Şanlı hökumətimizin insan azadlıqlarını, insan hüquqlarını tam boğandan sonra öz qayda-qanunlarını hər bir sahəyə itələyəcəyi labüd idi. Bu mənada, son dövrlərin ehsan, yas qanunları, toy adətləri və sairə vurnuxmalarını anlayışla qarşılayırıq. Demək istəyirlər ki, siz nə qanırsınız evlənməyi, yaşamağı, ölməyi, biz sizin üçün hamısını cızıqla müəyyən edəcəyik, həmin cızıqdan qırağa çıxmaq istəyənlər isə vətən xaini və ermənidən-zaddan elan olunacaqdır.
İştah diş altındadır, xalqı ki yerə yıxıb anasını ağladırsan, ondan sonra hər cür eksperimentlərə meydan açılır. Hələ bunlar yaxşıdır, Mao müəllim çinlilərə sərçə ovladırdı, deyirmiş sərçələri qırıb qurtarsaq kommunizm yaranacaqdır. Bəlkə bizdə də bir “Antibildirçin” kampaniyasına ehtiyac vardır. Toyda bildirçin verənləri tutub dama salmaqla ümumxalq nifrətini körükləmək, sonra bu nifrətin alovunda qazanxana açıb bütün Əhmədlini istiliklə təmin etmək mümkündür.
Yas yerlərində artıq deyilənə görə israfçılıq yoxdur, camaat ancaq xurma yeyib limonla çay içir, durur gedir. Mollalar üçün uniformalar hazırlanıb, müəllimələr də ağ köynək və mavi qalstuk bağlayırlar. Respublika səviyyəsində xalqın biliklərini artırmaq üçün prezident yanında Bilik Fondu da yaradılmışdır. Bunun vəzifəsi isə xalqı bilikləndirməkdir, hökumətin gördüyü işləri qara, bisavad camaata başa salmaq üçündür.
Ey gidi dünya, cəmi 20-25 il bəs elədi ki, biz təzədən sovet hökumətinə qayıtdıq. Bax, elə bu Bilik Fondunun gördüyü-görəcəyi işlərə baxanda mənim yadıma sovetin “Bilik” cəmiyyəti, orda aparılan yaxşı yeyintilər düşür. Büdcədən pul gəlirdi, qardaşlar da yeyirdilər, ildə bir-iki broşür buraxırdılar, kapitalizmi-zadı guya biabır edirdilər. Axırda biliksizlərin bu cəmiyyəti də SSRİ kimi rədd olub getdi.
Amma belə çıxır getməyibmiş, hardasa tində-bucaqda, pusquda dayanıb fürsət gözləyirmiş. Hələ bir “Təşviqatçı” jurnalı da var idi, yanılmıramsa Azərbaycan KP MK-nın orqanı idi. Arxa səhifəsində əlində raket tutub dünyanı dağıtmaq istəyən Sem dayının karikaturaları olardı. O jurnalı da bərpa edib Əli Əhmədovun redaktorluğu ilə buraxsalar çox yerinə düşərdi.
Bilik Fondunun ilk aksiyası o qədər gülməli idi ki, bir neçə cümlə yazmağa ehtiyac var. Bunlar işlərinə Azərbaycan məktəblərini… qardaş eləməkdən başlayıblar. Layihənin adı da elə bu cürdür: “Qardaşlaşmış məktəblər”. Guya layihə çərçivəsində, misal üçün, Ağstafa məktəblisi Lənkərandakı hansısa məktəbə aparılır, onlar da bunların məktəbinə gəlir, olurlar qardaş. Düşük, mənasız bir şeydir, yenə həmin sosialist ənənəsindən irəli gələn, sürü formalaşdırmağa yönəlik aksiyadır. Azərbaycan məktəbliləri onsuz qardaşdır, bunu xarici məktəblərlə eləsələr yenə mənalı görünərdi. O cümlədən, məlum deyil məktəbliləri ora-bura daşımağın xərci hansı büdcədən ödənilir, bunun təhsil və tərbiyə prosesinə xeyri nədir. Sanarsan turizm şirkəti açıblar. Məktəbdə normal dərs keçmək yerinə bir yerlərindən cürbəcür hoqqalar uydururlar.
Yeri gəlmişkən, sovet dövründə qardaş şəhərlər aksiyası var idi, heç bir ictimai-siyasi, sosial yükü olmayan hərəkət idi. Axırda o aksiyadan Bakıda “Dakar meydanı”, “Neapol dairəsi” tipli absurd məkanlar qalıb. İndi kim deyə bilər ki, Seneqalın paytaxtı Dakarın Əhmədli ilə hansı əlaqəsi vardır? Üstəlik, zənci görəndə “ul-lyu-lyu” eləyib vəhşi kimi ətrafında hoppanan bir toplumun guya Afrika zəncilərinin azadlıq hərəkatını dəstəkləməsi absurd bir şeydir, gedin özünüzə kələk gəlin.
Bu gülməli aksiyada bir qəribə tendensiya da tərəfimizdən müşahidə edilib. Keçmiş təhsil naziri Misir Mərdanov 2011-ci ildə Şimali Kipr məktəbləri ilə qardaşlaşmış məktəblər layihəsi eləmək istəyirdi. İndi 2014-cü ildə Azərbaycan məktəbləri səviyyəsinə düşüblər. Belə ehtimal etmək olar ki, yapizm 3-4 il də davam etsə, hər məktəbdə “qardaşlaşmış siniflər” proyektinə ehtiyac duyulacaq. Vəziyyət bu dərəcədə gərgindir. Uşaqlar bir-birinin gözünə sirkul soxurlar.