Uzun müddətdən sonra Müsavatın qurultayı oldu, bitdi, tarixə qovuşdu. Amma qurultayın söz-söhbət bitməyib.
Böyük partiyalara yaraşan durumdur. Yalnız avtoritar quruluşlu rejimlərdəki hakim partiyaların ali orqanının işi söz-sovsuz ötüşür. Bu, yalançı monolitlikdir.
Azadlıq, ədalət olan yerdə, əvvəlcədən müəyyənləşdirilmiş qaydaların çərçivəsində fəaliyyət göstərildiyi təqdirdə çalxalanmalar, ekstesslər qaçılmazdır.
Əslində qurultayın nəticələri gözlənilməz deyil. Arif Hacılının başqan seçilməsi təbiidir. Qubad İbadoğlu da başqan seçilsəydi, bu da gözlənilməz olmayacaqdı, təbii olacaqdı.
Çünki məhz bu şəxslər partiyanın son 15 ildə yetişdirib qabağa çıxardığı siyasi xadimlərdir. Hər ikisi şanslıydı. Hər ikisinin tərəfdarlar korpusu güclüydü. Sadəcə, onlardan biri öz tərəfdarlarını daha yaxşı səfərbər edə bildi, 28 səs artıq aldı.
Qurultaydakı seçkinin gedişinin və səsvermənin nəticələrinin şübhə altına alınmasından söhbət gedə bilməz, amma bəzi xırım-xırda qüsurlar da olmamış deyil.
Mənə görə, partiyanın 8-ci qurultayının ən böyük qüsuru fraksiyaçılığın, qrupbazlığın yüksək nöqtəyə çatmasıydı.
Hamı müsavatçıdırsa, bir partiyanın üzvüdürsə, hamı eyni amala xidmət edirsə, hamı eyni məfkurəyə sahibdirsə, o zaman “bizim qrupdan daha çox adam məclis üzvü olsun”, “MNTK-nı götürməliyik” kimi planlar qurmağa, haray-həşirlə təbliğat-təşviqat aparmağa, hövllənməyə ehtiyac yox idi.
Qruplardan biri səksən sərbəst məclis üzvü yerinin səksənini də “götürmək” istəyirsə və bu istiqamətdə əvvəlcədən nömrəli siyahılar hazırlayırsa, bu, normal deyil.
Deyilə bilər ki, bu, siyasətin içində var, xaricdə də bir fraksiya digərinə qalib gəlmək üçün çalışır-çabalayır.
Birincisi, onlar artıq demokratik düzənə malikdirlər. Onlarda bu gün partiyada rəhbərliyi ələ keçirən şəxslər sabah deputat və nazir olurlar. Bizdə isə tamam fərqlidir.
Bizdə hələ müxalifət partiyaları ölkədə demokratiyanı bərqərar etmək uğrunda mücadilə verir, döyüşürlər. Döyüşə isə güclü olub, toparlanıb getmək lazımdır. Qrupbazlıq edəndə gücün ən azı iki dəfə azalır.
Bir şeyi düşünək. Tutaq ki, bülletenlərdə sıra nömrəsi kağız parçalarına yazılaraq qurultay nümayəndələrinə paylanan şəxslərin hamısı daha çox səs alıb məclis üzvü oldular, nə olacaqdı? O biri fraksiyadan olan hər kəs, o cümlədən ölkə ictimaiyyətinin tanıdığı, sevdiyi, dəyərli ziyalı hesab etdiyi şəxslər kənarda qalacaqdı.
Beləcə, partiyanın vitrininin görüntüsü gözəgəlimli, xoşagələn olmayacaqdı. Bundan sonra necə, hansı yolla ictimaiyyətin sevimlisi olmaq olar?
Yaxud, dünən partiyanın başqanı olmaq üçün 200 səs alan şəxs tribunada çıxış edir, öz mülahizələrini irəli sürür və onun sözünü kəsir, səsini batırmağa çalışırlar. Budurmu ədalət və demokratiya?
Bu, bolşevizmdir. Özünə demokrat deyən kişi səbrli, təmkinli olacaq. Sona qədər. Sonra sözü varsa, deyəcək, arqumenti varsa, səsləndirəcək.
Yoxsa “bizi tənqid edən susmalıdır”, “bizə rəqib olan sıramızdan getməlidir”, “partiyaya yalnız biz rəhbərlik etməliyik” zehniyyəti ilə böyük partiya qurmaq da olmaz, qoruyub saxlamaq da.
Azərbaycan siyasətində belə edənlər əvvəllər də olub. Öz qrupunu hər vəchlə bir partiyada hakimiyyətə gətirmək istəyən qüvvə axırda bunu bacardı, amma bütün qrupları, fraksiyaları, azad adamları kənarlaşdırmaq hesabına etdi. Nəticədə böyük partiya 5 tirəyə ayrıldı. Qrup lideri isə “partiya sədri” oldu.
Belə görünür ki, Müsavatda bəzi şəxslər o ibrətamiz aqibətdən dərs götürməyiblər.
Müsavatın tavanı genişdir, onun altına çox adam yığışa bilər. Amma qrup ehtirası ağıl-kamala üstün gələcəksə, partiyanın parlaq simaları mənasız sıxışdırılmalara məruz qalacaqsa, bu, iş yürüməyəcək.
Qurultaydan sonrakı günlərdə elə bir təmayül sezdim. Bu narahatlığımı yazdım ki, bəziləri tendensiyanın yanlış istiqamətdə getdiyini bilsinlər. Məndən söyləməsi…