Belə çıxır ki, biz hey yazacağıq, narahat olan insanlar söyə-söyə, gileylənə-gileylənə yaşayacaqlar, əlaqədar dövlət orqanlarının əməkdaşları yalandan “tərəfimizdən tədbirlər görülür” deyə işlərinə başdansovdu yanaşacaqlar, avtomobil xuliqanları isə bildikləri kimi həyat tərzi keçirməkdə, vətəndaşlara narahatlıq yaratmaqda davam edəcəklər.
Bu o paytaxtdır ki, beş-altı il öncə geniş meydanlarında, parklarında hansısa kütləvi aksiya keçirmək istəyən insanların qarşısı alınır, “vətəndaşların istirahət hüququ pozulur” deyə icazə vermirdilər. Hətta dövlət-hökumət telekanalları parklara tökülüşür, şəhər sakinlərindən uzun-uzadı müsahibələr alırdılar, sakinlər deyirdilər ki, müxalifət mitinq, piket keçirəndə istirahət hüquqları pozulur.
O cür istirahət qədri bilən və bunu televiziya vasitəsi ilə ictimailəşdirən insan qruplarının arasında Hüseyn Cavid bağının və şəhərin “Beşmərtəbə” adlanan hissəsinin həndəvərində yaşayan insanlar da vardı.
Bu gün avtoxuliqanların gecə səhərə qədər (əsasən də saat 3-dən 6-ya qədər) maşın oynatdığı məkanlar arasında ən çox adı çəkilən məhz Hüseyn Cavid bağı və “Beşmərtəbə” dairələridir. Xuliqanlar bu yerlərdə insanlara narahatlıq yaradırlar. Amma bir neçə ictimai-siyasi fəaldan başqa səsi çıxan yoxdur. Nə oldu, istirahət hüquqları vardı axı… Niyə dillənmirlər?
Bu məkanların sakinlərinin susqunluğunun səbəbi odur ki, onlar kiminlə rəqs etdiklərini yaxşı bilirlər və şikayət edərək əlavə başağısı çəkmək, hətta həyatlarına problem yaratmaq istəmirlər.
Hamı bilir ki, avtoxuliqanlıq edənlər böyüklərin, vəzifəli, imkanlı şəxslərin övladları, qohumlarıdır və onların belə bir imtiyazları var: istədikləri vaxt istədikləri cür maşın sürə, əylənə bilərlər.
Bunlar o şəxslərdir ki, onlara mane olmaq istəyən yol polislərini küçənin ortasında şapalaqlaya, poqonlarını sökə, sökdürə bilərlər.
Gündüz 5,5 gücdə motoru olan maşınlarıyla ĞORRRR, VIVVĞIRIVVV səsi çıxararaq yolda gedən digər maşınların, səkidə olan piyadaların zəhrini-bağrını yaran bu gənclər üçün heç bir qoruq-qaytaq yoxdur.
Bir neçə gündür mediada bir tələbənin dərsə 650 minlik avtomobildə gəldiyi barədə xəbər dolaşır. Adamın özünün də, atasının da kimliyi bəllidir və onların adını burada çəkməyə lüzum yoxdur. Ancaq onların xeyli müdafiəçilərinin olduğunu qeyd etməmək olmaz.
“Müdafiəçi”lər bu hadisəyə haqq qazandırırlar, yazırlar ki, paxıllıq etməyin, varlı adamların bahalı maşın sürməsi normaldır, bundan yazmaq, bu barədə danışmaq isə pis şeydir. “Sizin olsa siz də elə edərsiniz” yazırlar.
İndi siz təsəvvür edin ki, insanların düşüncə tərzi nə qədər dəyişib, nə dərəcədə deformasiyaya uğrayıb. Bu ölkədə hər cür oğurluğa, quldurluğa, yaramazlığa, pozğunluğa haqq qazandıran yüz minlərlə adam var. Onlara görə, məmurun rüşvət alması, nazirin milyarder olması, büdcənin talanması, insanların aldadılıb soyulması, harınların qudurğanlıq etməsi, qudurmuşların hətta adam öldürməsi – hər şey normaldır və bunlardan yazmaq paxıllıq, gözügötürməzlikdir.
Belədirsə, onda qoy harın gənclər gecə saatlarında “Boinq” və ya səsboğucu qazanı deşilmiş tank səsi verən maşınlarıyla millətin yuxusunu haram etsinlər, insanların həyatına təhlükə yaratsınlar.
Görünür, dövlət rəhbərliyi bu məsələyə yenidən əl qoymalıdır. İlin əvvəlində dövlət başçısı müvafiq mövzuda danışıb barmaq silkələyəndən sonra harınlar bir qədər özlərinə yığışmışdılar. Bahalı maşınlarda cavanlıq, lotuluq edən gənclərin ataları vəzifələrindən qovulmaqdan qorxurdular və öz övladlarına müvəqqəti olaraq dinc olmağı tapşırmışdılar.
Budur, artıq cin şüşədən təzədən çıxıb. Demək, yeni müşavirəyə, yeni-yeni təhdidlərə, təpinmələrə ehtiyac var. Başqa cür olmayacaq.
Anormal ölkə odur ki, yol hərəkətinin təhlükəsizliyini və nəqliyyat sferasındakı bu sayaq xırda məsələləri birbaşa dövlət başçısı hansısa mühüm müşavirədə çıxış edərək həll etsin.
Nə qədər ki, ölkə bu cür idarə olunur, gecə saat 3-də ĞORRR səsi də eşidəcəyik, “Abasqulu bəyin nazıyla çox oynayırsan aaa, Kərbəlayi” siqnalı da.