Dünənki yazımda kütləvi davaların artmasından, xalqımızın bir-birinin şirin qanına susamasından bəhs etmişdim. Axşam xəbər lentinə baxdım, gördüm daha bir unikal dava olubdur: Abşeron rayonunda televizorun səsi üstündə bir sürü kişi bıçaqlaşıb, xəstəxanaları və polis bölməsini doldurublar. Biri televizorun səsini çox veribmiş, o birilər də deyiblər səsi azalt. Səsi verən deyib azaltmıram, əcəb edirəm. Vəssalam. Bundan sonra qan su yerinə axmışdır.
Həyat həmişə bizdən bir addım qabaqdadır, o səbəbdən dünənki yazımın artıq köhnəldiyini gördüm.
Əlbəttə, biz bundan nəticə çıxardıb ümumiyyətlə telekanalizasiyaları qadağan edə bilərik. Guya nəyə yarayırlar? Ramiz müəllimin dövlət müşavirəsində qeyd etdiyi kimi, adətən yanlış məlumatlar yayırlar, həlak olan əsgərlərimizin sayını şişirdirlər, ermənilərdən aldığımız rayon sayını süni şəkildə artırırlar, Tolikin vətənsevər, Elşad Xosenin kosmopolit çıxışlarına yer verərək gənclərimizin təlim-tərbiyəsinə müsbət təsir göstərirlər. Özünüz baxın, son müşavirədən keçən günlərdə bir əsgərimizin də burnu açıq-aydın şəkildə qanamayıbdır. Bəlkə qanayır, amma heç kim bilmir.
Bixəbər olmaq dünyada ən böyük xoşbəxtlikdir, misal üçün, dəvəquşular təhlükə anında başlarını quma soxurlar, düşmən onların başını görmür. Uzağı arxa hissəsini görür, bu da önəmli deyil. Əsas başdır.
Nə isə, yabayla dovğa içdik, qarışqa mindik çay keçdik… Sizə nəql edim başqa əhvalatlardan. Maşallah, davalarımızın koloriti gündən-günə artmaqdadır.
Nəsimi rayonu ərazisində bir nəfər yaşlı qadın avtobusda ona yer vermədiyi üçün əlindəki 3 kiloluq balonla gənc oğlanın başına vurmuşdur. Balon sınıb. Gənc isə Misir müəllimin təhsil naziri işlədiyi dövrdə birinci sinfə getdiyi üçün başına heç nə olmayıb. Bəzi məlumatlara görə içi tamam boş imiş.
Səbayel rayonunda iki qonşu Ay işığına görə dava edib. O deyib işıq mənim həyətimə düşür, bu deyib yox, mənim, axırda yabalaşıblar. İnsan tələfatı yoxdur, bir rayon sakini həlak olub.
Kürdəmirdə kəndliləri ağcaqanad dişləyib, sonra bunlar bir-birini dişləyiblər.
Füzuli rayonu istiqamətində iki məcburi köçkün toyda “Əjdər əmi”, yoxsa “Maral-maral” mahnısına oynamağın elmi mübahisəsini ediblər. Bəy və gəlin ağır bədən xəsarətləri almışdır, toya yığılan pul hüquq-mühafizə orqanları tərəfindən aşkar edilib götürülmüşdür.
Bakı Rəssamlıq Akademiyasının ikinci kurs tələbələri öz professorlarının başını rəngli boya vedrəsinə soxublar.
BDU kimya fakültəsinin müəllimi isə dərsini oxumayan tələbəni sulfat turşusunda əritmişdir.
Xəbərlər çoxdur, hamısını yazıb çatdıra bilmirəm. Ümumiyyətlə, həyata rasional yanaşmaq lazımdır. Sadə olmalıyıq. Qədim yunan filosofu, yeddi müdrikdən biri (kül qədim yunanların başına, onlarda cəmi 7 müdrik olub, bizdə isə hər məhəllədə 77 müdrik ağsaqqal yaşayır) Bianta aid əhvalat var, deyirəm fürsətdir, onu da yazının bu yerinə dürtüşdürək, getsin işinin dalıyca. Onsuz köşədə bir qədər yer qalıb, nə təhərsə doldurmaq lazımdır.
Bir gün farslar Biant-ın yaşadığı Priena şəhərinə hücum edirlər, camaat əşyalarını, ev-eşiyini yığışdırıb qaçır. Görürlər filosof da şəhərdən çıxır, ancaq əlində heç zad yoxdur. Deyirlər, Biant bəy, bəs sənin əşyaların hanı? Biant deyir: “Omnia mea mecum porto”. Bu ifadə dərhal dahiyanə bir söz kimi cahana yayılır, mən də təzəlikcə oxumuşam, əziz və hörmətli oxucularıma çatdırmağı özümə borc bildim. Həmin cümlənin bizim dilə tərcüməsi belədir: “Nəyim varsa, üstümdədir”. Filosof bununla insanları sadə yaşamağa, təvazökar olmağa səsləmişdir. Yoxsa bizdə məmurlar var, bütün sahələri qapazlayıblar, noxuddan tutmuş çaya, qənddən duza, telefon konturundan neftə qədər hər şeyi əllərinə alıblar, görməmişlik edirlər.
Sadə insan olmağın gözəllikləri, insana verdiyi azadlıqlar təsvirə gəlməzdir. Gərək bunu yaşayıb həzz alasan.