Bildiyiniz kimi ölkəmizdə müxtəlif -istər milli, istərsə də beynəlxalq səpgidə gözəllik müsabiqələri təşkil olunur. Lakin son 2 ildə keçirilən gözəllik yarışmalarında diqqəti cəlb edən digər bir məqam isə həmin yarışa qatılan qızların bikini ilə səhnəyə çıxmamasıdır. Gözəllik yarışmalarının pərdəarxasında yayılan məlumatlara görə, gözəllik yarışmalarında qızların bikini ilə səhnəyə çıxmasına qeyri-rəsmi qadağa fəaliyyət göstərir. ANS PRESS-in oxu.az-a istinadən verdiyi məlumata görə, Səhnəyə bikini ilə çıxmaqdan imtina edən müsabiqə iştirakçıları sosial şəbəkə istifadəçiləri, sıravi vətəndaşalar tərəfindən belə geyimə görə təhqir olunduqlarını əsas gətirirlər. Yaxın keçmişə nəzər salsaq görərik ki, “Miss Azerbaijan- 2013” və “Miss Azerbaijan -2014” Milli gözəllik müsabiqələrində modellər səhnəyə bikinidə çıxmamışdılar. Bu, ölkəmizdə keçirilən milli gözəllik müsabiqələri tarixində ilk dəfə olmuşdur. Amma yenə də qınayanlar tapıldı… Məlumat üçün bildirək ki, “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri respublikamızda 1996-cı ildən etibarən keçirilir. 2006-cı ilə qədər “Miss Azerbaijan” milli gözəllik müsabiqələri Azərbaycan Mədəniyyət Nazirliyin lisenziyası əsasında keçirilirdi. 2006-cı ildən sonra Nazirlik yeni qaydalara əsasən mədəni-kütləvi tədbirlərin və o cümlədən müsabiqələrin keçirilməsinə lisenziya verilməsini ləğv etdi. “Miss Azerbaijan” Milli gözəllik müsabiqələrinin təsisçisi və təşkilatçısı,Təşkilat Komitəsinin sədri Orduxanova Anelya Abdullayevnanın məsələyə münasibətini öyrəndik: “İlk dəfə olaraq 2013-cü ildə modellər səhnəyə bikinidə çıxmadıllar. Bu, onların öz istəyi ilə oldu. Hazırkı dövr internet, kompüter zəmanəsidir. Modellər bikinidəki geyimlərinə görə Facebook sosial şəbəkəsinin istifadəçiləri tərəfindən tənqid və təhqir atəşinə tutulurlar. Məhz bu səbəbdən də təşkilat komitəsi qızların istəyini nəzərə aldı. 2014-cü ildə də eyni addımı atdıq. Amma bunun həmişə davam edib-etməyəcəyini söyləyə bilmərəm. Çünki bu, yarışma iştirakçılarının istəyindən asılıdır. O cür geyimlərin əvəzində onlar qısa şort və köynəklərdə səhnəyə çıxa bilərlər. Çünki onların bədən quruluşuna düzgün qiymət verilməlidir. Burada digər nüans isə milli-menatalitet məsələsidir. Axı bu, onların sənətidir. Bu cür təhqirlər olmamalıdır”. “Miss Azerbaijan 2013” milli gözəllik müsabiqəsinin iştirakçısı, model Minarə Allahverdiyevanın da fikirlərini öyrəndik: “Mən müsabiqəyə həmin il məhz bikini olmadığı üçün qatılmışdım. Düzdür, təşkil olunan gözəllik müabiqələrində bikinin olması vacibdir. Çünki modelin bədən quruluşuna düzgün qiymət verilməlidir. Amma mən və mənim kimi bir çox modellər bikini ilə səhnəyə çıxmağa qarşıdırlar. Çünki biz Azərbaycanda yaşayırıq. Bizim ölkəmizdə bunlar birmənalı qarşılanmır. Mən Azərbaycanda keçirilən gözəllik müsabiqələrində modellərin bikini ilə səhnəyə çıxmalarına qarşıyam”. Tez-tez çılpaq fotosessiyaları ilə gündəmə damğasını vuran model Nuridə Əliyeva isə bunları söylədi: “Yaxşısı budur ki, qadın görən kimi təlaşa düşənlər üçün yazılmamış qanunlar olsun. Bizdə mentalitet yoxdur, yalnız görünüş var. Gözəllik müsabiqələrinə gəldikdə isə orda müəyyən qaydalar var ki, onlarsız, müsabiqə gözəllik müsabiqəsi adlana bilməz. Onda gəlin hamıya çadra geyindirək və yalnız gözlərə görə seçim edək. Bəlkə onda hamı razı qalar. Qiymətlər bir çox meyarlara görə verilir. Üzün gözəlliyi, bədən quruluşu, özünü təqdim etmə bacarığı, geyimi nümayiş etdirmə bacarığına görə və s. İştirakçılarda, ən əsası isə qalibdə yalnız üzü deyil, saçının ucundan dırnağının ucuna qədər hər şey gözəl olmalıdır. Bəlkə kiminsə əyri ayağı və ya selülitli arxası var? Bütün sadalananları görmək və qiymətləndirmək üçün və gözəli seçmək üçün bikini dəfiləsi vacibdir”. Məsələ ilə əlaqədar xalq artsiti Faiq Ağayevin də fikirlərini öyrəndik: “Əgər bu cəmiyyət tərəfindən neqativ qarşılanırsa, keçirilməməsi məntiqlidir.