Avropa Parlamenti yapistlərimiz haqda qərar çıxardıb, qısa desək, yazıblar ki, haqsız tutduğunuz adamları buraxın, insan hüquqlarına fikir verin, yoxsa sizi Parisə buraxmarıq.
Neft müqaviləsinin ildönümü ərəfəsində Firəngistanda belə qərarlar çıxarılması heç də yaxşı hal deyildir, bunun cavabı isti-isti Səməd Seyidovdan gəlmişdir. Səməd müəllim firəngləri yaxşı tanıyır, hansı yuvanın quşu olduqlarını bilir, neçə ildir ordakı kürü desantımıza başçılıq edir, bu yolda hətta kürkünə birə salmışdır. Daha düzü, Səməd müəllimin kürkünü Strasbörk şəhrində oğurlamışdılar, hələ də tapılmayıbdır.
Uzun sözün qısası, Səməd müəllim deyib ki, bizimlə təzyiq yolu ilə danışmaq olmaz, Azərbaycanın öz müstəqil, suveren yolu var, 600 min manata rayonlara icra başçısı qoymaq istəyən Həsən müəllim kimi müstəqil hakimlərimiz var, biz istəsək Avropanın yarısını neft-qazımızla boğarıq və sair. Nə olsun beynəlxalq konvensiyanı imzalamışıq? Bizim üçün Hacıbala müəllimin işçisi Zaur müəllimin sözü qanundur! Suveren hüquqlarımız var! Üçrəngli bayrağınla məsud yaşa!
Yeri gəlmişkən, Səməd müəllimin etirazında bir cümlə lap xoşuma gəldi. Deyir, Azərbaycan əleyhinə qərar çıxardan avropalıların çoxu heç bizim ölkəmizə gəlməyibdir, burdakı şəraiti yaxından tanımır.
Ay Allah atana rəhmət eləsin! Əlbəttə! Əgər o qərara imza atan firənglər Bakıya gəlib cənab prezidentin ehtiyat fondu hesabına yaxşı yeyib-içib əylənsəydilər heç elənçik mənhus qərara qol çəkərdilərmi? Qətiyyən. Hələ gedəndə hərəsinin pay-pürüşü də təyyarənin baqajına qoyulardı. Məncə, bu işi düzüb-qoşub həmin adamları vaxtında Azərbaycan həqiqətləri, dolma, sarı gəlinlərlə tanış eləmədiyi üçün elə Səməd müəllimin özünə bir yağlı töhmət düşür. Şair demişkən: “Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar”. Hələ bir ayrı məsəl də vardır: “Nə işin var cığırda, Çaqqal səni çığırda!?” Bu axırıncı, deyəsən, ayrı yazıdan idi, ancaq ta oxumusunuz, silsəm nə xeyri?
Ümumiyyətlə, hiss olunur ki, bu Avropada bizim ölkəmizi tanıyan qüvvələr azlıq təşkil edir. Hələ yazda Avropa Şurası ölkəmizdə guya demokratiyanın inkişafı üçün qrantların, yardımların büdcəsini açıqlamışdı.
Yaxın 2-3 il üçün hardasa 3 milyon avroya yaxın puldan söhbət gedirdi. Halbuki, möhtərəm cənab prezidentin sərəncamı ilə təkcə Biləcəridəki dəmiryolçuların istirahət parkına 2 milyon manata yaxın vəsait ayrılmışdı. Niyə uzağa gedirik, elə avqustun 28-də cənab prezidentin başqa bir sərəncamı ilə Beyləqan-Şahsevən-Dünyamalılar yolunun təmirinə də 2 milyon manat ayrılmışdır. Bu da onu göstərir ki, firənglər yaxın illərdə bizim müstəqil dövlətimizə heç zad eləyə bilməzlər!
Yeri gəlmişkən, orda gənclərimizi pozurlar, cürbəcür əxlaqsız yollara sürükləyirlər. Bu yaxında qəzetdə İsveçdə yaşayan həmyerlimiz haqda oxudum. Gənc adam şəhər bələdiyyəsinin üzvü imiş, indi isə İsveç parlamentinə seçilmək üçün namizədliyini irəli sürübdür! Görün necə tərbiyəsizdir, xalqın səsi ilə deputat olmaq istəyir! Beləsi sabah prezident, baş nazir olmaq xülyasına da düşər! Kış-kış… Çiyninizin üstündən tüpürün (yazını avtobusda oxuyanlar eləməsin), yanınızı qaşıyın, bizdə elə şeylər olmasın.
Demokratiya, seçki islahatları sahəsində də Avropaya örnək yerik. Məsələn, bizdə hər seçkidən əvvəl Məzahir müəllimə siyahı göndərilir, o da hansı məntəqənin nəticəsi necə olacaq, hansı məktəbin müəlliməsi neçə bülleteni məməqabında içəri aparmalıdır, neçə nəfər döyüləcək, hansı qəzet bağlanacaq, kim tutulacaq – bunlar hamısı yerli “vızget-poll” vasitəsiylə bilinir. Axırda nəticələr də təxminən üst-üstə düşür, xalq sevinir, gedib bulvarda şpaqat açırıq. Mən eyni halı bugünlərdə Şotlandiyada müşahidə elədim. Orda da əvvəlcədən rəy sorğusu aparmışdılar, birlik tərəfdarları 53 faiz idi. Referendumdan sonra eyni nəticə çıxdı.
İndi necə inanmayasan ki, şotlandlar əslində erməni zülmündən qaçmış Ağdamın Şotlanlı kənd sakinlərinin törəmələridir?