Bir neçə gün öncə şəhərin mərkəzində olduqca adi və yayğın bir hadisə baş verib: küçədə ayağının birini divara söykəyəyərək gəlib-gedənlərə tamaşa edən, arada gözləri kəsdirdiklərinə söz atan, guya ki, cavanlıq edən üç növcavan növbəti “qurban”larına sataşıblar.
Birinci abzasda dediyimiz kimi, bu adi haldır, hər gün Bakıda, eyni zamanda ölkəmizin mədəniyyət paytaxtı olan şəhərdə minlərlə qıza, gəlinə söz atır, sataşırlar. Avropada, Amerikada, sair mədəni ölkələrdə “cinsi xarakterli sataşma” sayılan və qanunun bütün sərtliyi ilə cəzalandırılan bu cinayət növünə görə ölkəmizdə heç kəsə güldən ağır söz deyilmir.
Hərçənd bəzən söz atılan qızın, gəlinin yiyəsinin (atası, qardaşı, əri, nişanlısı) böyürdən çıxıb sataşanları təpiyinin altına salması kimi hallar baş verir. Bu da 0,01 faiz təşkil eləmir. Çünki sataşqan gədələr adətən tək qadınlara, yanında kişi xeylağı olmayanlara “ilişirlər”. Beləsi daha rahatdır. İntəhası, on min haldan birində tək qadının qayıdıb sataşanlara cavab verməsi halı da olur.
Bir neçə gün öncə şəhərin mərkəzində baş verən hadisə belə bir məcrada inkişaf edib. Ayağının birini divara söykəyən gədələr yeni dərs ilinin başlanması ilə küçələrə çıxmış qarşı cinsin nümayəndələrini görərək qızmış olmaları səbəbindən sataşdıqları qadının arxasınca fit çalıblar, türkün sözü, tacizlərini uca səslə davam etdiriblər. Belə olanda həmin qadın, bir az da feminist ruhlu olması, fağır-fasıq olmaması üzündən onlara cavab verib. Nəticədə gənclər daha da həyasızlaşıblar. Təhqir, söyüş, qışqırıq.
Belə vəziyyətlərdə dillənən qadına adətən nə deyərlər? Bəli, onu da deyiblər. Ətrafdakı dükançılar, taksi sürücüləri, yol keçənlər hamısı ağzını ayırıb tamaşaya durubmuş. Bir nəfər yaxınlaşıb demirmiş ki, ey gənclər, küçəylə yolunu gedən tək qadınla nə işiniz var, camaata niyə sataşırsınız.
Xüləs, 102-yə zəngdən sonra işə polis də qarışıb. Gənclərdən birini bölməyə aparıblar, sonra tanışlıqla buraxıblar. Sosial şəbəkədə, mediada bu barədə yazılandan sonra işə hazırda BŞBPİ-də baxılır.
Bu, hadisənin qısa xronikası idi, indi keçək başqa mətləblərə. Onu da qeyd edək ki, başına iş gələn qadın yazı-pozu adamıdır, media mühitində tanınır. Düzdür, bir çoxları onun “jurnalist” kimi təqdim edilməsinin əleyhinədir, amma bu xanımın azı beş saytda yazıları gedib. İndi deyirlər ki, o jurnalist deyil.
Yaxşı, jurnalist deyil, olmasın. Heç müəllimə də deyil, adi qadındır, yol keçəndir. Bu o deməkdir ki, cinsi istəklərinin Everestə dırmaşması üzündən küçədə, metroda, avtobusda erkək meymun səsi çıxaran yanıq gədələr ona sataşmalıdır? Belə cavanlıq və ya kişilik olurmu?
Bəziləri deyirlər: “Bizə niyə sataşmırlar?” Niyə sataşmırlar ki? Bal kimi də sataşırlar. Yetər ki, qadın bir az gözəgəlimli olsun. Belə seksual manyaklar yalnız o qadına sataşmırlar ki, gözlərinə uyğun görünmür, ondan umacaqları olmur, yerdə qalan hamıya sataşırlar.
“Povod verməsələr, sataşan olmaz”. Belə deyənlər də var. Havayı söhbətdir. Manyak gədələr bəhanə verənə də, verməyənə də sataşırlar. Bunların əlindən qadınlar yolda maşın sürə bilmirlər, elə marıtlayıb baxırlar ki, sanasan, qadın deməlidir: “İlk döngədə saxla gəl, gedək dəniz qırağına”.
Bu, sosial problem olmaqla yanaşı, bir az da mədəniyyət problemidir. Əlbəttə, bu məsələdə 39-42-ci paralellərdə yerləşməyimizin də böyük rolu var. İtaliya da eyni meridian və paralellərdə yerləşdiyindən orda da qızmış “meymun”lar çoxdur. Hətta sabiq baş nazir Berluskoni bu problemi şərh edərkən təxminən demişdi ki, gədələr neyləsinlər, italyan qadınları çox gözəldir, onlara sataşmamaq mümkün deyil.
Amma bu iş belə getməz. Görünür, bu məsələdə qanunları sərtləşdirmək və tətbiq etmək lazım gələcək. Necə ki, əvvəllər qız qaçıranlara bir söz deyən yox idi, polis işə qarışanda da ağsaqqallıq edib gəncləri evləndirirdi. Hazırda isə qız qaçıranlar “adam oğurluğu” maddəsinin altına girirlər, şikayətin geri götürülmədiyi halda türmədə günləri qara olur.
Gün gələcək, küçədə qadınlara sataşanların bir dəstəsi içəridə haqq-hesab verəcək. Əlinizi və dilinizi farağat qoyun.