Naşir Şahbaz Xuduoğlunun musavat.com saytında gözəl bir yazısı dərc olunub. “Uşaqlığın bir mövsümü” başlıqlı yazını memuar janrına da aid etmək olar, hekayə janrına da.
Bu materialı oxuyanda adamın gözünün qabağına Nobel ödüllü yazar Soljenitsının “İvan Denisoviçin bir günü” romanı gəlir və fikirləşirsən ki, əslində Şahbaz qələmə aldığı bu acı reallıqları bir az da ətə-qana doldurub, bədiiləşdirərək gözəl bir roman yaza bilərdi. (Allahdan, onun nəşriyyat problemi də yoxdur).
Söhbət müəllifin uşaqlıq yaşantısından, sovet dönəminin gerçəkliklərindən gedir. Hekayətin qısa məzmunu belədir: 1979-cu ildə, 11 yaşı olanda Şahbaz dağ rayonlarından səfərbər olunaraq Mil düzündə pambıq toplanışında iştirak etməyə gələnlərin sırasında olur və sərin dağdan gəlib isti aranda məşəqqətlərlə üzləşir: şəraitsizlik, susuzluq, ağır qul əməyi, qida çatışmazlığı, sanitar-gigiyenik problemlər, toz-torpaq, hər tərəf zəhər və s. Bir də bunların arasında valideynlərindən, böyüklərindən bir günlük yol məsafəsi qədər uzaq olan 11 yaşlı uşaq.
O illərdə hər yanda beləydi, pul-paraya ehtiyacı olan insanları dağ rayonlarından gətirib aranda işlətdikləri kimi, aran və dağətəyi rayonlarda da hər kəs, o cümlədən məktəb yaşlı uşaqlar məhsul toplanışı mövsümündə işləməliydi.
1 sentyabr bizim üçün dərs ilinin açılması kimi simvolik səciyyə daşıyırdı. Bilik günündə dərsə başlayırdıq, yeni tədris ilinin həftəsi tamam olmuş məktəbi bağlayır, 5-ci sinifdən yuxarı bütün şagirdləri kənd təsərrüfatı məhsullarının (pambıq, üzüm) toplanışına cəlb edirdilər – ta oktyabrın sonlarına kimi, düz iki ay.
Bənzər bu hal ali məktəblərə də şamil olunurdu. 5-ci kurs tələbələrindən başqa bütün tələbələr pambıq, üzüm, alma toplanışına aparılırdılar. Tələbələr üçün bu, bir qədər əyləncəli (necə olmasa da kamp həyatı maraqlı və macəralı olurdu) olsa da, 11-16 yaşlı şagirdlər üçün işgəncə xarakterli idi.
Ancaq hamı razılaşırdı ki, biz təhsilin pulsuz olduğu xoşbəxt sovet dövlətində yaşayırıq və təhsilimizin pulsuz olması, dövlətimizin daha da qüdrətlənməsi naminə ildə bir neçə ay öz uşaq əməyimizdən töhfə verməliyik.
Bunun əslində uşaq əməyinin istismarı, insan haqlarının tapdanması aktları demək olduğunu sonradan bildik. Siz təsəvvür edin, azyaşlıları qızmar günəş altında plantasiyalarda qul yerinə işlədirdilər – 18-ci əsrdə ABŞ plantatorlarının tarlalarında olduğu kimi.
Şahbaz Xuduoğlunun yazısında dövrün acı reallıqları daha kəskin şəkildə göstərilib. O yazıda bir məqama xüsusi vurğu edilib. 11 yaşlı Şahbaz bütün bu əziyyətə, məhrumiyyətə ona görə dözür ki, işsizliyin, pulsuzluğun hökm sürdüyü dağ rayonunda yaşayan ailəsinə maddi yardımı toxunsun, sabah dərsə gedəndə paltar, dəftər-qələm, çanta almağa pulu olsun.
Bizim dövrün uşaqları bir az yüngül, bir az ağır, bu cür şəraitdə oxuyublar. Bizdən əvvəlki nəsil daha böyük çətinliklər görmüşdü: qışın qarında, yağışında 8-10 kilometr uzaqdakı məktəblərə piyada getmək, çarıq geymək, kitab, dəftər çatışmazlığı, dərsləri çıraq işığında hazırlamaq, isti paltar (palto, uzunboğaz çəkmə) yoxluğu və sair. Ancaq o nəsil bu çətinliklərə baxmayaraq, oxumuşdular və bu gün universitetlərdəki ahıl professorlar o dövrdə çətinliklə təhsil alanlardır.
Bizim nəsil də pis-yaxşı oxudu, təhsil aldı, bir tərəfə çıxdı. İndiki nəsil isə təhsil almaq baxımından ideal şəraitdədirlər. Onları işlədən yox, ora-bura buyuran yox, məktəblər yaxında, kitab, dəftər, qələm, digər məktəb ləvazimatları bol, təmiz, işıqlı siniflər, hər fəsilə uyğun əlverişli geyim-kecim – bir sözlə, oxumaq üçün hər şərait var.
Çatışmayan nədir? Həvəs. Şagirdlərin tam əksəriyyətində oxumaq həvəsi yoxdur. Müəllimlərin çoxu da dərs vermək həvəsində deyil.
Hazırda 11 yaşlı uşaqları 500 metr aralıdakı məktəbə tək buraxmırlar, ya maşınla aparırlar, ya da piyada müşayiət edənlər olur. Amma bizim dövrümüzdə 11 yaşlı uşaqlar ya rayondan rayona, ya da kənddən kəndə yük maşınlarının banında məhsul toplanışına aparılırdı, qul tək işlədilirdi.
İndiki nəslin o cür hekayətləri oxumaları lazımdır – bu günlərinin qədrini daha yaxşı bilsinlər deyə. Şahbaz Xuduoğlunun bu sətirlərin müəllifinə dediyi kimi, onların nağıl bildikləri şeylər bizim gerçək həyatımız olub.