Modern.az saytı, xaricdə oxuyan azərbaycanlı tələbələrlə müsahibələrin təqdimatına davam edir. Budəfəki müsahibimiz İngiltərədə Birmingem Universitetində təhsil alan Günay Fərzəliyevadır.
Günay Fərzəliyeva 1990-cı ildə Bakı şəhərində doğulub. Nərimanov rayoununda yerləşən 82 saylı pilot orta məktəbdə təhsil alıb. Bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində başa vurub. 2013-2014-cü tədris ilində İngiltərənin Birmingem Universitetinin Beynəlxalq Təhsil Araşdırmaları fakültəsində təhsil alıb.
“Azərbaycanda magistr oxumaq istəmədim”
– Birmingem Universitetində təhsil aldığım fakültə Beynəlxalq Təhsil Araşdırmaları idi. Əslində xaricdə oxumaq uşaqlıq arzum olub. Sonralar çətinlikdən qorxub əl çəkmişdim. Artıq bakalavr pilləsini bitirdikdən sonra düşündüm ki, mən Azərbaycanda magistratura oxumaq istəmirəm və uşaqlıq arzumu reallaşdırıb xaricdə təhsil almalıyam. Mənim üçün İngiltərə ingilis dilinin vətəni kimi prioritet idi. Təqaüd almaq üçün Dövlət Proqramına müraciət etməyi qərara aldım və Təhsil Nazirliyinin təqdim etdiyi siyahıdakı universitetləri araşdırmağa başladım. İxtisası seçmək səbəbim 2 ildən çox bir müddətdə təhsil mərkəzində işləməyim və bu sahəni daha yaxşı bildiyimi düşünməyim oldu. Üstəlik, nazirlik bu ixtisası prioritet olaraq, ixtisaslar siyahısına həmin il ilk dəfə olaraq, daxil etmişdi. Siyahıdakı universitetləri araşdırdım və şəhərin coğrafiyasını, iqlimini, universitetin reytinqini və ixtisasın imkanlarını nəzərə alaraq, bu universiteti seçdim və müraciət etdim. Artıq universitetdən qəbul sənədi aldıqdan sonra, sənədlərimi Təhsil Nazirliyinə təqdim etdim və təqaüdü qazandım.
“Bütün ümidləri Təhsil Nazirliyinə bağlamaq lazım deyil”
– Xaricdə təhsil almaq istəyənlərə nə məsləhət görərdiniz?
– Məsləhətdən çox, tövsiyə edərdim. Əvvəlcə universitetlərin tələb etdiyi dil biliyinin göstəricisi olan sertifikatı (İELTS, TOEFL) əldə etmək lazımdır. Yaxşı götür-qoy etdikdən sonra, ixtisası seçməli və bu ixtisasın mövcud olduğu universitetləri araşdırmalıdırlar. Hətta daha rahat olardı ki, özləri üçün təhsil almaq istədikləri ölkəni də müəyyən etsinlər. O zaman seçim etmək asanlaşır. Mən deyərdim ki, xaricdə universitetlərə qəbul olmaq çətin deyil. Çətin olanı təqaüd almaqdır. Təqaüd almaq üçün isə bütün ümidləri Təhsil Nazirliyinə bağlamaq lazım deyil. Erasmus, Backis, Alrakis, Fulbright, Social Work, DAAD kimi proqramlar var. Bu siyahını daha da uzatmaq olar.
– İlk vaxtlar hansı çətinliklərlə üzləşdiniz?
– Məndə evlə bağlı elə bir çətinlik olmadı. Amma əgər Azərbaycanda olduqları müddətdə yaşayış yerini tutmasalar, ora getdikdə bu artıq çətinlikdir. Mənim çətinliyim internetlə bağlı olmuşdu. İnternetim işləmirdi, nömrəm yox idi və evlə əlaqə saxlaya bilmirdim. Bu həqiqətən orda olduğum müddətdə ən çətin dövr idi. Qalan məsələlərdə isə yaşadıqca insan vərdiş edir. Elə də böyük çətinliyim olmayıb.
“İngiltərədə həyat daha sadədir”
– Azərbaycanla müqayisdə yaşam tərzində, cəmiyyətin fikrində hansı fərqləri gördünüz?
– İngiltərə çox böyükdür və deyərdim ki, hər bir şəhəri ayrı bir ölkə qədər fərqlidir. Mən yaşadığım şəhər çoxmillətli idi. Düşünürəm ki, Birmingem İngiltərənin bu qədər tolerant və hər millətdən nümayəndəsi olan nadir şəhərlərindəndir. İnsanlar rahatdır, komplekslər yoxdur, həyat daha sadədir və insanlar olmayan yerdən problem yaratmırlar. Bizdə mövcud olan komplekslər orda yoxdur.
