Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşib. Bunlar aşağıdakı şəhərlərdir:
Bakı (Azərbaycan), Brüssel (Belçika), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya).
Beləliklə də Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhər sırasına Bakı da seçilib.
Bu, o deməkdir ki, Avropa Çempionatının oyunları ilk dəfə olaraq Avropanın 13 şəhərində keçiriləcək. Yarımfinal və final oyunları İngiltərə paytaxtı Londonda baş tutacaq. Bu, iclasdakı səsvermələrdən sonra müəyyənləşib.
Qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin 1 oyununu qəbul etmək şansınıMünhen, Sankt-Peterburq, Roma və Bakı şəhəri qazanıb.
Qrup mərhələsinin 3 və 1/8 final mərhələsinin 1 oyununu Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlazqo şəhərləri qəbul edəcək.
Tədbirdə Azərbaycanı AFFA prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Modern.az