İctimai şərtiliklərə göz yummaq olmur. Müsabiqələri keçirmək olar, amma iştirakçilari cəmiyyətin qəzəbinə səbəb etmək də düzgün deyil. Bikinisiz də ötüşə bilər”. “Miss Milenium” Validə Abbasova bu cür münasibəti vəhşilik adlandırdı: “Mən bunu vəhşilik hesab edirəm. Belə inkişaf etmiş ölkədə çimərlik geyimində müsabiqələr keçirilməyi qadağan etməkdənsə, paltarda çimməyi qadağan etmək daha yaxşı olardı. Gimnastların çimərlik paltarında, güləşçilərin trikoda çıxış etməyi heç kimi qıcıqlandırmır. Niyə görə problem gözəllik müsabiqəsində çimərlik geyimində çıxış edən qızlardadır? Harada görünüb ki, iştirakçılar təşkilatçılara və ya modellər modelyerlərə şərt qoysunlar? Təsəvvür edin ki, Şanelin göstərisində çıxış edənlər Lagerfeldə və ya”Miss Kainat” iştirakçıları Trampa şərt qoyacaqlar?İnternetdə tərbiyəsizlik problemi isə çimərlik geyimində çıxış etməkdən imtina ilə həll olan deyil. Bu tərbiyəsizləri cəzalandırmaq lazımdır, onların təzyiqinə boyun əymək yox. Biz yalançı mənəviyyatçıların nazı ilə oynadığımız üçün vəziyyət onların xeyrinə həll olur”. Azərbaycanda keçirilən bir neçə gözəllik müsabiqələrinin təşkilatçısı Aqil Məmiyev: “Əgər xanım model olmaq arzusundadırsa və bu niyyətlə həmin sahəni seçirsə, əvvəlcədən hər şeyi düşünüb-daşınmalıdr. O bilməlidir ki, zamanı gəldikdə səhnəyə milli geyimdə də, açıq- saçıq geyimdə də, gecə geyimində də, hətta bikinidə də çıxacaq. O, bunun hamısını bu sahəyə gəlməmişdən öncə götür-qoy etməlidir. O ki qaldı, Azərbaycanda modellərin bikini ilə səhnəyə çıxmasına, bu, normal haldır. Belə də olmaldır. Biz sivil ölkədə yaşayırıq. Təşkil olunan gözəllik müsabiqələrində qatı islamçı ölkələrdən- İrandan, Livandan, ərəb ölklərində də modellər iştirak edib. Onlar da digərləri kimi bikinidə səhnəyə çıxıblar. Model o geyimdə podiumda addımlamırsa, onun bədən qüsurlarını bilmək olmur. Bəlkə ayaqları əyridir, bədənində çapıq izi var? Ona görə də mən bikinisiz keçirilən gözəllik müsabiqələrinin əleyhinəyəm”. Tanınmış modelyer Şəlalə Maqsud: “Əgər söhbət gözəllik yarışmasından gedirsə, bu cür geyim mütləq olmalıdr. Çünki gözəlin təyin edilmiş standartlara uyğun bədən quruluşunun olub-olmamasını ancaq o geyimlə dəqiq müyyənləşdirmək olur. Əgər əcnəbi modelləri o geyimdə qəbul edib, sevə-sevə baxarıqsa, niyə bizimkləri normal qəbul edə bilmirik?” Modelyer, dizayner Zümrüd Mirzəliyeva: “Bu qınaq mentalitetdən irəli gəlir. Heç bir zaman düzəlməyəcək. Əgər model səhnədə bikini geyinib ictimaiyyət arasnda özünü normal aparırsa, burada qəbahətli heç nə yoxdur. O, sənəti və davranışları ilə digər insanlara örnək olmalıdır. Çox uzağa getməyək. Qonşu Türkiyə Respublikasında da bu cür qınaqlar olur. Bu, həmişə olacaq. Amma hər şey insanın cəmiyyətdə özünü əsl şəxsiyyət kimi təqdim etməsindən asılıdır. Başqa vaxt müasirlikdən danışırq. Bəs bu məsələdə niyə müasir ola bilmirik?”
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.