Rusiyanın Krasnoyarsk şəhərində 25 mərtəbəli bina tamamilə yanıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binadakıları təxliyə ediblər. Amma tələfatı tam istisna etmək hələ tezdir. Çünki xilasedicilər dağıntılar altında axtarış aparırlar.
İlkin məlumata görə, yanğın 18-ci mərtəbədən başlayıb. Yanğının söndürülməsinə bir neçə saat sərf olunub. Alovun qarşısının alınması üçün havaya helikopter qaldırılıb.
Qeyd edək ki, yanan bina 2011-ci ildə inşa edilib. Binada 120 mənzil olub. İlkin ehtimala görə, yanğının qısa vaxt ərzində bütün binanı əhatə etməsinin səbəbi binanın tikintisində tez alışan materiallardan istifadə olunmasıdır. Krasnoyarskda bir neçə çoxmərtəbəli binanın tikintisində məhz həmin materialdan istifadə olunduğu bildirilir. Şəhərdə genişmiqyaslı yoxlamalar gözlənilir.
Yanğın nəticəsində azı 70 ailə evsiz qalıb. Sakinlərin bir hissəsi qohumlarının evinə köçüb, qalanları isə mehmanxanalar və sosial mərkəzlərdə yerləşdirilib.