Bu günlərdə Sulutəpədə, Xırdalan pivə zavodunun qarşısındakı piyada keçidi üçün nəzərdə tutulmuş zolağın və bu sətirlərin müəllifinin bir addımlığında yol qəzası baş verdi. Xoşbəxtlikdən, tələfat və xəsarət olmadı, eləcə iki avtomobil bərk əzildi.
Hadisədən beş saniyə əvvəl heç kəs güman etməzdi ki, qəza baş verəcək. Düzdür, qəzalar adətən belə baş verir, bir-iki saniyənin içində olur-bitir. Amma burada tam gözlənilməzlik oldu: yol bomboş idi, maşınlar bu yaşayış məntəqəsinin içi üçün nəzərdə tutulmuş sürət həddini 20-30 km/saat aşmaqla hərəkət edirdilər. Bizim sürücü sürət həddini keçmirdi. Qəza baş verən nöqtəyə yaxınlaşanda məlum oldu ki, piyada keçidinin zolaqlarının üstündə bir qadın var və o, əks tərəfə keçmək istəyir. Sürücümüz avtomobili əylədi. Qadın hərəkətə gəldi. Bizdən yanda hərəkət edən başqa avtomobil də zolağın önündə dayanmalı oldu və heç iki saniyə keçmədi ki, əvvəlcə asfaltı sürtən təkər ciyiltisi, sonra toqquşma tappıltısı və dəmir sürtünməsi səsi gəldi. Yana baxdıq və gördük ki, düz yanımızda dayanan maşının arxası, ona çırpılan avtomobilin isə qabaq nahiyəsi əzilib yaman günə qalıb. Biz tələsmədən çıxıb getdik, beş saniyə əvvəl tələsənlər isə maşından enib günahın kimdə olduğunu ayırd etməyə girişdilər.
Bizi aparan taksi sürücüsü yolda tələsməyin ziyanlı olduğu barədə qısa nitq irad edəndən sonra əlavə etdi: “Mənim altmış yaşım var, həmişə maşını belə sürmüşəm, bir dəfə də olsun qəzaya düşməmişəm”.
Əlbəttə, bunu ağsaqqal sürücü demədən də yüz minlərlə adam əzbərdən bilir. Ancaq bir həqiqəti bilməklə ona riayət etmək arasında çox fərq var. Nə yazıq ki, insanlar adi həqiqətləri anlamır, təhlükəsizlik və başı salamat saxlamaq qaydalarına riayət etmirlər. Bu anlayışsızlığın və riayətsizliyin statistikası qorxuncdur: ölkəmizdə ildə 1100-ə yaxın insan həyatını yol qəzalarında itirir, üç o qədər adam yaralanır, on o qədər insan əzizlərini itirərək faciə yaşayır.
Yol qəzalarının çox olduğu başqa ölkələrdə bəlkə də qəzanın törənməsində başqa səbəblər (avtomobili içkili idarə etmək, təhlükəli yollar, səriştəsizlik və s.) var, bizdə isə qəzalara əsas səbəb sürətdir. Tələskən, hövsələsiz adamlar heç cür sürət həddinə riayət etmirlər, etmək istəmirlər.
Yuxarıda nəql etdiyim əhvalatda qəzadan yayınmağın yolu 60 km/saat sürətilə hərəkət etməkdir. Belə olanda bu yolda piyadalara da, yola çıxmaq istəyən digər maşınlara da yol vermək asan olur və bu, istənilən sürücünün ən çoxu, bir dəqiqə vaxtını alır. Ancaq bu yolda yazılmamış bir qayda var: əksəriyyət avtomobilini saatda 90-100-lə sürür və yavaş hərəkət edənlərə acıqları tutur, işıq və səs siqnalı ilə onları yoldan sıxışdırmaq istəyir. Qəzaya düşən iki sürücü məhz onlardan idi – tələsənlərdən. Hazırda onların hər ikisi maşın ustalarının yanındadırlar.
Ancaq heç kəs düşünməsin ki, bu, o adamlara dərs olacaq. Xeyr, olmayacaq. Həmin şəxslər düzəlmiş avtomobillərinə oturan kimi yenə də sürətlə sürməyə başlayacaqlar. Bu ölkədə qəbul olunmuş idarəetmə üsulu budur – sürət və sürət.
Bu üzdəndir ki, ölkədə faciəvi qəza xəbərlərinin ardı-arası kəsilmir. Bu il yol qəzalarında ölənlərin sayı artıq 1000 nəfərə yaxınlaşmaqdadır. İlin sonuna qalan 100 gündə onların sayının keçənilki göstəriciyə çatmasa da, 1000-i aşacağı şübhə doğurmur.
Demək, kimlərsə bilə-bilə ölümünə tələsir və özləri ilə neçə-neçə günahsız sərnişin aparırlar.
Tərs kimi, bu qırğının qarşısını almaq mümkün deyil. Biz böyük ölçüdə avtomobil idarə etməyi bacarmayan camaatıq. Hələ qəzaların mühüm bir hissəsinin qarşısını yollardakı sıxlıq, tıxaclar alır. Məsələn, Biləcəri enişindən Xırdalana qədər olan magistral azacıq seyrək olan kimi orada ən azı gündə üç yol qəzası baş verir.
Xaricdə yaşayan dostlar bildirirlər ki, bir sıra Avropa ölkələrində sürücülük vəsiqəsi almaq universitet diplomu almaqdan çətindir. Hər adama, hər sürücüyə vəsiqə vermirlər. Bu, yalnız 15-20 cəhddən sonra, sürücülüyün incəliklərini mükəmməl öyrəndikdə baş verir. Ona görə də həmin ölkələrdə il ərzində yol qəzasında ölənlərin sayı 40-a çatmır (bizim bir ayda ölənlərin sayı qədər).