“Nə əcayib sürü, yahu, bunlar, Öndə rəhbərlik edər meymunlar. Rəqsi təlim ediyor axsaqlar, Əzəmət düşkünüdür alçaqlar” (Hüseyn Cavid)
Azərbaycan zindanlarında məhbuslara işgəncə verilir, bu heç kimə sirr deyil. Döymək, elektrik işığı və səslə bezdirmək, ac qoymaq və sair zorakılıq üsulları bizim cəzaçəkmə müəssisələrində geniş yayılmışdır. Təzəlikcə Leyla Yunusun Kürdəxanı türməsində döyülməsi, təhqir etdirilməsi növbəti faktdır, onun vəkilləri də təsdiqləyiblər.
Birləşmiş Millətlər Təşkilatının (BMT) işgəncələrə qarşı komitəsi var, onlar uyğun konvensiyanı imzalamış dövlətlərdə bütün türmələrə maneəsiz girmək hüququna malikdir. Azərbaycan da bu konvensiyanı yalandan imzalayıb, ancaq BMT ekspertlərinə, müşahidəçilərinə türmələrdə monitorinq aparmağa icazə vermirlər. Ən son bu tip biabırçılıq bu ay – 14 sentyabrda baş verdi. BMT işgəncələr əleyhinə komitəsinin müşahidəçiləri Azərbaycan səfərlərini yarımçıq qoyub getməyə məcbur oldular.
Çünki yapistlər onların türmələrdə vəziyyəti araşdırmasına mane olublar. Qoy zindanbaşı Mədət Quliyev və onun təzə mətbuat katibi, NKVD əməkdaşlarına oxşayan Yaşar İsakov buna izahat versinlər. Hər gün yalandan-palandan “bizdə türmələrdə super şərait yaradılıb” mızıldanmaqla deyil ki? Ayıbınız yox idisə, müşahidəçiləri türmələrə buraxaydınız.
Bunu həm də Kəlbəcərdə əsir düşən soydaşlarımız Dilqəm bəyin və Şahbaz bəyin Qırmızı Xaç vasitəsi ilə gətirilən yeni fotolarına görə yazıram. Həmin fotolardan əsir qardaşlarımızın 3 ay ərzində çox sınıxdıqları, zülm çəkdikləri aydın görünür, adamın ürəyi ağrıyır, ancaq neyləyə bilərsən ki? Səni dünyanın harasında olursan-ol, hansı dərdə düşürsən düş – fikirləşən bir dövlətin yoxdur. Ancaq qeyri-insani rəftarla Kürdəxanıda, Güzdəkdə üzləşən dustaqların niyə fotoları yoxdur? Qoy Qırmızı Xaç onların da fotosunu ailəsinə gətirsin. Yoxsa absurd mənzərədir: sən məhkəmədə yapizm əsirlərinin şəklini çəkə bilmirsən, beynəlxalq humanitar qurum isə erməni əsirliyindəki qardaşının şəklini gətirir.
Dərd bununla bitmir. Ən böyük faciələrdən birisi dünyanın başqa bir işgəncə əleyhinə qurumuna… yapistin başçılıq etməsidir. Hardasa 4 ilə yaxındır Avropa Şurasının anti-işgəncə komitəsinə deputatxana əməkdaşımız Lətif Hüseynov başçıdır. Təzəlikcə, 3-4 gün qabaq Lətif əkə Ukraynadan qayıdıb, bizim gülməşəkər agentliklərə açıqlama verirdi ki, Donetsk vilayətində dustaqların, əsirlərin-filanın işgəncə ilə üzləşib-üzləşmədiyini araşdırdıq, nəticələri Ukrayna hökumətinə bildirdik və sair.
Belə yerdə “özünə umac ova bilmir, başqasına əriştə kəsir” məsəli yada düşür. Təsəvvür edin, dünya yaranandan bəlkə bu cür həyasızlıq olmamışdı ki, öz ölkəsində insanlara işgəncə verən bir sistem başqa ölkələrdə işgəncəyə qarşı guya monitorinq, mübarizə aparsın. Ona görə də xiyar əyri bitir. Ona görə də dünyada Avropa dəyərləri, insan hüquqları, konvensiyalar aşınır, dağılır, zibilə dönür. Putin kimi faşistlərə qol-qanad verən bu cür hallardır. Ya da bəlkə bu cür hallar Putin kimilərin artmasından qanadlanır. “Toyuq, yoxsa yumurta əvvəl yaranıb” misalındakı kimi, biz tam əminliklə deyə də bilmərik, misal üçün, Azərbaycan rejimi Avropa Şurasına üzv olandan sonra pozulub, ya Avropa Şurası bizim ora üzvlüyümüzdən sonra korlanıb. Hər iki halı isbat etməyə çoxlu dəlillər saymaq olar.
Bütün hallarda, hər bir insanın vicdanı olmalıdır, onun qarşısında hesabat verməlidir. İnsanı başqa heyvanlardan fərqləndirən həm də vicdanıdır. Belə vicdanlı insanlardan biri İsmayıllı polis idarəsində işləyirmiş. Fərəc Əzizov adlı bu gözəl insanı rejim günahsız məhbuslara qarşı ifadə verməyə məcbur edirmiş. Ancaq Əzizov işdən çıxarılmağa razı olub, nəinki camaata qarşı “üzəduran” olmağa. Bu adamın adı tariximizə qızıl hərflərlə yazılmalıdır. Azərbaycan polisi bu adamdır, balaca uşaqlar polis olmaq istəyəndə “bax, Fərəc Əzizovu tanı, belə polis var idi” deyib əhvalatını danışmalıyıq.