Aktrisa Gülnarə Abdullayevanın Milli.Az-a müsahibəsi.
- Gülnarə xanım, hamı uşaq olarkən xəyalında bir peşəni xəyal edib arzulayır. Siz də uşaqlıqda səhnə eşqi ilə “yananlardan” olmusunuz?
- Düzünü desəm, aktrisa olmaq heç ağlımın ucundan da keçməyib. Məktəbdə oxuyarkən müxtəlif tədbirlərdə fəal iştirak etsəm də, bir gün aktrisa olacağım ağlıma gəlməzdi. Arzum hüquqşünas olmaq idi.
- Bəs necə oldu ki, fikrinizi dəyişdiniz?
- Bəlkə də, inanmazsınız, amma heç özüm də bilmədən aktrisa oldum (gülür). Bir də ayıldım ki, artıq səhnədəyəm. Amma mənim sənədlərimi Dövlət Mədəniyyət və İncəsənt Universitetinə verdiyimi heç kim bilmirdi. Bu işi valideynlərimdən gizlin etdim.
- Hər halda, on ildən çoxdur ki, səhnədəsiniz… Sizcə, bu illər ərzində bir aktrisa kimi nələrə nail ola bilmisiniz?
- Mənim fikrimcə, insan ölənə qədər öyrənməlidir. Mən də özümdən böyük, illərlə təcrübəsi olan sənətkarladan öyrənə-öyrənə gəlirəm. Amma bunu deyə bilərəm ki, teatra gəldiyim gündən etibarən bir-birindən maraqlı və əsas rollarım olub.
- Bəs filimlərə və seriallara necə dəvət almağa başladınız? Bu məsələdə daha çox sizin fakturanız əsas rol oynadı, yoxsa istedadınız?
- Görünüşlə istedad bir-birini tamamlamalıdır. Ümumiyyətlə, aktrisa plastikadan tutmuş oxumağa qədər-hər bir şeyi bacarmalıdır.
- Siz özünüz oxuya bilirsiniz?
- Bəli, səsimin gözəl olduğunu deyirlər. Amma bu səsdən yalnız teatr səhnəsində istifadə edirəm.
- Qayıdaq bayaqkı suala… Serillarımızda vəziyyət necədir? Sizin üçün nə dərəcədə uğurlu olub?
- Mən bu vaxta qədər “Bir ovuc torpaq”, “Sənə inanıram” və s. seriallarda rol almışam. Düşünürəm ki, mənim üçün kifayət qədər uğurlu alındı. Ən azından rejissorların diqqət mərkəzinə düşməyi bacardım.
- Bu vaxta qədər harada idiniz ki? Niyə fəallıq göstərmirdiniz?
- Çünki bir müddət sənətdən tamamilə uzqlaşmışdım, səhnəyə çıxmırdım.
- Səbəb nə idi?
- Ailə qurdum. Uşaqlarla səhnə fəaliyyətini eyni anda çatdırmaq mümkün deyildi. Vaxt məhdudiyyəti var idi.
- Yəqin ki, yoldaşınız da sizin səhnəyə çıxmağınıza ara-sıra qısqanclıqla yanaşırdı…
- Əslində, bu məsələ üstündə elə ciddi bir mübahisəmiz düşməyib. Amma hamıda olduğu kimi onda da qısqanclıq özünü biruzə verirdi.
- Siz də onu qısqanırdınız?
- Mən özüm də qısqancam.
- Maraqlıdır, yoldaşınıza qarşı hirsləndiyiniz zaman əsəbinizi “soyutmaq” üçün nəsə etmisiniz?
- Onun yazdığı məktubları yandırmışam…
- Dram oynamaq ürəyinizdə keçir?
- Əlbəttə. Nə qədər musqili teatrda işləsəm də, komedik obrazlar yaratsam da, bir aktirsa kimi dram da oynamaq istərdim. Çünki aktrisa çoxşaxəli olmalıdır.
- Çoxşaxəli demişkən, rol canlandırmaq baxımından kompleksiniz yoxdur ki?
- Açıq-saçıq rollar mənlik deyil. Elə bilirəm ki, elə rolları ifa etsəm, daxilən narahatlıq keçirdərəm. Hətta bir tamaşada tərəf müqabilimin üzünə toxunmalı, onu hissiyatla tanımalı idim. Təsəvvür edin, onda da üzüm qızarmışdı, özümə yer tapa bilmirdim (gülür).
- Bəs açıq-saçıq geyim necə?
- Bəzi tamaşalar olur ki, rol xatirinə qısa geyinməli oluram. Ancaq ona da bir sərhəd qoyuram.
- Uzun müddətdir ki, Musiqili Teatrda fəaliyyət göstərirsiniz? Kiminləsə konflikt yaşamısınız?
- Tam səmimi deyirəm, belə problemlərlə indiyə qədər rastlaşmamışam. Teatra gəldiyim ilk gündən rəhbərlikdən, aktyor heyətindən çox isti münasibət görmüşəm. Fürsətdən istifadə edib teatrımızın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
Cavidan Abdullayev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.