Müsavatın qurultayı barədə xüsusi təəssüratlarımı ona görə fərqli səpkidə yazıram ki, bu hadisənin “siyasi arenada önəmli yenilik”, “ibrətlik örnək”, “parlaq nümunə” deyə öyənlər, eləcə də “Müsavat dağılır”, “İsa Qəmbərin siyasi ömrünün sonu”, “Daha bir müxalifət partiyası süqut edir” deyə arzularını dilə gətirənlər çox olacaq. Mən Müsavatın qurultayında başqa nüanslara diqqət etdim.
Tanıyanı tanımayanlar
Qurultaya gələndə, yekə çıxmasın, şəxsimə yönəlik “ooo, bəy, xoş gördük” nidasıyla müşayiət olunan salamlaşmalar, görüşmələr, rəğbət nümayişləri məni yazar kimi şöhrətim, hörmətim barədə yüksək düşüncələrə vadar etməkdəykən əqidəli demokrat Hikmət Hacızadəylə rastlaşdıq. Salam-kalamdan dərhal sonra yanımızdakı dost zarafatla məni Hikmət bəyə təqdim etmək istədi. Böyük demokrat dedi, mən bu jurnalisti tanıyıram, “Azadlıq” radiosundan Xaləddin… Düzü, Hikmət bəyin məni “Azadlıq” qəzetindən Sucəddin hesab etməsinə də razıydım, amma “Azadlıq” radiosunda işləyən Xaləddini tanımadığım üçün özümü təqdim etdim, iş yerimi dedim və bəy iki saatdan sonra edəcəyi çıxışının mətnini mənə hədiyyə etdi.
Ondan aralanandan bir neçə saniyə sonra daha bir “ooo, bəy, xoş gördük” ehtiramı ilə rastlaşdım. İndi də bu şəxs mənə çox tanış gəlirdi, hiss edirdim ki, əvvəllər görüşüb, danışmışıq, di gəl, adı yadıma düşmürdü. Məcbur olub o özünü təqdim etdi, məlum oldu ki, eloğluyuq, üstəlik, bibimoğlunun yaxın dostudur və biz əvvəllər bir neçə dəfə söhbət etmişik. Daha sonra məlum oldu ki, bir-birini 20 ildən bəri üzdən tanıyan adamlar birinin adını xatırlamaqda çətinlik çəkirlər.
Bax, belə bir əhvalat. Səni tanımayanı tanıyırsan, tanıyanı isə tanımırsan. Sevməyəni sevirsən, sevdiyin də səni sevmir məsələsində olduğu kimi… Amma bu məsələnin romantika ilə ilgisi yoxdur, müxalifətdə, mitinqlərdə, aclıq aksiyalarında qocalıb getmişik, huş-baş qalmayıb.
Müdhiş “saxtakarlıqlar”, “pozuntular”
Səsvermənin gedişində yandan eşitdim ki, jurnalistlər oturan sektorda “dəhşətli saxtakarlıqlar, pozuntular” barədə pıçıldaşma gedir. Maraqlandım. Soruşdum. Dedilər, ta bunların iqtidardan fərqi nə oldu, seçkinin saxtalaşdırırlar. Dedim, nə olub axı, “karusel” əməliyyatı həyata keçirilir, yoxsa müəllimələr seçki qutusuna topa-topa bülleten atırlar, bəlkə seçki komissiyasının üzvü barədə protokol tərtib edib, özünü də zorla maşına basıb bölməyə aparıblar, nə baş verib. Aydın oldu ki, bunların heç biri deyil, daha müdhiş pozuntudur. Bəs səsvermənin gizliliyi pozulub, nümayəndələr səsvermə kabinəsində yox, salonda, dəhlizdə dizlərinin üstündə seçim edirlər. Pah!!! Belə şey olarmı? Müsavata yaraşarmı? Hətta sabiq deputat İltizam Əkbərlini, türkün sözü, suçüstü yaxalamışdılar. O da bu ölkənin ən abırlı 10 adamından biri olduğu üçün qalmışdı belə.
Baxırsan ki, gəncdirlər, hələ bilmirlər ki, gizli səs vermək insanların vəzifəsi deyil, hüququdur, kim necə istəyər, elə də edə bilər. Üstəlik, 450 iştirakçının 5-6 kabinədə növbəylə səsverməsi üçün düz diricə bir sutka vaxt lazımdır. Çünki bülletenlərdə 150-dən çox seçilmək istəyənin adı var. Onların arasında seçim etmək üçün ən azı siyahını aşağı-yuxarı üç dəfə oxumaq, sonra bircə-bircə işarələmək lazımdır, bu da ən azı yarım saat vaxt aparır. 21 il müxalifətdə hövsələ ilə durduqlarına baxmayın, bizim camaat 15-20 saat növbə gözləyə bilməz. O üzdən bülletenlərini dizlərinin üstünə alan, hətta divara söykəyənlər vardı. Əlbəttə, bu, müxalifətçi komissiya üzvlərinin seçki günü həbs edilib bölmədə sırayla divara söykədilməsi ilə müqayisədə… (cümlənin ardını zövqə görə tamamlayın: “boş şeydir”, “daha ağır pozuntudru”).
İşgəncə faktları
Bu cür irreal pozuntulardansa, real işgəncə faktlarından danışmaq olar. Bəzi çıxışçılar Müsavatın keçmiş başqanı İsa Qəmbərə işgəncə verirdilər – onu təkrar-təkrar tərifləyirdilər. Düzdür, tərifdən hamının xoşu gəlir. Amma tərif yerində olanda və əndazəsini aşmayanda. İsa Qəmbərin isə təkrarlanan təriflərə reaksiyası psixoloji işgəncəyə artıq tablaşa bilmədiyini göstərirdi.
Arada baş redaktorumuz Rauf Arifoğlu da işgəncəyə məruz qaldı. Bir də gördüm, deyir: “Yaşar, qardaş, bayaqdan yeddi dəfə yaxınlaşmısan ki, bəy, sənə sözüm var, di de görək, nə deyirsən”.
Yaşar da nəsə dedi, amma fikrini tamamlamadı, sonra, səkkizinci dəfə yaxınlaşmaq üçün aralanıb getdi…