Stereotiplər deyərdim ki, yox dərəcəsindədir. Ən azından mən buna rast gəlməmişəm. Orda gəlmələr həddindən artıq çoxdur. Mən indi də düşünürəm ki, bizdə də eyni vəziyyət olsa idi insanların reaksiyası necə olardı? Digər məsələ insanların aqressiv olmamasıdır. Hər hansı bir hadisə baş verdikdə, qəza olduqda hər iki tərəf üzr istəyir. Və hər bir şeyə görə təşəkkür edirlər. “Sorry” və “thank you” deyərdim ki, ən çox işlənən iki sözdür. Hətta bununla bağlı zarafatlar da var. Bu yaxınlardan orda universitetdən olan tanışımın Facebook-da bir statusunu oxudum. Xanım yazırdı ki, deyəsən, artıq getdikcə ingilis oluram. Bugün qatarda bir qadın ayağımı tapdaladı və mən üzr istədim.
“Univeristetlərdə bizdəki kimi orta məktəb sistemi qalmır”
– Azərbaycan təhsili ilə ordakı təhsil arasındakı hansı fərqləri hiss etdiniz?
– Təhsilə gəldikdə isə deyərdim ki, müqayisə ediləsi deyil. Mövzu təhsil olsa da, tamam fərqli sistemlərdir. Böyük kampusu var, bu hamıya açıqdır. Bizdə universitetin illərdir gedib-gələn tələbəsindən belə hər dəfə universitetə daxil olmaq üçün tələbə bileti istəyirlər. Kitabxanası böyükdür və zəngindir. Proqramlar tələbəyönümlüdür və tələbədən daha çox əmək tələb olunur. Mən orda 1 il ərzində çəkdiyim əziyyəti Azərbaycanda 4 ildə çəkməmişəm. Univeristetlərdə bizdəki kimi məktəb sistemi qalmır. Tələbə artıq yetişkindir və o özü hər şeyin öhdəsindən gəlməlidir. Təhsil elektronlaşdırılıb, texnikaya hər bir sahəsində rast gəlmək olar.
– Təhsil aldığınız universitetlərdə Azərbaycanlı tələbələr var?
– Bizim universitetdə 20-ə yaxın azərbaycanlı tələbə var. Bu, universitetin tarixində indiyə kimi olan ən böyük say idi. Biz hətta bundan istifadə edərək, Azərbaycan Cəmiyyətini də yaratdıq.
– Azərbaycan üçün darıxırdınız?
– Deməzdim ki, Azərbaycan üçün darıxırdım. Əslində insan hər hansı məkan üçün yox, insanlar və anlar üçün darıxır. Arada olurdu ki, ev üçün darıxırdım, Bakının küçələri üçün darıxırdım, amma bu qədər. Çünki orda loru dildə desəm, başımızı qatacaq o qədər məşğuliyyət var idi ki.
– Azərbaycandakı hadisələri izləyirsinizmi, yoxsa qərib diyarda ölkənizdən bixəbər qalmısınız?
– Facebook hesabı olan insanın Azərbaycandakı, ya da olsun elə dünyadakı hadisələrdən uzaq olma ehtimalı sıfırdır. Bizim insanlar hər şeyi post edirlər, hətta hava proqnozunu belə. Heç bir yerdən oxumasam belə, FB açan kimi bilirdim ki, nələr baş verib.
– Azərbaycanın milli bayramlarını qeyd edə bilirsiniz?
– Qeyd etdiyim ki, bizim qrup kiçik idi, ona görə biz sadəcə kiçik bir universitetdə qazaxıstanlı tələblərlərlə tədbirlər edirdik. Müəyyən günlərdə də özümüz bir yerə yığışırdıq.
“İnsanların küçələrdə pul qazanması çox xoşuma gəlirdi”
– Yaşadığınız ölkənin hansı maraqlı adət-ənənələri var?
– Düşünürəm ki, “sorry” (üzr istəmək) və “thank you” (təşəkkür etmək) gözəl adətdir. Qaydalara əməl etmək də bura daxildir. Hər hansı bir xahişi etdikdə, nəyisə istədikdə mütləq cümlənin əvvəlində “please” (zəhmət olmasa, xahiş edirəm) işlənir. Amma bunun ikinci mənfi tərəfi ondan ibarətdir ki, mənə görə bəzən bu məsələni çox şişirdilər. Bununla bağlı bir karikatura görmüşdüm. Bir kişi dənizdə batır və başqa biri həmin yerdən təsadüfən keçir. Batan insan qışqırır ki, “kömək edin!”, ancaq yoldan keçən fikir vermir buna. Həmin insan qayıdıb ikinci dəfə deyir ki, “cənab xahiş edirəm, zəhmət deyilsə, mənə kömək edə bilərsiniz?!” və yoldan ötən gülümsəyərək, ona köməyə gedir.
Bir də bilmirəm bu nə dərəcə adət sayılır. Orda küçələrdə insanların mahnı oxuyaraq, oynayaraq, nə isə maraqlı şeylər nümayiş etdirərək pul qazanması və eyni zamanda da başqalarını mənəvi qidalandırması çox xoşuma gəlirdi.