Belə görünür, cəmiyyətimiz qadağalarla yaşamağa daha vərdişkardır. Bir qədər də dəqiq ifadə eləsək, biz təməl azadlıqlara o qədər həssas deyilik, nəinki yasaqlara və məhdudiyyətlərə.
Əslində 21 il öncə AXC hakimiyyətinin cəmi 11 ay sonra süqut etməsinin səbəblərindən biri elə bu idi – toplum 70 illik fasilədən sonra ona verilən misilsiz azadlıqları, mənəvi nemətləri həzm edə, öz həyat tərzinə çevirə bilmədi, o üzdən bu azadlıqların müəllifinin – AXC iqtidarının müdafiəsinə qalxmadı və təzədən “dəmir əli” üz tutdu, azadlıqların yox, qadağaların bol olduğu neo-sovet rejiminin qayıtmasını təmin etdi.
Peşmandı, peşman deyil – əlahəzrət xalqın özü daha yaxşı bilər. Hər halda, narazı toplumun mövcud hakimiyyəti sevmədiyi mübahisə predmeti deyil. Belədirsə, onda məntiqlə o, bu dəqiqə ən çox azadlıqların xiffətini çəkməlidir. Çəkirmi? Yenə toplumun yerinə cavab verməyəcəyik. Amma və lakin…
Əmması da odur ki, biz ötən 21 ildə arealı ildən-ilə daralan, olan-qalan azadlıqlara da qənimət kimi yox, barmaqarası baxmışıq, baxmaqda davam edirik. Misal üçün, Azərbaycan 23 ildir Rusiyadan öz istiqlaliyyətini rəsmən elan edib, müstəqil dövlətə çevrilib, xalq azadlığına qovuşub. Gəl ki, 2-3 faizi çıxmaqla, soyadlarımız hələ də rus sonluqludur. Hətta illərdir türkiyəli qardaşlarımız bunu bizə irad tutsa da tükümüz tərpənmir. Halbuki, qanun soyadları milliləşdirməyə çoxdan icazə verir.
Bəla bundadır ki, hətta müstəqillik dövründə doğulan 23-24 yaşlı gənc valideynlər də özləri bir yana, övladlarına rus sonluqlu soyadları yazdırırlar. Ona görə yox ki, pis ənənə yoluxucudur, o səbəbdən ki, ictimai şüur istiqlal təfəkkürünə uyğun gəlmir, ondan geridədir, qüsurludur. Məgər soyad dəyişmə azadlığını da vətəndaş dövlətin müdaxiləsi ilə zorən əxz eləməlidir?
Belə görünür ki – bəli. İnsan haqlarına müdaxilə kimi çıxsa da, görünür müdaxilə olmalıdır. Çünki söhbət milli haqlardan, milli maraqlardan gedir. Necə ki, zamanında Mustafa Kamal Atatürk öz xalqının gələcək rifahı naminə latın qrafikalı əlifba da daxil, zorla bənzər islahatlara sövq eləmişdi…
Bəzən dövlətin bu kimi müdaxilələri yerinə düşür və medikamentoz effekt yaradır, bir növ yüksək qızdırması olan uşağa antibiotik vurulmasına bənzəyir: uşaq ağlasa da sonucda iynə onun xeyrinə olur, durumu yaxşılaşır, mərəzdən qurtulur, həkimə nifrəti etimadla əvəzlənir.
Son vaxtlar hökumət bu üsulla yas-toy mərasimlərində israfçılıqla mübarizə aparmağa çalışır. Bir çoxları bu üsula dodaq büzür, insan haqlarına, konstitusion haqlara müdaxilə sayır. Etirazımız yoxdur. Amma axı, cəmiyyət də islah olunmaq, modernləşmək, narkoman kimi bəd vərdişlərdən xoşluqla vidalaşmaq, “aşağıdan” təşəbbüskar olmaq istəmir. İctimai şüurumuz fontan vurmur axı. Necə olsun o zaman? Bu göstərici üzrə biz heç gürcülər, ermənilər səviyyəsində də deyilik.
İctimai təfəkkürdəki boşluğa dair başqa ibrətamiz fakt: hamı bilir ki, ərazilərimiz Rusiyanın birbaşa dəstəyi ilə işğal olunub. Fəqət, Azərbaycanda rusiyayönlü “5-ci kolonçu”ların Ermənistan və Gürcüstandan da güclü şəbəkəsi var – həm də hakimiyyətin öz içində.
Onların ən parlaq nümayəndələrindən olan baş nazirin müavini Eyyub Yaqubov bir neçə gün öncə Rusiyanın ünvanına təriflər yağdırmadımı, gül vurmadımı? Erməni rusdilli KİV-lərini mütəmadi izləyən şəxs kimi əminliklə sizə deyə bilərəm ki, heç tanınmış ermənilərdən Kremlin ünvanına bu cür ifrat dəstək bəyanatları səslənməyib, baxmayaraq ki, erməni məhz Kremlin hesabına Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğalda saxlayır, üstəgəl, rusun sadiq tulasıdır.
Bəzilərinin fikrincə, guya bu da bir siyasətdir. Ancaq adam on illərdir soyadındakı rus sonluğuna biganədirsə, üstəgəl, övladlarının da bu qüsuru daşımasına zəmin yaradırsa, kəsəsi, rus qafalıdırsa, hansı siyasətdən söhbət gedir? Dəniz suyunun dadını bilmək üçün damla da kifayətdir.
Bəlkə siyasət yox, cəhalətdən danışaq?
P.S. Şəxsən mən soyadımdan rus sonluğunu ilk fürsətdəcə ləğv etdirmişəm – 1991-ci ildə…