Müsavat Partiyasının 4 il gözlənilən qurultayı haqda bundan sonra da çox danışılacaq. Təkcə ona görə yox ki, aparıcı müxalifət partiyasının ali toplantısı uzun illərdən sonra baş tutub, yaxud müxalifətin parlaq siması olan keçmiş başqan postunu xələfinə təhvil verib. Bu müzakirələri aktual edən həm də odur ki, Müsavat partiyadakı seçki keçirməklə növbəti dəfə bir ilkə imza atıb, kimin nə deməsindən asılı olmayaraq.
Ölkədə ayrı bir ilkə də ehtiyac var, iqtidarlı-müxalifətli bütün qüvvələrin siyasi mədəniyyət nümunəsini nümayiş etdirib bir-birinin seçimlərinə, qurultaylarına “mübarəkdir” deməsinə. Ən azı Türkiyə nümunəsinin tətbiqi lazım. Təqribən xeyir-şər məsələsinə çevrilməlidir partiyalar arasında bu məsələlərə münasibət. Ancaq biriləri var ki, bəzən xeyir-şəri də unudur, ölüm-itimi də. Məsələn, eks-spiker Rəsul Quliyevin Müsavat qurultaylına reaksiyası buna sübutdur. Az qala 20 ildir Amerikada oturub millətə yol göstərməyə çalışan Rəsul bəy bu dəfə də ənənəvi mövqedən çıxış edib, öz aləmində Müsavatı aşağılayıb.
Onun yanaşmasına baxın: “Məlum oldu ki, Müsavat Partiyasının pulu olmadığına görə ancaq 12 saatlıq qurultay keçirə bilər. Əlavə bir gün qurultaylarını uzatmaq üçün 2640 manat pul tapa bilməyən partiya hansı prezident seçkisində iştirak edəcəyindən dəm vurur? İldə 2 milyard manatdan çox əmək haqqı alan 5 milyon azərbaycanlıdan 2640 manat ianə verməyə bir 50 nəfəri tapa bilməyən partiyanın özünü ana və ya bala müxalifət adlandırmağa haqqı varmı?” Arqumentlərin gücünü gördünüzmü? Ana müxalifətçiliyin əsas şərti pullu olmaq imiş…
Rəhmətlik Elçibəy deyəsən, belə demişdi: “Burdan uçub Amerikaya düşməklə demokrat olmaq mümkün deyil”. Üstündən xeyli vaxt keçib və görünən budur ki, Rəsul bəy hələ də demokrat ola bilməyib. Belə yanaşma tərzinə demokrat demək olarmı? Bir partiyanın gücü onun pulunda idisə, məntiqlə R.Quliyevin ADP, ya ACP-si gərək iqtidarda olaydı. Pul çox şey demək olsa da, heç də hər şey demək deyil, bunu illərin acı təcrübəsi göstərib. Digər tərəfdən, Müsavat daim etiraf edib ki, fədakar üzvlərinin cüzi ianəsinə arxalanır. Ancaq pulsuzluğa görə qətiyyən utanc hissi keçirtmir, fəxr edir ki, Azərbaycanın şərəfli keçmişində böyük rol atıb, bayraq ucaldıb, müstəqillk qazanıb.
Anlaşılandır, müstəqilliyə münasibətdə bitərəf olanlar belə şeylərin dəyərini verə bilməz. Ancaq absurdun da bir həddi-hüdudu olmalıdır. Soruşmaq lazımdır ki, Rəsul bəy, bəs siz özünüz bu illərdə Azərbaycan demokratiyası, müxalifəti, ümumiyyətlə, Azərbaycan məmləkəti üçün nə etmisiniz? Bəlkə Amerikada, ya Avropada təhsil alan gənclərimizə nə vaxtsa maliyyə yarıdımı edib, onların öz potensialını Azərbaycan üçün sərf eləməsinə yatırım qoyubsunuz?
Müsavata pulsuzluğuna görə rişxənd edən Rəsul müəllim bəlkə Azərbaycanın diaspor təşkilatlarına 50 dollar yardım edib, deyib axı siz Azərbaycan adına mübarizə aparırsınız. Olmaya eks-spiker Azərbaycan ərazilərini işğalda saxlayan ermənilərlə mübarizəyə hansısa töhfə verib, yazdığı Qarabağ romanından əlavə? Bəlkə bir Qarabağ konfransı təşkil edib? Rəsul Quliyevin demokratiyaya töhfəsini də 2005-ci il seçkilərində gördük, “gəlirəm” deyib müxalifətin olan-qalan şanslarını da zərbə altına qoymadımı?
Siyavuş Novruzov və Zahid Oruc da Müsavat qurultayı haqqında tənqidi fikirlər deyib. anlaşılandır. Daha normal olardı ki, iqtidar təmsilçiləri də yeni bir ənənənin əsasını qoyaraq bir partiyanın ali məclisinə yönəlik xoş sözlər desin. Təqribən toy eləyənə “toyun mübarək olsun” deyilən kimi. Ancaq deməyiblərsə, hakimiyyətin xəttinə uyğun davranıblarsa da, təəccüblü bir şey yoxdur. Lakin özünü müxalifət adlandıran birinin okeanın o tayından Müsavatın qurultayını “əcaib” adlandırmasının özü əcaib səslənir.
Zamanında öz komandasından üz çevirən, illərdir Azərbaycan reallıqlarından bixəbər qalan eks-spiker ola bilsin ki, Vətən üçün qəribsəyib, qayıtmaq üçün Müsavatı hədəf seçib. Anlaşılandır, ancaq bu yolu burda illərdir cəfa çəkənlərin yerli-yersiz vurulması hesabına açılması da doğru hal deyil. Ən azı İsa Qəmbərin 2005-ci il seçki çıxışında Rəsul Quliyevlə bağlı dediyi müsbət fikirləri unutmamaq lazım idi. Əfsus, “demokratiyanın beşiyi”ndə illərcə sürən mühacirlik həyatı da düşüncələrdə dəyişikliyə gətirib çıxarmadı…