Müsavat çağdaş tarixində növbəti, mühüm bir mərhələ ərəfəsindədir. Bu gün partiya müstəqil Azərbaycanda özünün bərpasından keçən 22 ildə ilk dəfə olaraq demokratik başqan dəyişikliyinə gedəcək. Yeni lider İsa Qəmbər xarizması və sanbalına malik olmasa da, bu, hadisənin mahiyyətini kiçiltmir.
Başqan dəyişikliyi şəksiz ki, yetərincə ciddi və ictimai-siyasi əhəmiyyətli bir olay olacaq. Nədən ki, Müsavat firqə çərçivəsinə sığan anlayış deyil, Azərbaycan adı ilə assosiasiya edilən bir məfhumdur. Mübaliğəsiz demək olar ki, bu gün cəmiyyətin ölkə həyatına biganə olmayan kəsiminin, ictimai-siyasi qüvvələrin, dünyadakı, Avropa və Amerikadakı, Türkiyədəki mühacirlərin gözü Müsavat qurultayında olacaq.
Müsavat, onun taleyinə məsul olan yetkililər, qurultay nümayəndələri bu diqqət və marağa adekvat davranmağı bacarmalıdırlar. Buna inanırıq. Hər halda, Müsavat ölkə boyu total şəkildə saxtalaşdırılan seçkilər fonunda indiki hakimiyyətə, cəmiyyətə daim demokratik seçki örnəkləri, pozitiv nümunələr bəxş etməyi bacarmış, seçkilərə, demokratiyaya inamın darmadağın olmasına imkan verməmiş bir siyasi təşkilatdır. Ölkədə ilkin demokratik seçkiləri birinci dəfə Müsavat keçirib, müxalifət düşərgəsində reallaşan praymerz də onun adına bağlıdır.
İnanırıq ki, yeni başqan seçkiləri də demokratiklik sarıdan “korluq” çəkməyəcək. Bunu həmçinin, namizədlərin təbliğat kampaniyasının Nizamnamə və etik qaydalar gözlənilməklə normal keçməsinə nəzərən deyirik. Şəxsən mən prosesə bir qədər də demokratiklik vermək üçün təklif edərdim ki, daha zəif qələbə şansı olan iki namizəd son anda digər iki namizədin xeyrinə öz namizədliyini geri götürsün.
Ən ümdəsi odur ki, nəticəsindən asılı olmayaraq, yerdə qalan rəqiblər demokratik yolla seçilmiş təzə başqanın legitimliyini dərhal tanısınlar və onu təbrik etməyə özlərində güc tapsınlar. Əks halda, belə çıxacaq ki, seçkilərə hiylə qatılıb. Bu da Müsavatın adı və nüfuzuna xələl gətirəcək, ictimai rəydə onu dilə-dişə salaraq, siyasi rəqiblərə uzun müddət çeynəniləcək antitəbliğat saqqızı verəcək. İddiaçıların sayı 4-dür, başqanlıq postu isə – bir. Əgər namizədlərin hamısı partiyaya dəyərlərə görə deyil, vəzifəyə görə gəlibsə, onda çətin olacaq…
Azad, ədalətli, demokratik seçkilər şübhəsiz ki, hər bir cəmiyyəti daha güclü, daha dayanıqlı elədiyi kimi, siyasi partiyalar da vaxtlı-vaxtında reallaşan daxili azad seçkilər sayəsində yeni nəfəs almaqla güclənir, modernləşir, böyük seçkilər üçün təcrübə toplayır. Başlıcası, belə bir siyasi təşkilat iqtidar olanda da demokratik dəyərlərə önəm verir, təməl haqları tərk etmir, ölkədə avtoritarizm meyllərinin yaranmasını əngəlləyir.
Müsavat həqiqi mənada bu cür partiyadır. Ayrı cür ola bilməz. Unutmayaq ki, bu partiya təkcə cibində Müsavat bileti gəzdirənlərin yox, Azərbaycana istiqlaliyyət bəxş eləmiş bir partiyaya, böyük Rəsulzadəyə qarşı qəlbində sevgi daşıyan hər kəsindir. Müsavat ən azı son yüz illik dövrdə Azərbaycanın şərəfli bir tarixidir.
Diqqət edin, Müsavatın rəqib-düşmənləri bir qayda olaraq, Azərbaycana, onun müstəqilliyinə qənim kəsilənlər olub. Sovet rejimi Cümhuriyyət hökumətini həmişə Müsavat hökuməti adlandırıb, bu mövzuda çəkilmiş bir sıra Azərbaycan sovet filmlərində də (“Qatır Məmməd” və s.) eyni istilahdan istifadə olunub. O səbəbə ki, Cümhuriyyət devrilsə də, Müsavat xalqın qəlbindəki taxtını, saflığını qoruyub saxlaya bilib.
Müsavat başqanlığına keçirilən seçki kimin qalib gəlməsindən asılı olmayaraq ən əvvəl bu meyara, bu imicə və daşlaşmış statusa, nəhayət bu gözləntiyə cavab verməlidir. Yəni çağdaş Müsavat şəxsiyyətlərdən daha çox, dəyərlərin partiyası odluğuna bu gün daha bir möhür vurmalıdır – Müsavatın ən böyük əsəri olan müstəqil Azərbaycanda!