Türk diplomatlarının 101 gündən sonra İŞİD-in girovluğundan sağ-salamat, burunları belə qanamadan qurtaracağına ümid elə də çox deyildi. Ancaq şükür ki, bu, baş verdi. Çox təsirli səhnəydi. Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin 11 iyundan bəri İŞİD-in əlində olan Mosuldakı diplomatlarını tək-tək bağrına basdı, Baş Konsulun alnından öpdü…
O anda mən öz baş nazirimizi – Artur Rəsizadəni və iyulun 11-də Kəlbəcərdə ermənilərin girov götürdüyü girovlarımızı – Dilqəm Əsgərov və Şahbaz Quliyevi, məzarının yeri bəlli olmayan Həsəni – bu il övladı birinci sinfə gedən vətənpərvər qardaşımızı xatırladım. Çox arzuladım ki, günün birində Artur müəllim də Dilqəm və Şahbaz bəyi bax, beləcə bağrına bassın…
O səhnəni xatırladım, paralellər apardım və çox pis oldum. Türkiyəli qardaşlarımızın azadlığına görə nə qədər qürrələndimsə də, Kəlbəcərdə girov götürülənlərimizə görə bir daha daxilən sındım. Kaş ki, bizim baş nazirimiz də girovlarımızın qaytarılması üçün türkiyəli həmkarı qədər çalışaydı deyə, düşündüm.
Nədənsə bizdə çox şey mövsümi xarakter daşıyır, kampaniya başlayır, sağlıqlar deyilir, uca səslə çıxışlar edilir, yazılar yazılır və uzun sükuta qərq oluruq. Lakin Türkiyə hökuməti aylardır davam edən əməliyyat nəticəsində məqsədinə nail oldu. Bu əməliyyata rəhbərlik etmiş cənab Davudoğlunun Bakı səfərini yarımçıq qoyub ölkəsinə dönməsi də məsələyə verilən önəmin əlamətiydi…
Erməni qatillər də İŞİD-çilər qədər qəddardır, onların hədəfləri fərqli olsa da, hər ikisi bəşəri cinayətlərə imza atırlar. Ancaq Türkiyə hakimiyyəti bu aylarda İŞİD-ə münasibətinə görə nə qədər tənqidlərə məruz qalsa da, sonda hədəfinə çatdı, diplomatlarını geri qaytarmağı bacardı. İndi qalır Mosuldakı azərbaycanlıların – türkmənlərin harayına yetişməsi, onları xilas etməsi.
Ancaq yox, təkcə bu da deyil. Son vaxtlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının güclənməsi, sentyabrın 13-dən 20-dək Azərbaycanda iki qardaş ölkənin silahlı qüvvələrinin tarixdə görünməmiş irimiqyaslı təlimlərinin keçirilməsi böyük ümidlər yaradıb ki, biz günün birində Qarabağa qayıdacağıq, torpaqlarımızı, girovlarımızı, şəhid məzarlarımızı azad edəcəyik. Necə ki, ötən əsrin əvvəllərində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana yürüş edib digər ərazilərlə yanaşı, Qarabağı da Andronikin tör-töküntülərindən azad etmişdi.
O zaman Qarabağın itirilməsi riski indikindən daha böyük idi, ancaq bu, baş vermədi. Ümid edək ki, üstündən bir əsr keçəndən sonra böyük layihələrin iştirakçısı olan, Türkiyə kimi nəhəng dövlətə, gücə arxalanan Azərbaycan tariximizin qara ləkəsini silməyə nail olacaq. Əhməd Davudoğlunun Bakı səfərində Qafqaz İslam Ordusunun Bakını xilas etməsini xatırlatması şübhəsiz ki, düşmənə bir mesaj idi. Baş nazir bu sözləri Türkiyə qırıcıları Azərbaycan səmasında ikən dedi…
Ona görə də ümidimiz var ki, qardaş Türkiyə çalışsa, heç 101 gün də keçməz, Dilqəmlə Şahbazın Azərbaycana qaytarılmasına nail ola bilər. Bununla Ankara həm də danışıqlar prosesində vasitəçilik etmək qüdrətini də sərgiləyər, turist vasitəçilərə dərs verərdi. Onsuz da Türkiyə ilə Ermənistan arasında de-fakto əlaqələr var, hətta İrəvan Ankaradakı inaqurasiya mərasiminə belə dəvət olunur, prezident Ərdoğan ermənilərlə bağlı yumşaq siyasətə üstünlük verir. Bu, hardasa Türkiyə hökumətinin İŞİD-lə bağlı apardığı siyasətin eynidir. Yetər ki, Kəlbəcərdə girov götürülən azərbaycanlıların azadlığı ilə bağlı da ortaya konkret hədəflər qoyulsun. Ancaq öncə biz girov vətəndaşlarımızın məsələsini Türkiyə hökumətinə çatdırmalıyıq ki, onlar da hərəkətə keçsin. Abdullah Öcalan kimi qatili, baş PKK-çını torbaya salıb gətirən Türkiyə hökuməti girovlarımızı geri ala biləcək, buna çox əminəm.
Onların azadlığı üçün hər an çalışmaq lazımdır. İki vətənpərvər insanımız düşmən əlindədir, başlarına nə müsibət gətirilir, bilmirik. Odur ki, Azərbaycan və Türkiyənin müvafiq qurumlarının ortaq müzakirələr aparıb girovlarımızın azad olunması üçün əməliyyata başlaması lazımdır. Yetər ki, ciddi iş aparılsın. Ramil Səfərovu Azərbaycana qaytarmağı bacaran Azərbaycan rəhbərliyinin də bu məsələyə önəm verdiyinə şübhə yoxdur. Ancaq Ramil Sədərovdan fərqli olaraq Kəlbəcər girovları erməni əlindədir, ona görə də ortada üçüncü dövlətin iradəsinin olması lazımdır. O dövlət isə məhz qardaş Türkiyə ola bilər…