“Qarabağ” klubunun müdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsində “Sent Etyen”lə qarşılaşdıqları oyun (0:0) haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, o, qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb
– Oyunla bağlı fikrlərini bilmək istərdik…
– Dünyada kifayət qədər tanınmış futbolçulara qarşı oynadıq. Maraqlı qarşılaşma oldu. Məncə, 90 dəqiqə ərzində çatışmayan yeganə şey qol oldu. Doğma azarkeşlər önündə yaxşı çıxış etdik. Növbəti oyunlara da bu cür hazırlaşmalıyıq.
– Matçın sonlarına doğru sanki heç-heçə ilə razılaşmışdınız…
– Avropa Liqasının oyunlarında qalib gələ bilmirsənsə, heç olmasa bir xal qazanmalısan. “Sent-Etyen” kimi komandalar rəqibini hər dəqiqə cəzalandıra bilər. Həm də ola bilər ki, oyunun sonunda müəyyən qədər yorulduq və temp aşağı düşdü. Son dəqiqələrdə maksimum diqqətli olmağa çalışdıq.
– Səncə, qolsuz heç-heçə başlanğıc üçün uğurlu nəticədir?
– Pis nəticə deyil. Hər oyunda qazanılacaq xal uğurumuzdur. Qalib gəlmək istəyirdik. Ancaq bir xalla başladıq. Düşünürəm ki, belə oyunla, azarkeş dəstəyi ilə növbəti matçlarda daha yaxşı çıxış edəcəyik.
– Xeyli qol epizodu oldu ki, istifadə edə bilmədiniz.
– Bəli, qələbə qazanılası bir oyun idi. Ancaq “Sent Etyen”i məğlub edə bilmədiyimiz çün çox təəssüflənməməliyik. Çünki rəqibimiz kifayət qədər güclü idi. Əsas odur ki, komanda olaraq yaxşı oyun nümayiş etdirdik. Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik. Çünki bu gün zəif nöqtələrimizi gördük.