Monika Belluççi 30 sentyabr 1964-cü il İtaliyanın Çitta-De-Kastello şəhərində anadan olub. O, uşaq yaşlarından vəkil olmağı arzulasa da, bu arzunun reallaşması üçün o, “Perudci” universitetinə qəbul olmalı idi. Universitetin xərclərini ödəmək üçün o, 16 yaşında “Liceo Classico” model agentliyi ilə müqavilə bağlayır. Lakin qlamur həyat tərzi Monikanın ürəyincə olur və o, uşaqlıq arzusundan əl çəkir.
Az vaxtda ingilis, fransız dillərini öyrənir və modellik sənətində peşəkarlaşmaq üçün çalışmağa başlayır. 1988-ci ildə Milana gələn Monika burada “Elite Model Management” model agentliyi ilə müqavilə bağlayır. Bir il sonra o, Nyu York və Parisdə model kimi tanınır, “Dolce Gabbana” nümayişində podiuma çıxır.
1990-cı ildə Monika uğurlu model biznesi ilə kifayətlənmək istəməyərək, özünü aktrisa kimi də sınamağa qərar verir. “Oğullarla keçən həyat” (Vita coi figli) və “Canilər” (Briganti) filmlərindəki epizodik rollarda o heç nə ilə yadda qalmır. 1992-ci ildə isə Frensis Ford Koppala aktrisaya ilk ciddi film təklifi etdi və bu aktrisanın böyük kinoda ilk ciddi imtahanı oldu. “Drakula” (Dracula) filmindən sonra aktrisaya Avropa və ABŞ-dan təkliflər gəlir, lakin 1992-1995-ci illər arası çəkildiyi filmləri uğurlu adlandırmaq olmaz.
“Drakula” filmində
1996-cı ildə aktrisa “Mənzil” (L’Appartement) filmi ilə yenidən diqqət mərkəzində olur. Filmdəki roluna görə Belluççi “Sezar” mükafatı qazanır. Bu film Monikanın şəxsi həyatında da dəyişiklik edir, o çəkilişlər zamanı Vensan Kassel ilə tanış olur. Ekran əsərindən dərhal sonra aktrisa “Doberman” (Dobermann) filmində rol alır. 1997-ci ildə 3, 1998-ci ildə 4 filmə çəkilən aktrisaya çoxlu sayda film təklifləri gəlir. Eyni zamanda modellik biznesində də uğurlar qazanan Monikanı öz filmində görmək istəyən prodüserlər yaxşı qonorar təklif etməli idilər.
Monika Belluççi və Vensan Kassel
2000-ci ildə isə çəkildiyi “Malena” (Malena) filmi aktrisanı bütün dünyada məşhurlaşdırır. Yaratdığı obrazla o, milyonlarla tamaşaçının və kino tənqidçilərinin qəlbini fəth edir.
“Malena” filmində
Bir il sonra aktrisa həyat yoldaşı Vensan Kassellə bərabər “Canavar qardaşlığı” (Le pacte des loups) filminə çəkilir.
“Canavar qardaşlığı” filmində
Monikanın növbəti rolu 2002-ci ilin ən böyük büdcəli filmi olan “Asteriks və Obeliks Kleopatraya qarşı” (Asterix & Obelix: Mission Cleopatre) və Vensanla “Dönməzlik” (Irreversible) filmlərində çəkilir. Sonuncu film indiyədək kino tarixinin ən “cəsarətli” filmlərindən sayılır. Aktrisa bu filmə özünün də baxa bilmədiyini etiraf edib.
“Dönməzlik” filmində
Aktrisanın növbəti filmləri “Məni unutma” (Ricordati di me), “Günəşin göz yaşları” (Tears of the sun), Vaçovski qardaşlarının “Matriks” (Matrix) filmləri trilogiyasının 2-ci və 3-cü hissələri olur. 2004-cü ildə Monika Mel Gibsonun “İsanın son ehtirası” (The passion of the Christ) filminə çəkilir və elə həmin il onun Deva adlı qız övladı dünyaya gəlir.
Növbəti illərdə çəkildiyi “Gizli agentlər” (Agents secrets), “O mənə nifrət edir” (She hates me), “Qrim qardaşları” (The brothers Grimm), “Şaytan” (Sheitan), “Daş qardaşlığı” (le concile de piere), “N- Mən və Napoleon” (N, le o Napoleone), 2007-ci ildə isə “Onları güllələ”(Shoot’em up), “İkinci nəfəs”( Le deuxième souffle), sonrakı illərdə “Vəhşi qan” (Sanguepazzo), “Bavariya” (Baaria), “Pi Linin şəxsi həyatı” (The private lives of Pippa Lee), “Arxaya baxma” (Ne te reotourne pas), “Sehrbazın şagirdi” (The sorcerer’s apprentice) filmləri Monikanın uğurlu işləri arasındadır.
2010-cu ildə Monika və Vensanın daha bir qızları dünyaya gəlir. Cütlük ona Leoni adını verir. Lakin cütlük 2013-cü ildə boşanmağı qərara alırlar.
Monika Belluççi dəfələrlə müxtəlif jurnalların keçirdiyi sorğulara əsasən, dünyanın ən gözəl qadını seçilib. Onun modellik biznesinə Nyu Yorkun “Elle+” şirkəti nəzarət edir. “Oriflame”, “Dolce&Gabbana”, “Dior” kimi markaların simasıdır.
Stefano Gabbana, Monika Belluççi və Domeniko Dolce
“Dolce&Gabbana” reklam kampaniyası