ATV telekanalında yayımlanan “Qız yükü” serialının rejissoru ilə ssenaristi arasında qonorar qalmaqalı davam edir. Artıq serialdan uzaqlaşan ssenarist Arzu Soltan ona çatacaq qonorarı ala bilməməsi ilə bağlı musavat.com-a müraciət edib.
Ssenarist bildirib ki, filmin 7 seriyasının ssenarisini yazsa da, ona 5 seriyanın qonorarı əvvəldən danışıldığı kimi verilməyib:
“Ötən ilin sonlarında ATV telekanalında “Qız yükü” adlı serial yayımlanırdı. Mən həmin serialın ssenari müəllifi idim. Bu serialın rejissoru İntiqam Hacılıdır. Biz onunla 7 seriyanı birgə işlədik. Həmin rejissorun iş prinsipləri, peşəkarlığı, çəkilişin keyfiyyəti məni qane etmədiyi üçün komandada çalışan bir qrup aktyorla birgə serialı tərk elədik.
Mənimlə bu işlə bağlı heç bir müqavilə bağlanmamışdı. Sadəcə, İntiqam Hacılı ilə şifahi razılaşma oldu ki, hər seriya üçün 600 manat alacam. İlk iki seriyanın qonorarın 1200 manat aldım, sonrakı 5 seriyanın qonorarı isə mən serialı tərk etdikdən sonra verilmədi. Mən yanvar ayının sonunda komandanı tərk elədim. Mart ayında isə İntiqam Hacılı mənə cavab verdi ki, biz qonorarı başqa cür hesablamışıq. Sizin yazdığınız ssenaridəki aktyorlar gəlmədiyi üçün biz ssenariyə dəyişiklik etmişik. Ona görə də, sizə 5 seriyaya görə cəmi 900 manat pul verəcəyik. Ancaq bizim danışığımıza görə, bu məbləğ 3000 manat olmalı idi. Aktyorların çəkilişə gəlməməsinin səbəbkarı mən deyiləm və bunun mənim qonorarıma aidiyyatı olmamamalıdır.
Mən də bununla razılaşmadım və İntiqam Hacılının sakini olduğu Biləsuvar rayon məhkəməsinə müraciət etdim ki, mənimlə heç bir müqavilə bağlamadan mənim ssenarimə uyğun film çəkilib, yayımlanıb və mənə verilən vədə əməl olunmayıb, qonorarımı ala bilməmişəm. Məhkəmədə mənim əvəzimdə vəkilim iştirak edib və orada İntiqam Hacılı bildirib ki, mən ATV kanalına gedib, orada müqavilə bağlayıb, qonorarını almalıyam, orada məni gözləyirlər.
Mən ATV-yə getdim. Ancaq məni nə Vüqar Qaradağlı, nə də Vado Karovin qəbul etmədi. Daha sonra mən mətbuat vasitəsilə telekanalın rəhbəri Vüqar Qaradağlıya açıq məktub yazdım.
Ardınca ATV-dən mətbuata cavab verilib ki, bu məsələ rejissorla ssenaristin arasında baş verdiyi üçün onların arasında həll olunmalıdır. Bu məsələnin ATV-yə aidiyyatı yoxdur və telekanal lazım olan məbləği rejissora ödəyib.
Daha sonra məhkəməyə Vado Karovinin imzası ilə məktub göndərildi. Məktubun nömrəsi və tarixi yox idi. Məktubda qonorarın hesablanması məsələsi əsaslandırılıb və qonorar 900 manat qeyd edilib. Bildirilib ki, gəlib müqavilə bağlayıb, pulunu alsın”.
Arzu Soltan onu da bildirib ki, serialın çəkiliş komandasında işçilərdən heç biri ilə müqavilə bağlanmayıb və bu işdə məsuliyyətin İntiqam Hacılıya, yoxsa, ATV telekanalına aid olması da bəlli deyil.
Serialda erotik səhnələrin çəkilməsi məsələsinə gəlincə, Arzu Soltan qeyd etdi ki, bu mövzuda mətbuat böyük yanlışlığa yol verib: “Mən yeddinci seriyadan sonra serialdan ayrılmışam. Erotik səhnə problemi isə bizdən sonra baş verib. Sadəcə hansısa jurnalist xəbərdə qeyd edib ki, serialın ssenaristi mənəm. Digərləri də ondan tirajlayıb”.
Sözügedən mübahisəyə aydınlıq gətirmək üçün ATV telekanalının Televiziya Serialları şöbəsinin müdiri Vado Karovinlə əlaqə saxladıq.
V.Karovin bildirdi ki, Arzu Həsənli (Soltan) və İntiqam Hacılının mübahisəsi ilə bağlı məhkəmədən ATV telekanalına sorğu gəlib və onlar da cavab göndəriblər: “Hazırda məhkəmə Arzu Soltanın iddiasını rədd edib. Bu məsələ rejissorla ssenaristin arasındadır. Bu iki şəxs nədənsə, bir-birini başa düşə bilmir. Biz dəfələrlə Arzu Soltana demişik ki, gəlin müqaviləni imzalayın və sizə düşən qonorarı alın. Ancaq o, müqavilə imzalamaqdan imtina edib. O, burada çalışıbsa, deməli, biz onun qonorarını ayırmışıq, istədiyi vaxt gəlib ala bilər. Qonorarın məbləği isə rejissorla onun arasında olan danışıqdan asılıdır”.
Mübahisədə adı hallanan rejissor İntiqam Hacılı isə musavat.com-a açıqlamasında bildirdi ki, Arzu Soltanın iddialarının əsassız olduğu məhkəmədə sübut olunub: “Məhkəmə onun iddialarını rədd elədi və bu barədə qətnamə çıxarıldı. Bu mübahisə yaradıcılıq prosesində baş verib. Mən baş verənlərin hamısını danışmaq istəmirəm. Sadəcə, Arzu xanım rejissorun qoyduğu sujet xəttindən kənara çıxdığı üçün mən də serialın müəllifi olaraq, onu işdən uzaqlaşdırdım.
Serial Sevinc Elsevərin “Şəhər” romanının motivləri əsasında çəkilirdi. Ancaq Arzu Soltan bu xəttdən kənara çıxdı və serialın müəllifi kimi mən onunla işləməkdən imtina etdim. Onun iddiasının əsassız olduğu isə məhkəmə qətnaməsində təsdiq olunub”.
Musavat.com