və Suriyanı viran qoyan “İslam Dövləti” terror təşkilatı bütün dünyanın diqqət mərkəzindədir. İŞİD silahlıları yaşlı, cavan, körpə – heç kəsə fərq qoymadan onları qətlə yetirir, baş kəsirlər. Üstəlik, elədikləri bu cinayətləri Allah yolunda cihad sayaraq başkəsmə görüntülərini videoya çəkib sosial şəbəkələrdə yayırlar.
Lakin bu edam səhnələrində diqqət çəkən bir məqam da var. İŞİD bu günə kimi başını kəsdiyi (o da dəqiq deyil, montaj ola bilər – E.S.) iki amerikalı jurnalist və bir ingilisə məhz narıncı rəngdə libas geyindirir. Maraqlıdır ki, nə üçün sırf narıncı rəngində paltarda onlar edam olunur?
Bunun bir simvolik mənası və yaxud dini cəhətdən izahı varmı? İŞİD bu rəngli libasda qərbliləri edam etməklə hansı mesajı vermək istəyir? Bu suallara aydınlıq gətirmək üçün facebook sosial şəbəkəsində də kiçik sorğu keçirdik.
Facebook istifadəçilərinin qısa zamanda irəli sürdüyü ümumi mülahizədən belə məlum oldu ki, İŞİD bununla Ağ Ev sahibinə ismarış göndərir. Belə ki, Amerika dövləti ömürlük məhbusların olduğu Quantanamo həbsxanasında dustaqları yalnız narıncı rəngli geyimdə saxlayır.
Başqa bir iddiaya görə, massonlarda narıncı rəng xoş xəbər müjdəçisi, parlaq gələcəyin mənasını verir.
Ancaq daha inandırıcı və məntiqli mülahizə Quantanamo ilə bağlıdır. Çünki Qərbi və Amerikanı hədələyən terror qruplaşması əslində İŞİD lideri Əbubəkr əl – Bağdadinin qisasını aldığını nümayiş etdirmək istəyir.
Təsadüfi deyil ki, əl-Bağdadi Quantanamo həbsxanasında saxlanıb və ABŞ tərəfindən “verborvka” edilərək ortaya atıldığı iddia edilir. Buna sübut kimi ABŞ senatoru Con Makkeynlə əl-Bağdadinin birgə yayılmış fotosu da var.
Siyasi şərhçilər də hesab edirlər ki, İŞİD və onun lideri əl-Bağdadi özündən əvvəlki marginal təşkilat olan “əl-Qaidə” ilə rəhbəri bin Laden kimi Amerika tərəfindən təsis edilən növbəti terror qrupudur.
Qeyd edək ki, İŞİD Suriyada uzun müddət Əsəd rejiminə qarşı apardığı mübarizənin effektsizliyini görüb İraqa soxuldu. Hazırda terrorçular ölkənin Mosul şəhərini və yaxın kəndləri işğalda saxlayır. Onların hər gün bir başkəsmə, uşaq öldürmə, kütləvi edam səhnələri sosial şəbəkələrdə yayımlanır.
Musavat.com