Və ya Bakı Jirinovskini Kiyevə təhvil verəcəkmi…
Azərbaycana Kreml emissarlarının səfərləri yenidən çoxalıb. Üstəlik, ölkəmizə şimaldan təşrif buyuranların, demək olar, hamısı odioz antiqərbçilərdir, yəni Amerika və Avropa Birliyində ifrat qıcıq yaradanlar, Qərbin “qara siyahısı”na düşənlərdir. Rusiya baş nazirinin müavini, bu dövlətin hərbi sənaye və təhlükəsizlik məsələlərinə cavabdeh olan Dmitri Roqozon kimi.
İki gün öncə Roqozinin iştirakı ilə Azərbaycanda keçirilən hökumətlərarası komissiyanın toplantısında o, evimizdə oturub ABŞ-ın, Avropanın qarasınca o ki var döşədi. Hələ harasıdır, Azərbaycanın yüksək çinli rəsmisi – baş nazirin müavini, potensial “5-ci kolon”çu Eyyub Yaqubov da ona qoşulub “Roma Papasından artıq katolik elədi”, Rusiyaya Dmitri Roqozindən də çox canıyananlıq göstərməyə çalışdı. Niyə, nə üçün və nəyin qarşılığında? Qərbi bu dərəcədə, çılpaqlığı ilə, üstəgəl, rəsmi səviyyədə asıb-kəsməyə dəyərmi? Rusiya belə siyasi “lütfkarlığı” haqq edibmi?
Başa düşürük, zəmanə pisdir, Rusiya çatana bir təpik vurur, çatmayana daş atır. Putin Rusiyası isə bu dəqiqə Vəfa Quluzadənin təbirincə desək, gerçəkdən də “yaralı ayı”ya bənzəyir. “Ayı” ilə də ehtiyatlı olmaq gərəkir, o ki ola yaralısı ilə. Elə iş də ondadır ki, “yaralı ayı”ya çox yaxınlaşmaq risklidir.
Görəsən, Azərbaycanın siyasi isteblişmentində bunun fərqindədirlərmi? Ciddiyə alınırmı ki, “rus ayısı” ilə nə qədər çox oturub-dursan, bir o qədər qorxuludur, çünki o, tamam ayrı təfəkkürün, ayrı maraqların və instinktlərin daşıyıcısıdır?!
Sözü ona gətiririk ki, Rusiya müstəqil Azərbaycanın, Azərbaycan xalqının qarantı ola bilməz. Olmayıb, olmayacaq. Bizim xoşbəxtliyimiz şimala bağlı deyil, olmayacaq. Moskva Dağlıq Qarabağ problemini də heç vaxt Azərbaycanın xeyrinə həll etməyəcək. Etsəydi, 24 ildə edərdi.
Bizim təhlükəsizliyimizin qarantı dəfələrlə vurğulandığı kimi, qardaş Türkiyənin də təmsil olunduğu Qərb təhlükəsizlik sistemindədir. Bunu son olaraq, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Riçard Morninqstar da məlum qalmaqallı müsahibəsində ciddiliyi ilə səsləndirmişdi. Vurğulamışdı ki, Azərbaycanı xarici müdaxilələrdən yalnız Qərb qorumaq gücündədir.
Odur ki, “əqrəbi” həddən-ziyadə Kremlə tərəf əymək Azərbaycanın köklü mənafeyinə xələl gətirə bilər. Qərblə münasibətləri axara salmağın yolu isə bəlli – ölkədə ilk növbədə siyasi məhbus probleminə son qoymaq, siyasi sifarişlə, şərlənməklə tutulmuş bütün insanları azadlığa buraxmaq lazımdır. Pozitiv haldır ki, bu dustaqların qısa zamanda buraxılması vacibliyini artıq iqtidara yaxın çevrələrdə də başa düşür və dilə gətirirlər. Deməli, problemin aktuallığı yuxarı dairələrə də çatır.
Əfsus ki, bu yöndə real addımlar gözə dəymir… İndi də xəbər yayılıb ki, Kremlin siyasi təlxəyi, dəfələrlə Azərbaycan xalqını təhqir eləmiş, başqa bir odioz antiqərbçi Vladimir Jirinovski Bakıya gəlir. Dərhal xatırladaq ki, Jirinovski Ukrayna dövləti tərəfindən beynəlxalq axtarışa – İnterpola verilib. Bu, o deməkdir ki, Bakıya ayaq basan kimi, bu zat tutularaq Ukrayna dövlətinə təhvil verilməlidir. Əks halda, Azərbaycanla bu dost ölkə arasında xoşagəlməz hal yarana bilər.
O halda Kiyevin bizdən inciməyə tam haqqı çatacaq. Axı, necə olur Dağlıq Qarabağa icazəsiz gedənlər o saat XİN-in “qara siyahısı”na salınır, – çünki beynəlxalq hüquq bunu tələb edir, – amma beynəlxalq hüququn başqa bir tələbinə (İnterpol) etinasız yanaşılır? Görən, rəsmi Bakı bu haqda LDPR liderinə xəbərdarlıq edibmi?
Söz düşmüşkən, bizim milli “Jirinovski”miz – Hafiz Hacıyev onun qulağını kəsəcəyi ilə hədələmişdi…