Bir neçə ay əvvəl gözüyaşlı halda ədalət axtarışına çıxan “Space” telakanalının aparıcısı Zamirə Dadaşova ana olaraq başına gətirilənləri Milli.Az-a açıqlamaqla cəmiyyətdə belə halların təkrarlanmasının qarşısını almaq istəyirdi. Ötən ilin sentyabrında əməkdaşımızla ağlaya-ağlaya danışan aparıcı ilə bağlı bu gün Ali Məhkəmə son qərarını verib.
İlk olaraq Z.Dadaşovanın başına gələnləri qısaca xatırladaq. Böyük bir ailə faciəsi yaşayan, altı ailə üzvünü – ana, qardaş, bacı və 3 bacısı uşağını baş verən avtomobil qəzasında itirən Z.Dadaşova 2011-ci ildə dünyaya gətirmək üzrə olduğu balasını itirib. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında hamiləliyinin 14-cü həftəliyində qeydiyyata götürülsə də, hamiləliyin 7-ci ayında ağrılar hiss edib, həkimi Sona Aslanovaya müraciət edib. Ona heç bir problemin olmadığını, ağrıların təbii olduğu bildirilsə də, ertəsi gün ağır vəziyyətdə Respublika Perinatal Mərkəzə yerləşdirilib və övladını orada itirib.
Başına gələnlərlə bağlı Z.Dadaşovanın ümidlərini Yasamal rayon Məhkəməsi puça çıxarıb. Məhkəmənin qərarından narazı olan aparıcı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Apelyasiya instansiyası Yasamal rayon Məhkəməsinin qərarını ləğv edib. İddia qismən təmin edilib, maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar verib.
Apelyasiya Məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh tərəf Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Uzun sürən məhkəmə çəkişməsinə bu gün son qoyulub. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib, apelyasiya instansiyasının qərarını qüvvədə saxlayıb. Məhkəmənin qərarı ilə cavabdeh tərəf Z.Dadaşova üçün 13 min manat təzminat ödəyəcək.