Şotlandiyadakı referendum və ölkə əhalisinin dövlət müstəqilliyi qazanılmasına səs verməməsi son 50 ildə dünyanı sarmış “müstəqillik fanatizmi” erasının sona çatmasının ilk işartısı sayıla bilər.
Bu, böyük bir tarixi addımdır. Tarixi sənədlər əsasında çəkilmiş, şotlandiyalıların milli-azadlıq mübarizəsindən bəhs edən “Cəsur ürək” filmini xatırlayaq. Bu hadisələr baş verəndə, 13-cü əsrdə dünyada 25-30 dövlət vardı və bugünkü 200 dövlət həmin o böyük imperiyaların müstəmləkələri və ya vassallarıydı. Şotlandlar o zaman müstəqillik sevdasına düşən xalqlardan biriydi.
Əsrlər bir-birini əvəz etdi, saysız-hesabsız müharibələr, üsyanlar, qiyamlar, uğurlu və uğursuz separatçılıq hərəkatları, iki dünya müharibəsi baş verdi, dünya xəritəsi büsbütün dəyişdi, Yer üzündə 200 dövlət əmələ gəldi, amma şotlandlar hələ də müstəqillik qazanmayıblar.
BMT-yə üzv olan dövlətlərin içində neçə-neçə dövlət var ki, heç zaman müstəqillik uğrunda xalq olaraq ciddi mübarizə aparmayıblar, qurban verməyiblər, amma dəyişməkdə olan geosiyasi şəraitdən asılı olaraq, süqut edib çökən, qəlpələnən imperiyaların dağılması nəticəsində məcməyidə dövlət müstəqilliyi qazanıblar. Şotlandlar isə hələ indi referendum keçirirlər.
Ən maraqlısı odur ki, ən azı 700 illik müstəqillik mübarizəsi tarixi olan şotlandlar 2014-cü ildə onlara məcməyidə təklif edilmiş müstəqillik şansını əllərini arxası ilə geri çevirdilər, ondan imtina etdilər. Bu, fenomenal hadisə olmaqla yanaşı, həm də unikal politologiya hadisəsidir.
Şotlandlar qansız-qadasız, müharibəsiz, tam dinc şəkildə müstəqil ola bilərdilərsə, niyə olmadılar?
Bunun çox sadə cavabı var. Şotlandlar ona görə formal şəkildə müstəqil olmadılar ki, artıq çoxdan azad və müstəqildirlər. Onların öz parlamentləri, öz hökumətləri, öz pul vahidləri, öz müstəqil iqtisadiyyatları, öz futbol çempionatları, öz dövlət atributları var, azad və asudə yaşayırlar.
Bəs bu günə qədər davam edən milli-azadlıq mübarizəsi?
Zatən, şotland xalqının 13-cü əsrdə apardığı mübarizənin məqsədi azad olmaq, ingilis ağalığına, dövlət soyğununa, zorakılığına, hüquqsuzluğa son qoymaq, demokratik rejim bərqərar etmək, xalqın firavanlığına nail olmaq idi və şotlandlar da bir çox başqa xalqlar kimi bu arzularına XX əsrin ikinci yarısında çatmışdılar.
Bu gün şotlandların Birləşmiş Krallığın tərkibində olması formal xarakter daşıdığı kimi, dövlət müstəqilliyi qazanacaqları təqdirdə də, bu, formal bir müstəqillik olacaqdı və şotlandlara indiyədək nail olduqlarından artıq bir şey verməyəcəkdi. Hətta daha çox ehtimal olunurdu ki, bu suverenlik şotland xalqının maddi rifahına mənfi təsir göstərəcəkdi.
Hər halda, bu dövlətin siyasətçiləri, elm, fikir adamları, mətbuat təmsilçiləri, irəlidə olanları oturdular, düşündülər, daşındılar, ölçdülər, biçdilər və anladılar ki, dövlət müstəqilliyi məsələsinə emosiya ilə yox, ağıl gözü ilə yanaşsınlar. Elə də etdilər.
Əgər vəziyyət dəyişsə, şotlandlar mərkəzi hakimiyyətdən zülm, ayrı-seçkilik, təzyiq görsələr, yenidən müstəqillik sevdasına düşəcəklər. Bu haqqı onların əlindən heç kəs ala bilməz.
Əslində, hazırda dünyada gedən separatçılıq hərəkatlarının, demək olar ki, hamısının mayasında zülmə, ayrı-seçkiliyə qarşı aparılan mübarizə durur. Kiçik istisnalarla öz evində firavan yaşayan, heç bir sıxıntıya, təzyiqə məruz qalmayan, bütün hüquqları təmin edilən azsaylı xalq müstəqillik eşqinə düşməz.
Bəlkə də Qarabağda müstəqil olmaq, böyük qardaşla birləşərək daha firavan yaşamaq istəyən ermənilərin indiki ağılları olsaydı, belə bir niyyətə düşərək Qarabağı qan çanağına döndərməzdilər. Bu gün Qarabağ erməniləri Azərbaycanın tərkibində de-fakto qalaraq yaşamağa davam etsəydilər, indikindən on qat artıq inkişaf etmiş, firavan halda olardılar.
Şotlandların tarixi qərarı əslində dünya separatçılıq hərəkatına böyük zərbə olmaqla yanaşı, bir çox xalqların gözünün açılması üçün əla örnəkdir. İndi yəqin ki, İspaniyada basklar və katalonlar da öz tarixi mübarizələrinin yeni mərhələsinə adlayacaqlar.
Fakt olaraq ortaya çıxır ki, kiçik və muxtar tiranlıq bərqərar edərək bir sülalənin, bir partiyanın zülmü altında yaşamaqdansa, böyük dövlətin tərkibində olaraq bütün hüquqlardan (firavan yaşamaq, ana dilində təhsil almaq, seçib-seçilmək, öz mədəniyyətini inkişaf etdirmək və s.) yararlanmaq daha yaxşıdır.
İnsan oğlunun əsas məqsədi azad, asudə, firavan, təhlükəsiz yaşamaqdır. Bu, müstəqil dövlətdə də ola bilər, hansısa konfederasiya və ya federasiya daxilində də. Şotlandlar formal asılılıqda müstəqil yaşamağı seçdilər.