Diqqətli oxucularımız yəqin müşahidə ediblər, məndə arxeologiya elminə böyük maraq var. Özəlliklə, Azərbaycanda aparılan arxeoloji qazıntıları həmişə diqqətlə izləyirəm. Bilirəm ki, haçansa bizim burda nə üçün yaşadığımızın səbəbləri torpağın altından çıxacaqdır. Yoxsa ola bilməz 9 milyon adam ancaq bir-birinə torba tikmək üçün bir əraziyə yığışsınlar…
Nə başınızı ağrıdım, mən qazıntıları gözdən qoymuram, arxeoloqlarımız da sağ olsunlar, ümidlərimizi doğruldurlar. Misal üçün, Qəbələdə aparılan araşdırmalar nəticəsində torpağın eramızdan əvvəl, eramızda və eramızdan sonra da Kamaləddin müəllimə məxsusluğu sübuta yetirilib. Bakı ətrafında dənizdə aparılan qazıntılar isə mifik Atlantidanı üzə çıxarıbmış. Siz bəlkə zarafat hesab edərsiniz, ancaq bu mövzuda “sənədli” kinoya mən kor olası gözümlə Azərbaycan telekanalizasiyasında baxmışam. Aparıcı (bu da Qəhrəman müəllimin həmkarı idi, bir azdan anlayacaqsınız) həzin səslə deyirdi ki, Atlantida Pirallahı adası tərəfdə ada-dövlət olub, Aristotel isə Zirə ilə Türkanın arasında qarpız satan kəndli imiş.
Bu günlərdə daha bir şad xəbər Naxçıvandan gəlmişdir. Xəbəri gətirən əziz yoldaş isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi (o bizə həmişə xəbər gətirdiyi üçün “aparıcı” adını qazanıbdır) Qəhrəman Əzizovdur. Qəhrəman bəyin başçılığı altında cəsur arxeoloqlarımız Kəngərli rayonu, Şahtaxtı kəndində 3 min il yaşı olan bir dəfn yeri aşkar ediblər. Burada tapılan qəbirin başqalarından fərqi isə… labirint formasında olmasıdır. Hörmətli alim deyir ki, bu, Azərbaycanda ilk dəfə rast gəlinir. Yəni, ilk dəfədir labirint formalı qəbir tapılıbdır.
Fövqəladə hadisədir. Mən də bir qazıntı aşiqi olaraq təsdiq edirəm ki, doğrudan da bizim torpaqlarda labirint qəbirə ilk dəfə məhz Naxçıvanda rast gəlinibdir. Küpədə basdırılanımız, qazana basılıb qaynadılanımız, it sürütməsi edilən, neftdə yandırılan, qır gölündə batırılan, şaqqalanıb şəhər darvazasından asılan, fəxri xiyabanda fəxr edilən, ölüsü yerdə qalıb pərt edilən və sairə – ərazimizdə hər cür ölüyə rast gəlinibdir, lakin labirintdə basdırılan ölümüz nadir hadisədir. Bunun səbəbləri, tarixi şəraiti haqda düşünməyə məcburuq.
İlk növbədə, iki versiya üzərində iş getməlidir. Birinci versiya budur ki, gör həmin adam necə qəddar adam olubdur, basdıranda labirintə qoyublar, camaat bunun ölüsünü tapıb hesab soruşmasın deyə. İkinci versiya isə budur ki, gör camaat bu ölüdən necə qorxurmuş, labirintə qoyublar bir də geri qayıda bilməsin, yolu azıb dəxi gəbərsin.
Hətta üçüncü versiya da var: ola bilər labirinti ölünün özü düzəldibdir. Ta nə məqsədlə, biz bunu bilmirik. Bəlkə də məqsəd o olub ki, biz – əziz oxucularım və mən oturub labirintin nə səbəbdən qayırıldığını düşünək və fikirdən başımız çatlasın. Ay sən öləsən! Heç fikirləşmirik. Hətta özümüz üçün mahnı oxuyuruq: “Qoy mən yenə söhbət açım ilk baharımdan, Nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü, Gəl-gəl deyir, şən Azərbaycan!”. Bəh-bəh… Gör nə gözəl sözlərdir! Xüsusən şən Azərbaycan hissəsi.
Əlbəttə, biz çox da şənliyə uyub labirint-qəbiri tamamilə yaddan çıxarda bilmərik. Çünki Qəhrəman bəy qəbirdən küp tapılmasını, ərazidə 8 min ildir yaşayış olmasını və sairəni bizə göstərdi, lakin bircə detalı göstərmədi. O da ibarətdir bundan ki, qəbirdəki ölünün sümükləri yox idi! Belə çıxır, labirintə baxmayaraq o, ərazini tərk etmişdir.
Əgər bu yazını oxuyanda böyür-başınızda sümük şaqqıltısı eşitsəniz FHN-in qaynar xəttinə telefon açın. Görək başımıza nə gəlir…